Ukrayna 125 hərbçi itirib Dünya

Ukrayna 125 hərbçi itirib

Bir gündə isə 50 separatçı məhv edilib

Cavid

Ukraynada vəziyyət sabitləşmək bilmir. Rus separatçıları ilə Ukrayna ordusu arasında döyüşlər ötən gün də davam edib.
Donetsk vilayətində separatçılar və ölkənin ordu birləşmələri arasında qanlı döyüşlər baş verib. Atışmalarda 10 ukraynalı hərbçi yaralanıb. Separatçılar əsasən Ukraynanın sərhəd bölgələrində olan postlara hücum ediblər. Onlar Donetsklə yanaşı, Slavyansk və Kramatorskda da bir sıra postları atəşə tutublar.
Qeyd edək ki, Ukrayna mətbuatı Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru irəliləməsi barədə məlumat yayıb.
Ukrayna hərbi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Timçuk rus qoşunlarının bu ölkənin sərhədinə doğru irəliləməsi barədə məlumat verib. O qeyd edib ki, Rusiya hərbi birləşmələrinə aid hərbi maşınlar, tank və ZTR-lər ölkənin Rostov vilayətindəki bazadan Ukrayna sərhədlərinə doğru hərəkət edir.
Hazırda Ukrayna ordu birləşmələri sərhəd məntəqələrində şəxsi heyətinin sayını artırmaqdadır. Dmitriy Timçukun sözlərinə görə, Rusiya Ukrayna ərazisində təxribatlar törətmək üçün Kiyevə diversant terrorçular da göndərir.
O da bildirilir ki, dünən Donetskdə antiterror əməliyyatlarının (ATƏ) keçirildiyi zonada hökumət qüvvələrinə qarşı bir neçə hücum qeydə alınıb.
Tımçuk bildirib ki, Alekseyevsk kəndi (Donetsk vilayətinin Ambrosiyevsk rayonu) sərhədçilərin və antiterror qüvvələrinin birgə blokpostuna hücum edilib. Qumbaraatanlardan atılan atəş nəticəsində blokpostda saxlanan silah-sursat məhv edilib.
Bundan başqa, gecə Slavyansk yaxınlığında da antiterror qüvvələrinin blokpostlarına hücum olunub. Onlara cavab atəşi açılıb. Hərbi qulluqçular arasında itki yoxdur.
Ümumiyyətlə bir neçə həftə ərzində Ukraynanın şərqində yüzlərlə adam ölüb. Rusiyapərəst terrorçular Donetskdə Mərkəzi bank binasını tutublar.
Separatçıların nümayəndəsi Aleksandr Matyuşin iyunun 16-da deyib ki, silahlılar yerli hakimiyyətlə müzakirəyə başlayıblar ki, yerli vergilər və xəzinədarlıq "Donetsk Xalq Respublikasına" verilsin.
Matyuşin deyib ki, yığılan vergilər Kiyevə getməli deyil, Donetskdə qalmalıdır. Özünü respublika elan edən Donetskin "baş nazirinin birinci müavini" Andrey Purgin deyib ki, bu, xəzinədarlığın zorla zəbt edilməsi deyil, dialoqdur. Terrorçular bank binasını tutandan sonra bura keçişkçi qoyublar, bank işçiləri isə binanı tərk edib.
Ukrayna aviasiyası isə Qorloka şəhəri yaxınlığındakı Qolmovskoye kəndinə zərbələr endirib. Məlumatı RİA "Novosti" separatçılara istinadən yayıb. Məlumata görə, iki Su-25 təyyarəsi separatçıların qərargah kimi istifadə etdiyi internat binasını atəşə tutub.
Mərmilərdən biri yaxınlıqdakı elektrik yarımstansiyasına düşüb. Nəticədə kənddə işıqlar sönüb. Separatçılar isə təyyarələri zenit pulemyotlarından atəşə tutublar. İlkin məlumata görə, təyyarələrdən biri zədələnib.
Bu arada Ukrayna xüsusi xidmət orqanları paytaxt Kiyevdə terror aktları planlaşdıran separatçıları həbs edib.
Donetskdə Ukrayna hərbçilərinə qarşı əməliyyatlarda iştirak edən İqor Bezlerin rəhbərlik etdiyi terrorçu qrup Ukraynada bir sıra dövlət əhəmiyyətli binalarda və əhalini su ilə təhciz edən anbarlarda partlayışlar törətməli idilər.
Ukrayna xüsusi xidmət orqanları tərəfindən saxlanılan şəxslər Donetskdən təlimat aldıqlarını və Kiyevdə bir sıra partlayşılar planladıqlarını etiraf ediblər.
Unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema bildirib ki, hökumət Donetsk və Luqansk vilayətlərindəki Rusiya silahlılarına ölkəni tərk etməsi üçün dəhliz təklif edəcək. V.Yarema Rusiyadan gələn silahlıların bu imkandan istifadə etməyəcəyi halda, onların məhv ediləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, baş nazirin birinci müavini bütün terrorçuların Ukraynadan maneəsiz çıxa bilməyəcəyini vurğulayıb.
"Qətllərdə və digər ağır cinayətlərdə iştirak edənlər cəzalandırılacaq", - V.Yarema dilə gətirib.
Yarema Ukrayna ölkənin cənubunda rusiyameyilli separatçılara qarşı aparılan antiterror əməliyyatı zamanı həlak olan hərbçilərlə bağlı son məlumatları açıqlayıb. Ukrayna baş nazirinin müavini bildirib ki, əməliyyatlarda 125 ukraynalı hərbçi həlak olub. Bunlardan 96-sı Ukrayna Ordusunun, 22-si isə Daxili İşlər Hazirliyinin, sərhəd və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.
Onun sözlərinə görə, həlak olan ukraynalı hərbçilərin çox az hissəsi döyüşdə ölüb: "Həlak olanların böyük hissəsi pusquya salınaraq öldürülüb. Döyüşdə bizim hərbçilər çox peşəkarlıq nümayiş etdirirlər".
O əlavə edib ki, təkcə ötən gün keçirilən əməliyyatda 50 separatçı öldürülüb.
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko isə parlament fraksiyalarının Ali Radaya növbədənkənar seçkilərlə bağlı təşəbbüsünü dəstəkləyib. P.Poroşenko fraksiya rəhbərləri ilə görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı addımların koordinasiyasını müzakirə edib.
Görüşdə həmçinin prezidentin ölkə konstitusiyasının dəyişirilməsi ilə bağlı təşəbbüsünə toxunulub. P.Poroşenko hakimiyyət sisteminin effektiv işləməsi üçün prezident, parlament və hökumət arasında səlahiyyətlərin bölüşdürülməsinin vacibliyini vurğulayıb: "Bu qanun layihəsi Donbasla bağlı sülh planımızın əsas elementidir".
Ukrayna prezidenti deyib ki, plana ölkənin şərq hissəsində rusiyayönlü separatçılarla atəşkəs daxildir.
Poroşenkonun bəyanatına separatçılardan reaksiya gəlməyib.
Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsanın Rusiya prezidenti Vladimir Putini söyməsindən sonra Moskva ilə Kiyev arasında münasibətlər daha da gərginləşib.
Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ilə bağlı yeni qətnamə layihəsi təqdim edib.
Qətnamə layihəsini Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təqdim edib. Rusiya rəsmisi bununla bağlı məqamlara da aydınlıq gətirib: "Siz bilirsiniz ki, biz Ukraynadakı prosesləri çox diqqətlə izləyirik. Əlbəttə, bu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyanın prioritetlərindən biridir. Son iki həftə ərzində Rusiya Ukrayna ilə bağlı iki qətnamə təqdim edib. Burada humanitar aspektlərlə yanaşı, siyasi məsələlər də öz əksini tapıb. Biz belə qətnamələrin üzərində aktiv iş aparırıq".
ABŞ isə Rusiyaya qarşı iqtisadiyyatın əsas sektorlarına yönəlmiş sanksiyalara əl atmaq niyyətindədir. Bu barədə Vaşinqtonda ABŞ Dövlət Departamenti sədrinin Avropa və Asiya məsələləri üzrə müavini Viktoriya Nuland deyib.
Viktoriya Nuland bildirib ki, ABŞ və Aİ-nin yeni sanksiya dalğası Rusiyanın yanacaq və energetika kompleksi, hərbi-sənaye kompleksi və bank sektoruna qarşı yönəldiləcək.
"Biz sanksiyaların növbəti raundunun necə olacağını, eləcə də hansı insanlara qarşı yönələcəyi barədə razılığa gəlmişik" - deyə məmur bildirib.
Vaşinqtonda Rusiya səfiri Sergey Kislyak ABŞ-nin sanksiyalarının ölkəsi ilə gələcək əlaqələrə ciddi şəkildə təsir edəcəyi barədə xəbərdarlıq edib. Konqresdə keçirilən konfransda, "ABŞ-ni tənqid etmək çətindir, amma mən bunu etməliyəm" deyən diplomat, uzunmüddətli əməkdaşlıqda etibarlı tərəfdaş kimi ABŞ-nin nüfuzuna xələl dəyəcəyini qeyd edib.
Qeyd edək ki, bir çox Amerika və Avropa şirkətləri xəbərdarlıq edib ki, sanksiyalar ABŞ-nin öz iqtisadiyyatına zərərsiz ötüşməyəcək. Buna cavab olaraq ölkənin Maliyyə Nazirliyi baş verəcək mənfi təsirə qarşı yollar axtarıldığını bildirib.
Kiyevdəki Rusiya səfirliyinə hücumun (Deşitsa səfirliyin qarşısında Putinin ünvanına söyüş işlətmişdi-red.) ertəsi günü "Qazprom" şirkəti Ukrayna ilə qaz danışıqlarının dayandırıldığını, bu ölkəyə qazın ancaq pulu əvvəlcədən ödəniləcəyi təqdirdə veriləcəyini elan edib.
Bunun ardınca isə Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdiyi məlum olub. Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bildirib ki, sərhədə 16 minlik Rusiya hərbi kontingenti cəmləşdirilib və qoşunlar hərbi müdaxilə üçün hazırdır. Onun bildirdiyinə görə, Ukrayna ilə sərhədə 76-cı Pskov desant-hücum diviziyasının ayrı-ayrı bölmələri yeridilib.
Hazırda isə Şimal donanmasının dəniz piyada qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşdirilməsi prosesi gedir.
Rusiya Müdafiə Nazirliyindəki mənbə Ukrayna ilə sərhəddə desant və motoatıcı qüvvələrin cəmləşdirildiyini təsdiq edib. Lakin mənbə deyib ki, Ukrayna tərəfi qoşunların sayını şişirdir. Bununla belə Rusiya Müdafiə Nazirliyi sərhədə yeni qüvvələrin cəmləşdiriləcəyini istisna etməyib.
Bundan əvvəl Qərbin təzyiqləri ilə Rusiya Ukrayna ilə sərhədlərdən qoşunların əsas hissəsini geri çəkmişdi. Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində aparılan əməliyyatları davam etdirir və federallaşma tərəfdarlarının təchizatını kəsmək üçün Rusiya ilə sərhədi bağlamaq göstərişi verib.
BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib ki, 34 minə yaxın Ukrayna vətəndaşı ölkənin şərqində davam edən hərbi əməliyyatlara görə evlərini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb.
2014-cü ilin mayında BMT Ukraynada 10 minə yaxın qaçqının olduğunu bildirmişdi. Həmin vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi. Hazırda isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində əhali atəşə tutulma və ərzaq çatışmazlığı ilə üz-üzə qalıb.