İraqın parçalanması reallaşır Dünya

İraqın parçalanması reallaşır

Baş nazirlə prezident arasında ixtilaflar ölkə üzərində nəzarətin sürətlə itirilməsinə gətirib çıxarmaqdadır

Cavid

İŞİD-in İraqın dövlətçiliyini təhlükə altına aldığı bir vaxtda hakimiyyət daxilində gedən çəkişmələr və Bağdadla kürd muxtariyyəti arasında ziddiyyətlərin get-gedə dərinləşməsi faktiki olaraq ölkənin parçalanması və onun yerində yeni müstəqil dövlətlərin meydana çıxması prosesinin artıq qaçılmaz olduğunu göstərməkdədir.
Şimalda və İraqın mərkəzi hissəsində sünni ərəb mərkəzləri üzərində hökumət nəzarəti sürətlə zəifləyir. Bunun səbəbi 900 min hərbçisi olan ordunun parçalanmasıdır. ABŞ, Britaniya və onların müttəfiqlərinin Səddam Hüseyni devirdikdən sonra ölkədə 9 ildir mövcud olan şiə rejiminin, deyəsən, sonu gəlib. Çox güman ki, şiələr əhalinin əksəriyyətinin şiə olduğu paytaxtı və İraqın bir neçə cənub əyalətlərini əllərində saxlaya biləcək. Lakin qoşunun qaçdığı sünni əyalətləri üzərində nəzarəti bərpa etmək üçün çox səy göstərməlidirlər.
İraq Kürdüstanının lideri Məsud Bərzani bildirib ki, İraq parçalanır. Onun sözlərinə görə, bu, bəzilərinin görmək istəmədiyi bir həqiqətdir. Bərzani şiə və sünnilər arasında radikal cərəyanların önə keçdiyinə diqqtət çəkərək deyib: "Biz bunlarlamı dövlət quracağıq? Bu mümkün deyil. Xalqlar yalnız könüllü halda bir yerdə yaşaya bilərlər".
Bu arada İraqın hazırki baş naziri Nuri əl-Maliki prezidentin Heydər əl-Abadiyə hökumət qurmaq üçün verdiyi tapşırığı qanunsuz adlandırıb.
Maliki televiziya çıxışında bunun heç bir məna kəsb etmədiyini bildirərək prezidentin konstitusiya qaydalarını pozduğunu deyib: "Ordu və polisə yerlərində qalmağı və hər hansı göstəriş olmadan hərəkət etmələrini qadağan edirəm. Baş verən hadisələr keçicidir. Aradan qaldırılacaq. Xarici və daxili qüvvələr qanuni koalisiyon hökumətin işinə mane olmağa çalışır. Prezident konstitusiyanı pozaraq tanınmayan birinə hökumət qurmağı həvalə edir. Hökuməti yalnız baş nazir qura bilər. Bu səlahiyyət də hələ ki mənim ixtiyarımdadır".
Xatırladaq ki, Şiə Milli İttifaqının parlament sədrinin müavini Abadini baş nazir olmağa namizəd elan edildikdən sonra prezident Fuad Masum Abadiyə yeni hökumət qurmaq tapşırığı verib.
İraqın parçalanma təhlükəsi ilə üz-üzə qalmasında daha çox baş nazir Hurni əl-Maliki ittiham edilir və bu ölkə ərazisində "müstəqil Kürdüstan" dövlətinin yaradılması gündəmdədir. Bundan başqa baş nazirlə prezident arasında qarşıdurma da bu parçalanmasını sürətləndirir. İraqın parçalanmasına və onun yerində "Kürdüstan dövləti"nin yaradılmasına vaxtilə ən sərt reaksiya Türkiyə, İran və Səudiyyə Ərəbistanından gəlirdi. Onlar bunun yolverilməzliyini dönə-dönə rəsmi şəkildə vurğulayırdılar. Ancaq hadisələrin gedişi göstərir ki, müəyyən səbəblər üzündən artıq adıçəkilən ölkələr İraqın parçalanmasının qarşısını almağa qadir deyillər və onların reallıqla barışmaqdan başqa çarələri qalmayıb.
İŞİD silahlıları tərəfindən İraqın böyük hissəsinin ələ keçirilməsindən sonra bölgədə yaşanan siyasi böhran təhlükəli həddə çatıb. Bu müstəvidə də İraqın şimalını idarə edən kürd muxtariyyəti rəhbərləri yaranmış vəziyyətdən istifadə edərək, müstəqilliklərinin elan olunması üçün referendum keçirməyə hazırlaşırlar. Bununla bağlı bir müddət bundan əvvəl Şimali İraq kürd muxtariyyətinin rəhbəri Bərzani "Artıq İraqda mərkəzi hökumət yoxdur, İŞİD ölkənin böyük hissəsini işğal edib, belə bir vəziyyətdə bizim müstəqillik haqqında referendum elan etməkdən başqa çıxış yolumuz qalmayıb" - demişdi.
Bərzaninin bu açıqlaması isə öz növbəsində, İraqın Nuri əl-Maliki hökuməti tərəfindən əsəbiliklə qarşılanıb. Baş nazir Nuri əl-Maliki Şimali İraq kürd muxtariyyətini idarə edənləri İŞİD-lə işbirliyində günahlandırıb: "Ərbilin İŞİD, BƏƏS-çilər, əl-Qaidə və terrorçuların fəaliyyətləri üçün bir bazaya çevrilməsinə heç vaxt göz yummayacağıq".
Baş nazir Şimali İraq kürd muxtariyyətini nəzərdə tutaraq deyib: "Dünən bizimlə birgə olanlar, bu gün bizə qarşı cəbhə açaraq, İraqı parçalamaq niyyətindədirlər".
İraq baş nazirinin bu sözləri Şimali İraq kürd muxtariyyəti rəhbərləri tərəfindən etirazlarla qarşılanıb. Bərzani dərhal açıqlama verərək, Malikinin istefasını və onlardan üzr istəməsini tələb edib. O deyib ki, İraq bir dövlət kimi bu günə kimi mövcud olmasına, varlığını qoruyub saxlamasına görə kürdlərə borcludur. Vaxtilə Malikinin də qaçaraq Ərbilə sığındığını xatırladan Şimali İraq kürd muxtariyyəti rəhbərləri buraya terrorçuların deyil, həmişə çarəsiz insanların sığındıqlarını və bunu normal qarşıladıqlarını bildiriblər. Eyni zamanda belə bir fikir vurğulanıb ki, bölgədə əmələ gələn ağır duruma görə Maliki şəxsən günahkardır və onun yeritdiyi səhv siyasət ölkənin parçalanmasına şərait yaradıb.
Onu da qeyd edək ki, Şimali İraqın kürd müxtariyyətinin yaranmış vəziyyətdən istifadə edərək müstəqillik haqqında referendum keçirməyə hazırlaşması təsadüfi deyil. Belə ki, hələ ötən əsrin 90-cı illərinin ortalarında NATO toplantılarında iştirak edən yüksək səviyyəli ABŞ rəsmisindən İraqın yerində bir neçə müstəqil dövlətin, o cümlədən "Kürdüstan dövləti"nin olduğu xəritənin çıxması Türkiyədə böyük narahatlıqla qarşılanmışdı. O vaxt Ankarada "müstəqil Kürdüstan dövləti"nin mövcud ola bilməyəcəyi və İraqın parçalanmasının mümkün olmayacağı qənaətində idilər. Amma hadisələrin gedişi göstərir ki, Qərb İraqın parçalanması planını addım-addım həyata keçirməkdədir.
İraqın parçalanmasına və onun yerində "Kürdüstan dövləti"nin yaradılmasına vaxtilə ən sərt reaksiya Türkiyə, İran və Səudiyyə Ərəbistanından gəlirdi. Onlar bunun yolverilməzliyini dönə-dönə rəsmi şəkildə vurğulayırdılar. Ancaq hadisələrin gedişi göstərir ki, müəyyən səbəblər üzündən artıq adıçəkilən ölkələr İraqın parçalanmasının qarşısını almağa qadir deyillər və onların reallıqla barışmaqdan başqa çarələri qalmayıb. Buna səbəb isə ABŞ-ın Maliki rejimini hakimiyyətə gətirməklə İraqda sünni-şiə qarşıdurmasını körükləməsi və ölkənin idarə edilməsindən sünnilərin sıxışdırılıb çıxarılması oldu. Bu amil isə, öz növbəsində, İranın İraq üzərində təsirinin artmasını özü üçün təhlükə hesab edən Səudiyyə Ərəbistanı ilə İsrailin yaxınlaşmasına gətirib çıxardı. Nəticədə Səudiyyə Ərəbistanı pərdə arxasından İraqın sünni, şiə və Kürdüstana parçalanması planını dəstəkləməyə başladı. Bu gün İraqın böyük hissəsini işğal edən İŞİD-i dəstəkləyən və ona hərtərəfli yardım göstərən ölkələrdən birinin də məhz Səudiyyə Ərəbistanı olduğu ehtimal edilir.
Türkiyəyə gəlincə, Ankara uzun illər boyu İraqın parçalanmasına qarşı çıxıb və bunun yolverilməz olduğunu rəsmi şəkildə bəyan edib. Ancaq Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Ankaranın İraq kürdləri ilə isti münasibətlər qurması və Bağdadın razılığı olmadan onlarla neft anlaşması imzalaması ilə "müstəqil Kürdüstan" məsələsi gündəmdə yer almağa başladı. Təsadüfi deyil ki, iqtidarda olan AK Partiyanın yüksək səviyyəli rəsmisi Hüseyin Çelik "Financial Times" qəzetinə verdiyi açıqlamasında "müstəqil Kürdüstan" dövlətinin yaradılmasına Türkiyənin münasibətinin əvvəlki kimi olmayacağını deyib. Onun bu açıqlaması İsrail və Qərb ölkələri Türkiyə tərəfindən İraqın parçalanmasına yaşıl işıq yandırması kimi dəyərləndirilib. Buraya Ərdoğan hökumətinin kürd peşmərgələri tərəfindən Kərkükün ələ keçirilməsinə göz yummasını da əlavə edəndə İraq türkmənlərinin taleyinin özbaşına buraxıldığı göz önündədir. İrana gəlincə, Tehranın İŞİD-ə qarşı çıxmağına və onları dəstəkləyən dövlətləri sərt şəkildə tənqid etməsinə baxmayaraq, çətin ki, İraqın parçalanmasına mane ola bilsin. İran və Türkiyə üçün ən böyük təhlükənin isə "müstəqil Kürdüstan"dan gələcəyi gözlənilir. Ümumiyyətlə, İraqın parçalanmasının gələcəkdə digər bölgə ölkələri üçün böyük bir təhlükə mənbəyinə çevriləcəyi ehtimalı kifayət qədər yüksək hesab edilir.