Ukrayna ABŞ-dan əsas müttəfiq statusu istəyir Dünya

Ukrayna ABŞ-dan əsas müttəfiq statusu istəyir

Ukrayna prezidenti Pyotr Poroşenko "CNN" telekanalına müsahibəsində bildirib ki, sanksiyalar nəticə verməzsə Ukrayna təhlükəsizlik problemlərini həll etmək üçün İsrail, Avstraliya və Filippin kimi ABŞ Konqresinə ona xüsusi statusun - NATO-dan kənar əsas müttəfiq statusunun (MNNA Major Non -NATO Ally of the United States) verilməsi ilə bağlı müraciət edə bilər: "Bu tək Ukraynanın münaqişəsi deyil, bu bütün dünya üçün böyük bir təhlükədir. Ukrayna xalqı hazırda, heç vaxt olmadığı kimi təkdir və dünya terrorçuların hərəkətlərinə düzgün cavab seçməlidir".
Prezident qeyd edib ki, təyyarə ilə bağlı hadisəyə bütün dünyanın reaksiyası bir olmalıdır: "Hər bir insan, Rusiya da daxil olmaqla hər bir ölkə terrorçularla, yaxud dünya ilə birgə olduğunu müəyyən etməlidir".
Prezident Rusiya tərəfinin guya "Boinq 777"in yaxınlığında Ukrayna qırıcısının olduğu barədə iddialarına sərt reaksiya verib: "Bu məsuliyyətsiz və yalan bir iddiadır".
Poroşenko Rusiyanın Ukraynanın şərqindəki terrorçulara dəstək verməsinin çoxlu sübutlarının olduğunu bildirib.
Prezident qeyd edib ki, Ukrayna hazırda "Boinq 777" ilə bağlı şəffaf araşdırmanı təmin etmək məqsədilə hadisə yerindən 40 km radiusda hərbi əməliyyatların dayandırılmasına dair göstəriş verdiyini qeyd edib.