Aİ "Sumud" hadisəsinə görə İsrailə qarşı sanksiyalar hazırlamaq istəyir Dünya

Aİ "Sumud" hadisəsinə görə İsrailə qarşı sanksiyalar hazırlamaq istəyir

Avropa Şurası, İsrail Baş naziri Benyamin Netanyahunun hakim koalisiyasının "Sumud" beynəlxalq donanması (flotiliyası) aksiyasının iştirakçılarının hüquqlarının pozulmasında əli ola biləcək üzvlərinə qarşı sanksiyalar üzərində işə başlamağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euractiv" portalı 18-19 iyun sammitinin sənəd layihəsinə istinadən məlumat yayıb.

"Qlobal Sumud Donanması" aksiyası aprel ayında başlayıb. İştirakçılar məqsədlərinin İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını yarmaq və daimi dəniz humanitar koridoru yaratmaq olduğunu bəyan ediblər. Mayın 18-də İsrailin "Ynet" portalı xəbər verib ki, İsrail sahillərindən yüzlərlə kilometr uzaqlıqda, beynəlxalq sularda İsrail Müdafiə Ordusu donanmanın gəmilərini saxlamağa başlayıb.

Sənəd layihəsinə əsasən, Aİ "beynəlxalq sularda "Sumud" beynəlxalq donanmasının ələ keçirilməsi zamanı saxlanılan şəxslərə qarşı qeyri-münasib rəftarı pisləyir". Mətndə qeyd olunur ki, Aİ ölkələrinin xarici işlər nazirləri "bu növ insan hüquqları pozuntularına təhrik edən və onların törədilməsinə şərait yaradan" nazirlərə qarşı məhdudiyyətlər üzərində iş aparmalıdırlar. Söhbət xüsusilə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gedir.

Portalın qeyd etdiyinə görə, sanksiyaların qəbul edilməsi üzv ölkələr arasında yekdillik tələb edəcək. Bolqarıstan və Çexiya buna qarşı çıxır. Sammitin bəyanat mətri yenidən nəzərdən keçirilə bilər, hər hansı bir sanksiya paketinin qəbulu isə Aİ-yə üzv olan bütün ölkələrin hökumətlərinin razılığını tələb edəcək.

Məryəm Quliyeva