Ermənistan ordusuna virus düşüb Dünya
Dünən, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Şuşan Stepanyan orduda koronavirusa yoluxmalarla bağlı yayılan xəbərləri təkzib edib.
“Hal-hazırda sağlamlıq şikayətləri və ya koronavirus şübhəsi olan hər hansı hərbi qulluqçumuz yoxdur”, - deyə o bildirib.
Stepanyan qeyd edib ki, bütün planlı və ya təxirəsalınmaz tədbirlər müəyyən bir müddətlik təxirə salınıb, yaxud ləğv edilib.
“Xüsusilə, bütün qapalı ərazilərdə toplanışlar, yığıncaqlar ləğv olunub, lakin aydın şəkildə bildirmək istəyirəm ki, söhbət döyüş problemləri ilə əlaqəli olmayan tədbirlərdən gedir”, - deyə o bildirib.
Lakin qeyd edək ki, ötən həftə Ermənistanda hərbi texnoloji “Tumo” mərkəzi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb kimi, mərkəzin 3 işçisində yeni növ koronavirusun aşkarlanması göstərilir.
Bundan başqa erməni KİV-lərində Ermənistan ordusunun 1 hərbi qulluqçusunun da koronavirusa yoluxması xəbərləri yayılıb.
Həmçinin Ermənistanın Yüksək Texnoloji Sənaye Nazirliyi və Müdafiə Nazirliyi koronavirusun yayılması risk və təhlükələrini nəzərə alaraq “ArmHaytek” tədbirini 2020-ci ilin oktyabrına qədər təxirə salmaqla bağlı birgə qərar qəbul edib.
Bu barədə Ermənistan Yüksək Texnoloji Sənaye Nazirliyi məlumat yayıb.
“Bildiririk ki, son zamanlar koronavirusun (COVID-19) yayılması risk və təhlükələrini nəzərə alaraq Ermənistan Yüksək Texnoloji Sənaye Nazirliyi və Müdafiə Nazirliyi “ArmHaytek” tədbirini 2020-ci ilin oktyabrına qədər təxirə salmaqla bağlı birgə qərar qəbul edib. Tədbirin baş tutacağı günlər barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “ArmHaytek” silahlanma və müdafiə texnologiyaları beynəlxalq sərgisi 2020-ci il martın 26-28-nə təyin olunmuşdu.
Ayın başlanğıcında yayılan xəbərlərə baxdıqda isə Gürcüstan KİV-lərinin təmas xəttində olan mənbələrə istinadən yaydığı ciddi məlumatlarla qarşılaşırıq.
Gürcü KİV-lərinin yaydığı məlumatlara əsasən, ayın ilik günlərindən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları baş verir.
“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Mən düşünürdüm ki, bu, hansısa infeksion xəstəlikdir. Ancaq dünən təxminən saat 09:00-dan 13:00-a kimi Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində oldum. Müşahidələrim onu göstərdi ki, təkcə bu müddət ərzində Ağdamdan 2 hərbi tibbi maşın 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşın 9 dəfə sürətli şəkildə ərazidən əsgər daşıyırdılar”, - mənbə bildirir.
Erməni əsgərlərinin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir: “Xəstələnmiş erməni əsgərləri Ağdərə və Xankəndində yerləşən hospitallara aparılıblar. Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Müşahidələrə əsasən, demək olar ki, Ermənistan ordusunda koronavirus yayılıb, lakin Ermənistan hökuməti hələ ki itkiləri gizlədir”.
Təqdim edilən məlumatlar, Şuşan Stepanyanın Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri kimi aparacağı fəaliyyətinin sələfi - Artsrun Hovhannisyandan heç də fərqlənməyəcəyini göstərir.