11:42
672
Şimali Koreya çərşənbə axşamı Sarı dəniz istiqamətində bir neçə qısamənzilli ballistik raket (CRBM) və reaktiv mərmilər buraxıb.
Xalqcebhesi.az "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi komandanlığı Çin Xalq Respublikasının sədri Si Cinpinin KXDR-ə mümkün səfəri ilə bağlı xəbərlərin fonunda məlumat yayıb.
Cənubi Koreyanın Qərargah Rəislərinin Birgə Komitəsi bəyan edib ki, buraxılış yerli vaxtla təxminən saat 13:00-da (Bakı vaxtı ilə 08:00) Şimali Pxenyan əyalətinin Concu rayonundan qeydə alınıb. Təfərrüatlar hələlik açıqlanmır.
Hərbçilərin məlumatına görə, raketlər təxminən 80 kilometr uçaraq dənizə düşüb. Hazırda Cənubi Koreya ABŞ ilə birlikdə buraxılışın xüsusiyyətlərini təhlil edir.
Həmçinin bildirilir ki, Şimali Koreya qısamənzilli raketlər, reaktiv mərmilər və ehtimal ki, "kamikadze dronları" da daxil olmaqla müxtəlif növ silahlardan istifadə edib.
Cənubi Koreya hərbçiləri müşahidənin gücləndirildiyini, tam döyüş hazırlığının qorunduğunu, ABŞ və Yaponiya ilə sıx koordinasiyanın təmin edildiyini bəyan ediblər.
Bu, Şimali Koreyanın cari ildə artıq səkkizinci ballistik raket buraxılışıdır.
Məryəm Quliyeva