Pompeodan Məsud Özilə dəstək Dünya

Pompeodan Məsud Özilə dəstək

ABŞ Dövlət katibi Mayk Pompeo uyğur türkləri ilə bağlı sosial şəbəkə hesabında paylaşımlar edən türk əsilli futbolçu Məsud Özilə dəstəyini ifadə edib. Pompeo Tvitter səhifəsində M.Özilin Çinə yönələn sərt tənqidini haqlı saydığını bəyan edib. “Çin Kommunist Partiyasının təbliğat ünsürləri Məsud Özilə və "Arsenal"a sezon boyunca senzura tətbiq edə bilər, lakin həqiqət üstün gələcək. ÇKP uyğurlara və digər milli azlıqlara yönəlik təzyiqlərini gizlədə bilməz”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.
Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra şəbəkələrdə türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.