Britaniya mətbuatı: “Qərb kürdləri atdımı?“ Dünya

Britaniya mətbuatı: “Qərb kürdləri atdımı?“

"Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək hüququ var"

Britaniyada çıxan "The Week" yazır ki, Qərb hökumətləri Suriyanın Afrin anklavında baş verən humanitar fəlakətə göz yummaqda ittiham edilirlər. Məqalədə deyilir ki, guya bu humanitar fəlakət Türkiyə qoşunlarının kürd bölgəsinə hücumu nəticəsində yaranıb. Türkiyənin artilleriya və hava zərbələri nəticəsində əksəriyyəti dinc sakinlər olmaqla yüzlərlə insan həlak olub. 250 min insan Türkiyə qoşunlarının hücumundan qorxaraq bölgəni tərk edib və qaçqına çevrilib. Fransadakı Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun direktor müavini Didier Billion deyir ki, "Afrin realpolitikanın ən qəddar ifadəsidir".
Billion AFP agentliyinə müsahibəsində deyib ki, Qərb gücləri bir vaxtlar Suriya kürd qüvvələrinin özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmaya qarşı mübarizəsindən məmnun idilər. "Lakin NATO üzvü Ankara həmişə Afrindən daha qiymətli olacaq", - politoloq deyir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan martın 18-də bəyan edib ki, Türkiyə qoşunları Afrin üzərində tam nəzarəti ələ alıb. Məqalədə deyilir ki, Türkiyənin kürdləri bombardman etməsi Rusiyanın sükutlu razılığı əsasında baş tutub. Human Rights Watch insan haqları təşkilatı Türkiyəni dinc sakinləri və mülki obyektləri ağına-bozuna baxmadan bombardman etməkdə günahlandırıb. Suriya kürdlərinin Fransadakı nümayəndəsi Xaled İssa deyib ki, Afrində dinc əhalinin üzərinə hərbi hücum - etnik təmizləmə kimi qiymətləndirilməlidir.
Əlbəttə, bunlar hamısı yalandır, Türkiyə Afrində dinc əhalini bombalamayıb, əksinə oranı terrorçulardan təmizləyib.
"İŞİD-ə qarşı mərdliklə vuruşmuş kürdlərin taleyi bu gün Türkiyənin ixtiyarına verilib", - İssa AFP agentliyinə deyib. Melburndakı Deakin Universitetinin hüquq professoru Sandip Qopalan deyib ki, söhbət tamamilə qeyri-qanuni hərbi əməliyyatdan getsə də, əksər dünya liderləri Afrində baş verənlərlə bağlı dərin sükuta dalıblar. ABŞ Dövlət Departamenti ötən həftə verdiyi bəyanatda bildirir ki, Birləşmiş Ştatlar Afrində baş verənlərdən "dərin narahatlıq hissi keçirir", lakin "özünün NATO müttəfiqi Türkiyəyə və onun qanuni təhlükəsizlik narahatlıqlarına sadiqdir".
Britaniyanın xarici işlər naziri Boris Conson da ötən ay eyni sentimentləri ifadə edib və bildirib ki, "Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək hüququ vardır". Qərbdən Türkiyəyə ən sərt tənqid Almaniya kansleri Angela Merkeldən gəlib. "Türkiyənin bütün təhlükəsizlik narahatlıqlarına baxmayaraq minlərlə dinc insanın təqib olunduğu, öldürüldüyü və qaçmağa məcbur edildiyi Afrində baş verənlər qeyri-məqbuldur" - Merkel deyib.
ABŞ-da mənzillənmiş Yaxın Şərq Hesabat və Təhlil Mərkəzinin baş icraçı direktoru Set Frantzman, deyib ki, kürdlər Qərbin fəaliyyətsizliyindən özlərini xəyanət olunmuş kimi hiss edirlər. "Mənim söhbət etdiyim bir çox dostlar deyirlər ki, kürdlər indi İŞİD-ə qarşı Qərblə çiyin-çiyinə bu qədər qurbanlar verərək döyüşdüklərinin doğru hərəkət olduğunu sual edirlər" - Frantzman "The Spectator" məcmuəsində yazır.
Elə isə bundan sonra nə olacaq? Təhlilçilər bildirirlər ki, Türkiyənin Afrin üzərinə hücumu Suriyadakı münaqişənin ciddi şəkildə şiddətlənməsinə səbəb olacaq. Türkiyə qoşunlarının ABŞ qüvvələrinin yerləşdiyi ərazilərə yaxınlaşması xüsusilə dərin narahatlıq doğurur. Bu da qeyd olunur ki, Suriya münaqişəsi NATO müttəfiqləri arasında gərginliyi son həddə çatdırıb. Britaniyada mənzillənmiş Verisk Maplecroft siyasi proqnozlar mərkəzinin direktoru Anthoni Skinner yazır ki, NATO müttəfiqləri arasında toqquşma riski son dərəcə böyükdür. O xəbərdarlıq edir ki, ABŞ və Türkiyənin "öz qırmızı xətlərini" qoyması hər iki tərəf üçün ehtiyatsızlıq riskini artırır.