“Fransanın Afrin əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırması...” Dünya

“Fransanın Afrin əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırması...”

Sahib Alıyev: "Terrora və separatçılığa dəstəkdir"

Vasif Əfəndiyev: "ABŞ, həm də Rusiya Türkiyə ilə yaxınlığa cəhd edəcəklər"


Türkiyənin Afrin əməliyyatı davam edir. Hərbi əməliyyatla yanaşı diplomatik təmaslar da sürdürülür. Bir sıra Avropa dövlətləri Trükiyənin bu addımının beynəlxalq hüquqa uyğun olduğunu bəyan etməklə dəstəklədiklərini vurğulayıblar.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
Onu da əlavə edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatının "Zeytun budağı" adlandırması məsələsinə aydınlıq gətirib. Ərdoğan bildirib ki, zeytun azadlıq müjdəçisidir: "Zeytun dinimizdə çox müqəddəsdir. Zeytun eyni zamanda azadlıq müjdəçisidir. Afrin əməliyyatı sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək. Bölgəmizi tamamilə terrorçulardan təmizləyəcəyik".
"Biz 13-15 yaşlı uşaqların, dünyadan xəbəri olmayan yaşlı qadınların əllərinə silah verərək fotoları yayımlayan, insanları bir tikə çörəyə möhtac edib xərac alan bir terror təşkilatını məhv edirik", deyən Ərdoğan qeyd edib ki, əslində on minlərlə uşağın, qadının, yaşlının, günahsızın qanı olan bu təşkilatı dəstəkləyib, Türkiyəni "işğalçı" adlandıranların insanlığına şübhə ilə yanaşıram: "İnşallah Münbiçdən başlayaraq sərhədlərimiz boyunca bölgəmizi terrorçulardan təmizləyəcəyik. Bizim dərdimiz onların torpaqları deyil, ədalətin bərpasıdır. Məqsədimiz ölkəmdə yaşayan 3,5 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir".
Türkiyə Prezidenti Afrinlə bağlı rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Prezidentlər Suriyadakı son siyasi prosesləri və "Zeytun budağı" əməliyyatını müzakirə ediblər.
Ərdoğan "Zeytun budağı" əməliyyatı ilə Afrinin PYD və İŞİD-dən təmizləməyi hədəflədiklərini bildirib və Suriyanın suverenliyi baxımından bu hərəkatın böyük önəm daşıdığını da əlavə edib.
Türkiyə lideri Suriya məsələsində Rusiya ilə birgə çalışmağa böyük önəm verdiyini vurğulayıb.
Türkiyənin Baş naziri Binəli Yıldırım isə bildirib ki, terrorun hər növünə qarşı sərt şəkildə mübarizə aparırlar. Baş nazir qeyd edib ki, Afrin hərəkatının məqsədi Suriyanın ərazi bütövlüyünü təmin etmək, bölgədə terror təşkilatlarını məhv etmək, orada yaşayan qardaşlarımızın üzərindən zülmü qaldırmaqdır: "Bundan başqa, Afrindən ölkəmizə edilən hücumların qarşısını almaq, sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bu əməliyyata başladıq. Bu günə kimi hər şey planlaşdırıldığı kimi davam edir. 214 hədəf vurulub və məhv edilib. Bölgədə təmizlik əməliyyatı davam etdirilir".

YPG-dən hücum cəhdi

YPG terror təşkilatının üzvləri Afrində türk ordusunun olduğu mövqelərə basqın etmək istəyib. Terrorçuların əməliyyatından xəbər tutan türk əsgəri dərhal cavab verərək 8 terrorçunu zərərsizləşdirib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Afrində YPG-çilərə qarşı hava və quru əməliyyatlarının davam etdiyini açıqlayıb.
Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatında diqqət çəkən məqamlardan biri yerli istehsallı raket, helikopter və digər silah və texnikalardan istifadə etməsidir. Türkiyə mətbuatına məlumat verən hərbi mənbə bildirib ki, Suriyanın Afrin şəhərində YPG və PYD terror təşkilatlarının hədəf və mövqelərinin məhv edilməsi üçün yerli istehsallı lazer tuşlama sistemli CIRIT raketlərindən istifadə olunur. Bu raketlər isə yerli istehsallı ATAK vertolyotlarına quraşdırılıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanata görə, əməliyyat zamanı 260 terrorçunu məhv edib. "Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib", - deyə bəyanatda qeyd olunub.

Üçüncü cəbhə

Onu da bildirək ki, Türk Silahlı Qüvvələri Afrindəki "Zeytun budağı" əməliyyatı çərçivəsində üçüncü cəbhəni yaradıb. Yüzlərlə ASO üzvü Maredən Tel-Rıfat istiqamətində irəliləməyə başlayıb. Məlumata görə, türk ordusu eyni zamanda ikinci cəbhə ilə YPG-nin ağır silahlı qüvvələrinin olduğu Parsa dağı istiqamətində irəliləyib və strateji əhəmiyyətli Burseya dağında nəzarətin tam olaraq ələ keçirilməsi uğrunda şiddətli döyüşləri davam etdirib.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "CNN İnternational"chr("39") kanalına müsahibəsində ABŞ-la bağlı danışıb. O, deyib ki, ABŞ-ın ata biləcəyi və atması vacib olan konkret bir addım var: Son iki ildə PYD/YPG-yə verdikləri bütün silahları toplamaq. Kalın PYD-nin PKK terror təşkilatının Suriya qolu olduğunu, PKK-nın isə həm Avropada, həm də ABŞ-da terror təşkilatı olaraq qəbul edildiyini xatırladıb. O bildirib ki, Türkiyə YPG-nin bir "dövlət" kimi mövcudluğu əsla qəbul etməyəcək.
"Biz PYD/YPG-nin İŞİD ilə mübarizə adı altında ABŞ tərəfindən dəstəklənməsini illərdir gündəmə gətiririk",- deyən İbrahim Kalın qeyd edib ki, ancaq, nə ABŞ, nədəki bölgə ölkələri tərəfindən məsələ ilə bağlı açıqlama görmədik: "Bu addımı atmağımızda məqsədimiz odur ki, sərhədlərimizin təhlükəsizliyini təmin edirik. Son bir il ərzində terrorçuların məskunlaşdığı Afrin bölgəsindən Türkiyəyə təxminən 700 dəfə hücum təşkil edilib. Sərhədin hər 2 tərəfində əməliyyatlar başladılıb. Biz bu mövzunu dəfələrlə gündəmə gətirdik. Sərhədlərimizi qorumaq üçün lazımı addımlar atmalı idik. Bildiyiniz kimi, PYD və YPG, PKK-nın Suriya qolu sayılır. PKK həm Avropada, həm də ABŞ-da terror təşkilatı olaraq qəbul edilir. Biz belə bir terror təşkilatının yeni bir dövlət qurmasını qəbul edə bilmərik".
Onu da əlavə edək ki, Türkiyənin əməliyyatlarına dəstək verən ölkələrlə yanaşı bundan narahatlıqlarını gizlətməyən ölkələr də var. Bunlardan biri də Fransadır.
Fransanın bu addımını şərh edən millət vəkili, politoloq Sahib Alıyev bildirib ki, Fransanın Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün terrorçulara qarşı başlatdığı əməliyyatla bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırması, həmən BMT Təhlükəsizlik Şuasının Dağlıq Qarabağ probleminə yönəlik 4 bəlli qətnaməsinə əməl etmək istəməyən Ermənistana isə gözün üstə qaşın var deməməsinin adı ikili standart deyil, terrora və separatçılığa dəstəkdir.
Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron forpostbaşı Serj Sarkisyanla dünənki görüşdən sonra verdiyi açıqlamada təcavüzkarla təcavüzlə üzləşəni eyniləşdirərək "tərəfləri qarşılıqlı güzəştə səsləyirəm" deməməli idi: "Əksinə o BMT Təhlükəsizlik Şurasının daim üzvü və həmsədr ölkə olaraq bu qurumun 4 qətnaməsinin yerinə yetirilməsini tələb etməli idi. Bu tələb səslənmirsə, Minsk qrupunun həmsədrlərindən biri olan Fransa onun prezidentinin dediyi kimi, "qərəzsiz vasitəçi" yox, bir daha vurğulayırıq terrorçuluğun, separatizmin və təcavüzün dəstəkçisi kimi çıxış edir".
"Rusiya gözləmə mövqeyindədir"
Politoloq Vasif Əfəndiyev isə deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən il bir məktəbli ilə söhbəti zamanı Rusiyanın sərhədlərinin sonsuz olduğunu dilə gətirmişdi. Onun sözlərinə görə, bununla da Putin qoşunlarının ölkəsindən çox-çox uzaqlarda olmasına işarə vurmuşdu: "Eyni mövqeyi ABŞ da sərgiləyir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə "Bizim başqa torpaqlarda gözümüz yoxdur" deməsi bu məsələdə qardaş ölkənin yalnız milli təhlükəsizlik nöqteyi-nəzərindən çıxış etdiyi görünür. Rusiya və ABŞ-ın Suriyadan min kilometrlərlə uzaq olmasına baxmayaraq, onlar da öz milli təhlükəsizliyini qoruduqlarını iddia edirlər. Bir anlıq Türkiyəni oyundan kənar hesab edərək ABŞ və Rusiyanın bölgədəki maraqlarına nəzər yetirək. Suriyanın heç bir maddi nemətlər bolluğu ilə diqqəti çəkən ölkə olmadığını bilirik. Uzun illərdir bu regionda mütləq söz sahibi olmaq uğrunda gedən döyüşlərin səbəbi nədir? Hesab edirəm ki, bu məsələdə Rusiya çox ciddi olaraq NATO qüvvələrinin Suriyanın aralıq dənizi sahillərinə yaxın latakiya bölgəsində yerləşməsini özünə qarşı təhdid kimi görür. Məhz bu bölgədən NATO uzaq mənzilli raketləri vasitəsilə Rusiyanın ən önəmli mərkəzi şəhərlərini hədəf ala bilər. Ona görə də Suriyanın bu bölgəsi hələ uzun müddət münaqişə ocağı olacaqdır".
Politoloq bildirib ki, Türkiyənin nəzarətə götürməyə çalışdığı Afrin bölgəsi də Latakiya ilə birləşikdir: "Bu əməliyyat uğurla başa çatdıqdan sonar həm ABŞ, həm də Rusiya Türkiyə ilə yaxınlığa cəhd edəcəklər. Bu əməliyyatlar başlandığı andan hər iki ölkə yumşaq şəkildə öz narahatçılıqlarını bildirdilər. Rusiya məsələnin BMT Təhlükəsiz Şurasına çıxaracağını desə də bu təşkilatdan ciddi dəstək almayacaqlarını da yaxşı bilidiyindən hələ də gözləmə mövqeyindədir. ABŞ isə artıq Türkiyə ilə əməkdaşlıqdan danışmağa başlayıb. Türkiyə də öz növbəsində bu müraciətə münasibət bildirib. Türkiyə tərəfi hətta ABŞ-la əməkdaşlığın mümkünlüyü şərtlərini də açıqlayıb. İlk növbədə Suriyadakı kürd birlşmələrinə silah verilməsinin dayandırılması tələbi irəli sürüb. Ötən ilin sonunda Donald Tramp kürd birləşmələrinə verilən silahların geri alacağını bəyan etsə də əslində onların könüllü şəkildə silahı təhvil verəcəklərini güman etmək sadəlöhvlük olardı. Çox güman ki, indi həmin proses gedir. Türkiyə ABŞ-la razılaşaraq kürd silahlılarından silahların geri alınması əməliyyatını həyata keçirir. Həm fürsətdən istifadə edib NATO ökəsi olan bir dövlətin quru qoşunlarının strateji bir bölgəyə nəzarət etməsinə imkan yaradılır".

Əli