“Qərb Ermənistanda baş verənlərə niyə susur?” Dünya

“Qərb Ermənistanda baş verənlərə niyə susur?”

“Qərb institutlarının Ermənistanda seçki saxtakarlığı, kütləvi həbslər, söz azadlığı və digər məsələlərə münasibətdə susqun qalması ilk dəfə baş vermir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətindən əvvəlki dövrlərdə də Ermənistanda mövcud vəziyyətə görə Avropa institutlarının sərt reaksiyası müşahidə olunmayıb:
“Bunun əsas səbəblərindən biri Qərb institutlarında erməni diasporu və erməni lobbisinin güclü təsir imkanlarına malik olması, digər səbəb isə həmin dövrdə Qərbin Cənubi Qafqaz siyasətinin indiki qədər aktiv olmaması idi. Rusiya regionda dominant rol oynayırdı və Qərb hələ həmin dominantlığı Moskvanın əlindən almaq niyyətində deyildi. Lakin Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi. Rusiyanın təsir imkanlarının zəifləməsi fonunda Qərb Cənubi Qafqazda, o cümlədən Ermənistanda öz maraqlarını təmin etmək üçün daha fəal siyasət yürütməyə başladı”.

Onun sözlərinə görə, bu səbəbdən Paşinyan hakimiyyətinin son seçkilər dövründə atdığı addımlar, kütləvi həbslər və digər məsələlər Qərb tərəfindən tənqid olunmur:
“Bu gün Ermənistanda Paşinyan hakimiyyətinin zəifləməsi və ya devrilməsi Rusiyanın əvvəlki təsir imkanlarını bərpa etməsi anlamına gələ bilər. Bu isə Qərbin maraqlarına uyğun deyil. Məhz buna görə də baş verən hadisələrə göz yumulur və ciddi tənqidi bəyanatlar səsləndirilmir”.

Rəşad Bayramov hesab edir ki, bu yanaşma daimi olmayacaq:
“Bu gün prioritet Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasıdır. Lakin gələcəkdə Ermənistan Qərbin gözləntilərinə uyğun davranmasa, insan hüquqları, seçki saxtakarlığı, kütləvi həbslər və sərbəst toplaşmaq azadlığı kimi mövzular yenidən gündəmə gətiriləcək və təzyiq aləti kimi istifadə olunacaq. Hazırkı mərhələdə həm Ermənistanda baş verən proseslərə, həm də Qərb institutlarının bu hadisələrə münasibətinə geosiyasi maraqlar prizmasından yanaşmaq lazımdır.
Faktiki olaraq Paşinyan hakimiyyətinə müəyyən mənada kart-blanş verilib. Bu yanaşma Qərbin Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməsinə hesablanıb”.

Günel Elxan