“Çin Amerikanı açıq formada təhdid edir” Dünya

“Çin Amerikanı açıq formada təhdid edir”

ABŞ-ın Cibutidəki hərbi hava bazasında qalxan döyüş təyyarələri Çinin yaxınlıqdakı bazasından lazer şüalarına məruz qalır. Artıq bununla bağlı Vaşinqtondan rəsmi Pekinə etiraz notası verilib. Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Vaytın açıqlamasında bildirilib. Pentaqon yetkilisi bu müdaxiləni təhdid kimi qəbul etdiklərini diqqətə çatdırıb: "Çin Amerikanı açıq formada təhdid edir. Bunlar çox ciddi hadisələrdir. Lazer şüalanması nəticəsində 2 hərbçimiz yaralanıb".
Lazer müdaxilələrinin Çinin hərbi bazasından gəldiyinə əmin olduqlarını deyən Pentaqon sözçüsü əlavə edib ki, bununla bağlı qarşı tərəfə etiraz bildirilib və araşdırmanın aparılması tələb olunub: "Amerika təyyarələri uzun müddətdir belə müdaxilələrə məruz qalır. Son bir neçə həftə ərzində isə bu kimi olayların sayı artıb".
Qeyd edək ki, Çin ölkə xaricindəki ilk hərbi bazasını keçən il Cibutidə qurub. Həmin vaxt ABŞ hökuməti Çinin Cibutidə Amerika bazası yaxınlığında baza qurmasını özləri üçün problem yaratmadığını, bunun Cibutinin müstəqil qərarı olduğunu bildirmişdi. Cibuti Çin və ABŞ-la yanaşı, öz ərazilərində Yaponiya və Fransaya da hərbi baza qurmağa icazə verib.