12:43
595
“Həm İsrail, həm də ABŞ mənbələrindən daxil olan məlumatlarda bəlli olur ki, Netahyahu Qəzza zolağında növbəti hərbi əməliyyatın həyata keçirilməsinə maraqlı olduğunu və bunun razılığının alınması ilə bağlı Trampa müraciət edəcək. Nəticədə, hərbi əməliyyatın sonu olaraq yenə də Qəzzada atəşkəsin bərqərar olması məsələsi müzakirə olunacaq. Yəni həmin mənbələr dolayı yolla sanki Trampın planının silah gücü ilə təmin olunmasının həyata keçirilməsində maraqlı olduğunu düşünür. Amma görüşdə digər məsələlər də çox geniş şəkildə müzakirə predmeti olacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
Deputat qeyd edib ki, eyni zamanda, görüşdə müzakirə olunacaq məsələ İranın nüvə obyektləri ilə bağlı ola bilər: “Həmçinin İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlar və s. Yəni görüşdə çoxşaxəli müzakirələrin aparılacağı bəllidir. Amma görünən odur ki, Netanyahu çalışır ki, hansısa bir istiqamətdə ABŞ-nin maraqlarına uyğun addım atırsa, digər istiqamətlərdə maksimum İsrailin maraqlarına cavab verə biləcək siyasət yürütmüş olsun. Yəni bir cinahda itirilmiş mövqelərini digər cinahda bərpa etməkdə maraqlıdır. Görünür, bunun ətrafında müzakirələrin aparılacağı nəzərdə tutulur. Burada hadisələr bir neçə ssenari üzrə cərəyan edə bilər. Amma ABŞ-nin bu məsələlərdə mövqeye qətidir. Yəni Netanyahunun əldə etmək istədiklərinin şansı elə də böyük deyil. Əldə edəcəkləri də hansısa cinahda mövqelərinin itirilməsi və zəifləməsi hesabına baş verəcək. Həmin istiqamətdə də məhz ABŞ-nin mövqeyinin güclənməsi gözlənilir”.
Röya İsrafilova