“Növbədənkənar parlament seçkiləri Netanyahunun marağındadır” Dünya

“Növbədənkənar parlament seçkiləri Netanyahunun marağındadır”

“Yayılan məlumatlara görə İsrailin hakim koalisiyası parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun layihəsi hakim partiyanın üzvü tərəfindən təqdim olunub və koalisiya fraksiyaları tərəfindən dəstəklənib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

Deputat hesab edir ki, növbədənkənar parlament seçkiləri bir tərəfdən İsrailin baş naziri Netanyahunun da marağında ola bilər: “O, yeni seçkilərin keçirilməsi ilə hakim Likud partiyasının yenidən gücləndirilməsi və koalisiyadan çox asılı olmaması planını güdə bilər. Çünki bu təklifi məhz Netanyahunun partiyasından olan şəxs təqdim edib. Netanyahu koalisiya hökumətinin rəhbəri olduğuna görə həmişə koalisiya üzvləri tərəfindən ona güclü təzyiqlər olur. Netanyahu təkbaşına qərar qəbul etməkdə çətinlik çəkir. Xüsusilə də Livan, Suriya, Fələstin, İrana hücum məsələlərində təzyiqləri həmişə öz üzərində hiss edir. Bir tərəfdən bu labank addım ola bilər ki, bəlkə yeni seçkilərlə Likud partiyasının mövqeləri bir az daha güclənsin, parlamentdə Likud partiyasının üzvlərinin sayı artsın və koalisiya bir az zəifləsin. Yəni bir tərəfdən bu ola bilər”.

T.Gəncəliyevin fikrincə, ikinci tərəfdən Netanyahuya qarşı hazırda İsraildə cinayət işi məsələsi var, onun korrupsiya və digər oxşar cinayətlərdə ittiham edilməsi məsələsi hələ də gündəmdədir: “Bu iş bağlanmayıb. Bir tərəfdən də bu cinayət işi məsələsini müəyyən mənada təxirə salmaq baxımından ictimaiyyətin diqqətini bir növ parlament seçkilərinin keçirilməsinə yönəltməklə həm İran ətrafında yaranmış vəziyyətdə müəyyən mənada fasilə etmək və öz resurslarını ABŞ ilə, xüsusilə əsas müttəfiq olan Tramp və Respublikaçılarla birlikdə yenidən nəzərdən keçirmək məqsədi güdə bilər, həm də Netanyahunun hazırda düşdüyü çətin geosiyasi vəziyyətlə bağlı da müəyyən mənada taymaut götürülməsi kimi nəzərdən keçirilə bilər. Çünki hazırda İsraildə parlamentdə müxalifət güclü şəkildə təzyiqlər göstərir”.

O bildirib ki, həm cinayət məsələsi, həm başlanılmış müharibənin hədəflərinə çatmaması, İsrailin Livanda, xüsusilə Fələstində, Qəzzada istəyinə tam nail olmaması İsraildəki müxalifətin Netanyahunun Likud partiyasına güclü təzyiqlərini artırıb: “Ona görə də bu, bir növ son çırpıntı, mümkün olan fürsətlərdən ən sonuncusu olaraq bəlkə də yeni parlament seçkiləri keçirmək və o seçkilərin kampaniyası ərzində ola bilər ki, İrana qarşı hərbi kampaniya yenidən başlaya bilər. Si Cinpinin bu gün Pekində Trampla keçirilən görüşü kontekstində də ola bilsin ki, sonradan İrana hücum məsələsi bərpa oluna bilər. Çünki əgər Çin və ABŞ Hörmüz boğazı ətrafında razılığa gələ bilməsələr onda İrana qarşı kampaniya yenidən başlana bilər. Ona görə bu məsələlərlə bağlı fasilə götürmək, müəyyən mənada ictimaiyyətin diqqətini məhz parlament seçkilərinə cəlb etmək kimi Netanyahunun bir planı ola bilər. Amma istənilən halda Netanyahunun da İsraildə, Likud partiyasında reytinqi çox aşağı qiymətləndirilir və cinayət işi məsələsi də bir Damokl qılıncı kimi həmişə Netanyahunun başının üzərində asılı vəziyyətdə qalmaqdadır”.

Röya İsrafilova