Rusiyanın ABŞ-a qarşı neft planı Dünya

Rusiyanın ABŞ-a qarşı neft planı

Kim daha çox itirir?

Dünya boyu neftin qiymətləri düşüb və adi insanlar buna görə sevinir. Amma iqtisaçılar deyir ki, dünya bazarlarında neftin qiymətinin düşməsi səbəbilə gəlirin azalması nəticəsində qlobal iqtisadiyyata ziyan dəyə bilər. Ekspertlər ölkələr arasınsa həmrəyliyə çağırır, çünki bir ölkənin iqtisadiyyatının çökməsi gec-tez digər ölkələrin iqtisadiyyatlarına da xələl gətirə bilər.
Neftin qiymətinin düşməsi adi vətəndaşların xoşuna gəlir.
“Adi insanlar çətinliklərlə üzləşirlər, ona görə də qiymətlərin düşməsi onlar üçün yaxşıdır. İndi festival vaxtıdır, insanların daha çox xərcləri olur,” Hindistan sakini Sonu deyir.
Səudiyyənin başçılıq etdiyi OPEC neft karteli Rusiya ilə koronavirusun dünya bazarlarına təsirini azaltmaq üçün hasilatı azaltmaq üzərində razılıq əldə edə bilmədiyi üçün xam neftin qiyməti kəskin düşüb. Səudiyyə Ərəbistanı razılığın əldə olunmamasına cavab olaraq neftin qiymətini azaltdığını və tədarükü artırdığını elan edib. Təhlilçilər deyir ki, neft qiyməti üzərində müharibə qiymətlərin azalmasına səbəb olur.
“Bir çox istehsalçı hasilatı artırdı, indi bazarda neft artığı var. Yəni neft çoxdur, amma tələbat çox deyil,” Beynəlxalq Enerji Agentliyindən Fatih Birol bildirir.
Bazar ertəsi ən böyük neft treyderləri son illərin ən pis göstəricilərini əldə etdilər. Rusiya rublunun dəyəri isə 9 faiz azaldı.
“Rusiyalılar bunu uzun-müddətli strareji hesablamalar nəticəsində edir. Bu onlara qisa müddətdə ziyan vuracaq, amma onlar düşünür ki, bunu etməklə ABŞ-ın şist neft hasilatçılarına əhəmiyyətli maddi ziyan vura bilərlər,” Macro-Advisory konsaltinq şirkətindən Tom Adşed bildirir.
Adşed deyir ki, Rusiya zərərlərini kompensasiya etmək üçün ehtiyat toplayıb.
“Onların milli ehtiyat fondunda indiki kimi dar günlər üçün 150 milyard rubl pulları var ki, neftin qiyməti aşağı olanda onlar bu pulu istifadə edə bilsinlər,” Adşed söyləyir.
Ancaq bəzi təhlilçilər deyir ki, neft istehlakı və neftə tələbat bu il azalacaq çünki koronavirusun yayılması ilə bir çox insan evdən bayıra çıxmamağa məcbur olur.
“Biz son 11 ildə ilk dəfədir ki, bu il neftə tələbatın və istehlakın azalacağını gözləyirik. İndiyədək hər il artırdı, indi isə Çində və qlobal itqisadiyyatda baş verənlərə görə azalır,” Fatih Birol deyir.
Koronavirusla bağlı qorxular dünya bazarlarında çaxnaşma yaradıb və ekspertlər deyir ki, bununla yanaşı neftin qiymətinin kəskin düşməsi iqtisadi tənəzzülə yol aça bilər.
Beynəlxalq Enerji Agentliyinin başçısı həm kiçim həm böyük ölkələr arasında həmrəyliyə çağırır çünki onun sözlərinə görə, təkcə bir iqtisadiyyatın çökməsi qlobal iqtisadiyyata təsir göstərə bilər.
Ukraynalı iqtisadçı Andrey Novak bildirib ki, neft qiymətlərinin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün böyük zərbə olacaq.
O, neft bazarındakı situasiyanın Rusiya rublunun 15% ucuzlaşmasına səbəb olduğunu söyləyib:
“Rusiya iqtisadiyyatı üçün yaranan situasiya fəlakətlidir. Bu, 1991-ci ili xatırladır. Bu tarixdə Fars körfəzi hadisələri ucbatından qiymət çöküşü yaşanmışdı. 1991-ci il SSRİ-nin parçalanması ili oldu. Oxşar situasiya indi də yaşanır”.
“Rusiya hazırkı neft böhranına tab gətirə biləcək bir iqtisadiyyata sahibdir. Çünki Rusiyanın kifayət qədər xarici valyuta ehtiyatı var. Hazırda Rusiyanın 600 milyard dollar dəyərində qızıl ehtiyatı mövcuddur. Səudiyyə Ərəbistanının isə 520 milyard həcmində valyuta ehtiyatı var. Lakin məsələ ABŞ üçün heç də ürəkaçan deyil. Bu gün ABŞ dünyada ən çox xarici borcu olan ölkədir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət ABŞ neftinin dəyərdən düşməsinə gətirib çıxarır”.
Bu sözləri politoloq Tofiq Abbasov Səudiyyə Ərəbistanın neft hasilatını artırmasından sonra dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edərkən deyib. O bildirib ki, iqtisadi göstəricilərə baxdıqda görə bilərik ki, ABŞ ən çox itirən dövlətdir:
“Regionda baş verən siyasi proseslər artıq iqtisadi sferaya da sirayət edib. Belə ki, Vyanada keçirilən “OPEK+” ölkələrinin konfransında neft hasilatının ixtisar edilməsi barədə danışıqların nəticəsiz qalması Səudiyyə Ərəbistanı ilə Rusiyanı üz-üzə qoydu. “OPEK+” ölkələri neft hasil edən ölkələrdir və bu ölkələr dünyada neftin vahid bazarda qiymətini təyin edir. Bu birliyə Rusiya, Azərbaycan, Qazaxıstanda daxildir. Əslində keçən il keçirilən samitdə “OPEK+” ölkələri arasında vahid qiymət və illik neft istehsalına dair razılaşma əldə edilmişdi. Yəni bununla neftin qiyməti stabil idi və aşağı düşmə ehtimalı çox az idi. Lakin bu il Vyanada keçirilən görüşdə Rusiya Səudiyyə Ərəbistanının irəli sürdüyü təkliflə razılaşmadı. Rusiyanın tələbi əslində bəlli idi. Rəsmi Moskva ötən ilin qəbul edilən razılaşmasının qüvvədə qalmasını tələb edirdi. Rusiyanın tələbinin nəzərə alınmaması səbəbi ilə danışıqlar yarımçıq qaldı və Rusiya görüşü yarımçıq tərk etdi”.
Politoloq qeyd edib ki, Rusiya Vyanadakı görüş sonrası Səudiyyə Ərəbistanının belə bir addım atacağını bilirdi:
“İstənilən ölkə hər hansı qərar qəbul edərkən müsbət və mənfi nəticələri nəzərə alır. Bu mənada Rusiya da Vyanada keçirilən tədbirdə belə bir hərəkət edəndə bunun nəticələrini nəzərə almışdı. Bu gün belə bir yanlış düşüncə var ki, neftin qiymətinin kəskin düşməsi Rusiyanın iqtisadiyyatını çökdürəcək. Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın ilk neft-qaz ixrac edən ölkələrindədir. Yəni bu sahədə kifayət qədər təcrübəyə malikdir. Bu baxımdan Rusiyanın belə fors-major situasiyalara qarşı mütləq bir planı var”.