Hər iki tərəf özünü müdafiə edəcək Dünya

Hər iki tərəf özünü müdafiə edəcək

Tramp Rusiya və ABŞ arasında yeni mərhələnin başlayacağını bilir

Trampın 1987-ci ildə SSRİ Prezidenti Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın imzaladığı qısa və orta mənzilli raketlərin ləğv olunması və istehsalından imtina olunması ilə bağlı sazişdən çıxacağı yönündə açıqlaması son illərin ən ciddi, eyni zamanda, təhlükəli bəyanatıdır.
Bu sözləri ABŞ Prezidenti Donald Trampın ABŞ-ın kiçik və orta mənzilli raketlərin ləğvinə dair müqavilədən çıxacağı ilə bağlı açıqlamasına münasibət bildirən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, rəsmi Vaşinqton bunu Rusiyanın həmin müqaviləyə əməl etməməsi ilə əlaqələndirsə də, Rusiya bunun əksini deyir:
"Bu hadisə baş verəcəyi halda Soyuq müharibənin keçən əsrdə olduğundan daha kəskin şəkildə inkişaf edəcəyi gözlənilir. Yeri gəlmişkən, 4 il öncə Barak Obama Adminstrasiyası Rusiyanı müqaviləyə əməl etməməkdə ittiham edərək müqavilədən çıxmaq istəyirdi. Amma həmin vaxt Almaniya bu addımın atılması ilə yeni silahlanma yarışının başlayacağını və nəticə etibari ilə Avropaya təhlükə yaradacağını deməklə, Vaşinqtonu bu addımı atmaqdan son anda çəkindirmişdi. İndi isə görünür, Tramp bu məsələdə qərarlıdır".
Ekspert vurğulayıb ki, Trampın bunu hansı perspektiv planlar üzərindən etdiyi məlum deyil:
"Doğrudur, ortada səbəb kimi Rusiyanın razılaşmanı pozması iddiaları var. Əslində uzun illərdir ki, Putinə yaxın Rusiya siyasətçiləri bu müqavilənin yanlış olduğunu bildirir. Onlar bu müqavilənin müdafiə qabiliyyətinin zəiflədilməsinə hesablanmış addım olduğunu vurğulayır və iddia edirlər ki, o vaxt SSRİ həmin raketləri bütünlüklə ləğv etsə də, ABŞ bunu tam etməmişdi. Aydındır ki, hər dövlətdə olduğu kimi, Rusiyada da hərbi cəhətdən güclənmə və müharibə tərəfdarları var və onlar da heç zaman nəticələrə baxmır. Hazırkı vəziyyətdə ola bilsin ki, Putin, yaxud digər rəsmilər bu müqavilənin Rusiyanın maraqlarına heç vaxt xidmət etmədiyini və imzaya hörmət əlaməti olaraq ondan çıxmaq haqqında qərar verilmədiyi yönündə açıqlamalar verəcək. İndiki halda isə bu addım Tramp tərəfindən atıldığı üçün Rusiya buna məmnuniyyətlə gedəcək".
Ekspertin sözlərinə görə, istənilən halda hər iki tərəf özünü müdafiə edəcək:
"Müqavilənin ləğvinin nəticələrinə gəlincə isə, dediyim kimi, qarşıdurmanın artacağı və Soyuq müharibənin indiyə qədər olmayan həddə qalxacağı ehtimal olunur. Bu zaman Rusiya məcbur olacaq ki, qısa və orta mənzilli raketlərin isehsalına başlasın və eyni zamanda da NATO Avopada hava hücumundan müdafiə sistemlərini daha da gücləndirsin. Bu, o deməkdir ki, keçən əsrin ortalarından başlamış və bu müqavilənin bağlanmasına qədər davam etmiş silahlanma yarışı yenidən, daha geniş miqyasda davam edəcək. Bunun da nəticələrini əvvəllər çoxları görüb. Ən azından məlumdur ki, o vaxt silahlanmada olan rəqabət o həddə idi ki, hər iki dövlət milli gəlirlərinin böyük hissəsini bu sahəyə yönəldirdi. O zaman ABŞ üçün bu, elə də problem yaratmasa da, SSRİ demək olar ki, müflis vəziyyətə düşdü. Hesab edirəm ki, SSRİ-nin dağılmasına gətirib çıxaran əsas amillərdən biri də bu olmuşdu".
Ekspertin sözlərinə görə, müqavilə ləğv olunsa və Rusiya keçən əsrdəki səhvini təkrarlasa, o zaman oxşar nəticələrin olması ehtimalları da böyüyəcək:
"Əslində isə ən optimal variant qarşıdurmaya gedilməməklə hərarəti azaltmaqdır. Bu istiqamətdə ən maraqlı olanı isə Avropa Birliyidir. Çünki AB hesab edir ki, bu qarşıdurmada perspektiv hədəf Avropadır. Lakin görünür ki, bu addımı atmaqla Tramp bir çox məsələni göz önünə alıb və bu müqavilənin dayandırılmasından sonra Rusiya və ABŞ arasında yeni mərhələnin başlayacağını bilir. Açığı, Rusiya da proseslərin necə davam edəcəyini anlayır və verilən bəyanatlardan belə görünür ki, onlar bu hadisədən elə də narahat deyillər".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Yaxın və Ortamənzilli Nüvə razılaşmasından çıxacağını bildirib.