Rusiyanı müharibəyə çəkən 4 ssenari hansılardı? Dünya

Rusiyanı müharibəyə çəkən  4 ssenari hansılardı?

Üçüncü Dünya Müharibəsinin başlanma riski azdır, amma hər şeyə rəğmən, bu risk yox olmaq bilmir. Əvəzində dünyada regional toqquşmalar sürətlənir.
Bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun "Hərbi Sənaye Kuryeri" jurnalındakı məqaləsində yer alıb.
"Qərb və transmilli elitalar regional ziddiyyətlərdən özlərinə sərf edən bölgələrdə hərbi konfliktlər və lokal müharibələr törətmək üçün istifadə edirlər. Bu, onlara şəxsi və qlobal hədəflərinə çatmağa imkan verir. Rusiyanın qərbində ABŞ və NATO-nun vasitəsilə hərbi təhdid formalaşır. Bunun üçün isə marionet rejimlərdən istifadə edilir.
Əslində Üçüncü Dünya müharibəsi üçün detonator rolunu İraq və Suriyanın parçalanması və burada kürd dövlətinin yaranması oynaya bilər. Rusiya və İranın regionda mövqeyinin daha da güclənməsi ABŞ, İsrail və digər ərəb ölkələrinin hərbi aktivliyini artırar. Hələlik bu aktivlik məhdud xarakter daşıyır, lakin o, genişmiqyaslı işğala hər an çevrilə bilər.
Bundan başqa, ABŞ, İsrail, NATO ölkələri və onların ərəb müttəfiqlərinin İrana qarşı aqressiyası başlaya bilər. Bu lokal müharibə kifayət qədər genişmiqyaslı olacaq. Müharibənin davamlılığı isə bir neçə ay çəkəcək. Savaş İran ordusunun əsas qruplaşmalarının məhvi və ya ölkədəki siyasi rejimin dəyişilməsi ilə bitəcək. Rusiyanı konfliktə cəlb etmək riski azdır. Buna rəğmən sərhədlərimiz yaxınlığında bizə düşmən olan İranın peyda olması Moskva üçün qəbuledilməzdir.
Rusiyanın cənubunda əsas hərbi təhlükə mənbələri Mərkəzi Asiya ölkələrindəki qeyri-stabil vəziyyət (Özbəkistan və Tacikistandakı milli və dini problemlər), Suriya, İraq və Əfqanıstanda davam edən müharibələr, Hindistanla Pakistan arasındakı münasibətlərdir.
Daha bir önəmli ziddiyyət olan bölgə Arktika regionudur. Buradakı ziddiyətlər hərbi konfliktə səbəb ola bilər. Ziddiyyətlərə səbəb təsir zonalarının yenidən bölüşdürülməsi, ABŞ-ın şimal dəniz yolunu beynəlxalq nəzarətə verilməsini istəməsidir. Bu zonada əsas konflikt tərəfləri Rusiya və ABŞ-dır. Ona görə də buradakı hətta məhdud xarakterli hərbi konflikt Rusiya və NATO arasında nüvə silahından istifadə edilməklə genişmiqyaslı müharibənin başlanması riskini yaradır", – deyə məqalədə bildirilib.
Sivkov həmçinin Rusiyanın müharibələrə cəlb edilməsi üçün 4 əsas ssenarinin olacağını deyib:
"Birinci ssenaridə sərhədyanı bölgələrdə konflikt olacaq. Bu konflikt 2 aya qədər davam edəcək və orada 5-10 min nəfər iştirak edəcək. Bu konfliktdən genişmiqyaslı hərbi aksiyalar üçün istifadə ediləcək.
İkinci ssenaridə hərbi konflikt bir əməliyyat istiqamətində olacaq. Bu konflikt bir neçə il davam edəcək. Burada 120 min nəfər iştirak edəcək. Bu konflikt Rusiya sərhədlərində və ya hansısa vacib bölgələrdən birində ola bilər.
Üçüncü ssenari strateji istiqamətlərdən birində olan lokal müharibədir. Müharibə bir neçə il davam edəcək və təxminən burada 1 milyon nəfər iştirak edəcək. Rusiyanın müharibəyə girişinə əsas səbəb böyük ərazi iddialarını reallaşdırmaq istəməsi olacaq.
Dördüncü ssenari Rusiyaya qarşı regional müharibədir. Bu müharibə bir neçə strateji istiqamətdə olacaq və bir neçə il çəkəcək".