“İran Allahu-Əkbər deyib gedəcək...” Dünya

“İran Allahu-Əkbər deyib gedəcək...”

Yaxın Şərqdə dəhşətli qarşıdurma baş verir. Bu, çox təhlükəli tendensiyadır və gerçək müharibəyə gətirib çıxara bilər. Bu fikirləri politoloq Rüstəm Məmmədov İsrail ordusunun Suriyadakı İran hərbi bazalarına zərbə endirməsini şərh edərkən deyib.
Onun fikrincə, Suriyada İsrail-İran müharibəsinin genişlənməsi ehtimalı yüksəkdir: "İndi faktiki olaraq İsrail Suriyada İranı budayır. ABŞ İsrailin maraqlarını ifadə edib, "5+1" formatında əldə edilən nüvə sazişindən çıxıb. Şərt qoyulub ki, İran İsraili tanıyacaqsa və ona qarşı hərbi qüvvələrdən istifadə etməyəcəksə, sazişlə bağlı danışıqlar davam etdirilə bilər. İsrail və İran isə düşmən dövlətlərdir. Təbii ki, İran geri çəkilməyəcək və indi hər şey gözləmək olar".
Rüstəm Məmmədov əlavə edib ki, İran və İsrail arasında müharibənin Suriya ərazilərində aparılmasında təəccüblü bir şey yoxdur: "Müasir müharibə texnologiyası fərqlidir. Tərəflər üçüncü ölkələrdə bir-birinə zərbələr endirir. Hər halda tərəflərin tutduğu indiki mövqe dünyanı sabit və yaxşı bir istiqamətə aparmır".
Politoloqun sözlərinə görə, qarşıdurma qızışacaq: "Hətta bu durum üçüncü dünya müharibəsinə də gətirib çıxara bilər. Digər tərəfdən İsrailin baş naziri Netanyahu Moskvada səfərdə olub, hərbi parada baxıb. Hərçənd onun Moskva səfərinin Suriyada İrana aid bazaların vurulması ilə birbaşa bağlılığı yoxdur. Bunlar fərqli məsələlərdir. Sadəcə İran müharibəyə qatılarsa, Rusiya da istər-istəməz prosesə müdaxilə edəcək. Bu isə faktiki dünya müharibəsi deməkdir. Düzdür, Avropa Trampın son qərarına isti yanaşmır. Amma ABŞ təkbaşına və İsraillə birlikdə də İranı cəzalandıra bilər. Bu, arzuolunan yol deyil. Əgər baş verən indiki qarşıdurmaya İran, Rusiya və digər dövlətlər qatılsa, qeyd etdiyim kimi bu, faktiki dünya müharibəsinin başlanması deməkdir".
Mütəxəssis hesab edir ki, İranın hərbi potensialı güclüdür və bu dövlət neçə illərdir ABŞ və İsrailə müqavimət göstərir: "İran da Allahu-Əkbər deyib irəli gedəcək. Bu qarşıdurmanın dünyaya hər hansı müsbət təsiri yoxdur, ola da bilməz".
Xatırladaq ki, ötən gecə İsrail aviasiyası Suriyadakı hədəflərə növbəti dəfə kütləvi raket zərbələri endirib. Raket zərbələrinin hədəfləri İran və Suriya qüvvələrinin bazaları olub. Bu, İranın İnqilab Keşikçilərinin "Əl-Qüds" briqadası tərəfindən Colan təpəliyində yerləşən İsrail mövqelərini raket atəşinə tutmasına cavabdır.
Politoloq Elşən Manafov isə deyib ki, İsrail-İran gərginliyinin artması Yaxın Şərqdən böyük müharibənin başlayacağı ehtimalını gücləndirir. O, qeyd edib ki, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra İsrailin Suriyada İran mövqelərinə qarşı hərbi əməliyyatlara başlaması razılaşdırılmış plandan xəbər verir: "Böyük ehtimalla Rusiya da İsrail və İran arasında müharibənin başlanmasına razılıq verə bilər. Hər halda baş nazir Netanyahu mayın 9-da Rusiyaya təsadüfən gəlməmişdi. Baxmayaraq ki, İran Rusiyanın bölgədəki əsas müttəfiqidir, amma İsrailin bu ölkəyə qarşı əməliyyatlara başlaması, dünya bazarlarında neftin bahalaşmasına gətirib çıxaracaq. Rusiyanın da bundan milyardlarla dollar gəlir götürəcəyi istisna deyil.
Digər neft dövlətləri də bu münaqişənin alovlanmasında maraqlıdırlar. Hesab edirəm ki, ABŞ-ın İrana qarşı hazırladığı "Anakonda" əməliyyatlarının başlanması üçün münbit zəmin yaradılır. Əsas məqsəd də, İranı hərbi bazalar vasitəsilə mühasirəyə alıb, bu ölkədəki rejimi çökdürməkdir".