Ruhani islahat mesajı verir? Dünya

Ruhani islahat mesajı verir?

Azər Həsrət: "Düşünmürəm ki İranda islahatlar baş versin"
Əkbər Qoşalı: "Ruhaninin dediyi sözləri, öz imicinə uyğun atmalı olduğu addımları əsaslandırma cəhdi kimi də qiymətləndirmək olar"
Əli Orucov: "Qlobal dünyada izolyasiyada uzun müddət yaşamaq mümkün deyil"
Ramiz Alıyev: "Bu, İran rəhbərliyinin yeni yox, köhnə variantlarıdır"
Rövşən Ziya: "Həsən Ruhani artıq yaxşı başa düşür ki, gəncləri buxovlamaqla, onlara qadağalar qoymaqla, heç nəyə nail olmaq olmaz"

İranda hicab qadağası və internet filtrləmələrinə qarşı çıxan İran prezidenti Həsən Ruhani növbəti dəfə məcburi qadağalara qarşı olduğunu bəyan edib. İran prezidentinin rəsmi saytının məlumatına görə, Məşhəd şəhərində yerli fəallarla görüşdə etdiyi çıxışında Ruhani biri sıra məsələlərə, o cümlədən dini qadağalar, korrupsiyaya qarşı mübarizə məsələlərinə toxunub. "İctimai dəyərlər və baş örtüyünün əsgər və polis vasitəsilə təmin oluna bilmədiyini bu günə qədər təcrübədən keçirdik. Bu sahədə əsgər və polisin yerinə alimlərimiz, ziyalılarımız və universitet müəllimləri olmalıdır. Biz necə bir təbliğat və təşviqat metodundan istifadə edirik, əsgər və polisləmi? Bu işin başqa bir yolu yoxdurmu?", - deyə İran prezidenti bildirib.
İran prezidenti qeyd edib ki, elə şeylər var ki, onları zorla etmək olmaz. İslamın yaxşılığa dəvət, pislikdən çəkindirmək prinsipinə əsasən ictimai əxlaqi qaydalar ilk növbədə təbliğ yolu ilə xalqa çatdırılmalıdır. Yalnız bundan sonra qadağa və qanunların tətbiq oluna biləcəyini qeyd edən Ruhani "Allaha and olsun ki, bu gün yaşadığımız dünyada gəncləri inandırmaqdan başqa bir yolumuz yoxdur. Zorla olmur. Onu bağlatmaqla, bunu qadağan etməklə bir nəticə əldə etmək mümkün deyil. Divar çəkmək və filtrləməklə işin həll olunacağına zənn edirsiniz. Siz filtr tətbiq edirsiniz, onlar isə filtr qırma proqramı düzəldirlər. Bu problemlər qadağalarla həll olunmaz, əgər həll olunsaydı, bu günə qədər həllini tapardı", - deyə bildirib.
Bundan başqa korrupsiyaya qarşı mübarizəyə toxunan Həsən Ruhani bildirib ki, korrupsiyaya qarşı mübarizə və ölkənin inkişafı ilə bağlı fəaliyyətində heç bir şəxs və qurumdan qorxmadan fəaliyyətini davam etdirəcək. Ruhani bildirib ki, "dövlət korrupsiyaya qarşı mübarizədə texnologiyanın bütün imkanlarından istifadə etməlidir".
Bu növbəti blefdir, yoxsa islahat mesajı?
Siyasi şərhçi Azər Həsrət cəhalət içində olan İranda islahatlar baş verəcəyinə inanmadığını bildirdi: "Bu, sadəcə ictimai rəyi, özəlliklə də dünya ictimai rəyini aldatmaq üçün deyilən bir fikirdir".
Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı isə Ruhaninin sözlərinin ciddiyə almaq lazım gəldiyi qənaətindədir: "Ümumən islahatçı imicə malik bir rəhbər kimi xarakterizə edilən Həsən Ruhaninin dediyi sözləri, öz imicinə uyğun atmalı olduğu addımları əsaslandırma cəhdi kimi də qiymətləndirmək olar. Ən azından belə bir tablonun gerçəkləşməsi arzuolunandır. Arzuolunandır ki, Güney Azərbaycanda - öz dədə-baba torpaqlarında yaşayan milyonlarla insanımızın, özəlliklə də, onların böyük bir hissəsini təşkil edən gənclərin düşüncə, fikir, söz, mətbuat azadlığı tanınsın; Azərbaycandilli məktəblər, KİV-lər fəaliyyət göstərsin... Bu anlamda, Həsən Ruhaninin sözlərinin blef olmamasına ən azından inanmaq istərdim. İnanmaq istərdim ki, bu sözlərin arxasında dünyanın, tarixin idrak prosesi dayanır..."
Siyasi ekspert Əli Orucov vurğuladı ki, Həsən Ruhanidən qabaq İranda baş verən kütləvi aksiyalar, gənclərin bu aksiyalarda fəal iştirakı, özgürlük çağrışları
bu ölkədə yeniliklərin siqnallarını verirdi: "İranın hakim dairələri də çox yaxşı anlayırlar ki, qlobal dünyada izolyasiyada uzun müddət yaşamaq, özünü ədriclə rejimin ömrünü uzatmaq mümkün deyil. Digər müsəlman öklərindən fərqli olaraq İranda müasirlik, Avropa standartları inqilaba qədər mövcud olub. Bu dünyəvilik İran cəmiyyətinə öz təsirini saxlayıb. Ona görə də İranın prezidenti qapalı mühitin və cəmiyyətin əksinə təhlükə törətdiyini fərq edir. Müşahidələr göstərir ki, bu gün İranda islam ənənələri ilə idarəçilikdə yumşalmalar var. Güman edirəm ki, bir sıra islahatların aparılması mümkün olacaq".
Politoloq Ramiz Alıyev söylədi ki, bu, İran rəhbərliyinin yeni yox, köhnə variantlarıdır: "Belə ki hər zaman çətinliklə üzləşəndə, yəni gənclərin aktivliyini və təzyiqini görəndə, gənclərin dünyaya inteqrasiya etməkdə israrlı olduğunu gördükdə bu cür "tarixi blefləri"ndən istifadə edirlər. Əslində Həsən Ruhani bu sözləri ürəkdən deməsə də hazırki dönəm üçün vacib olanı deyib. Çünki ölkədə demokratiyanı boğmaqla gəncləri və bütünlükdə ictimaiyyəti hakimiyyətə qarşı çevirir. Müasir zamanda da bu kimi hallar hakimiyyətlərin inqlab yolu ilə devrilməsinə gətirib çıxarır. Həsən Ruhaninin bu bəyanatı tək ölkə gənclərinə hesablanmayıb. Burada dünya və qərb də nəzərə alınıb! Bu cür bəyanatlarla Qərbi də aldatmaq istəyirlər. Yəni biz, islahatlar haqqında düşünürük, sadəcə zaman lazımdır. Beləliklə də bir müddət həm beynəlxalq aləmi, həm də ölkə ictimaiyyətini bu cür metodlarla aldatmış olacaqlarını düşünürlər. Amma inanmıram ki, bü cür yalan bəyanatlarla İranda hazırda olan rejim getsin".
Araşdırmaçı jurnalist Rövşən Ziya vurğuladı ki, İranın indiki prezidenti barədə müsbət fikirlər səslənməkdədir: "Onun islahatçı olduğu söylənilir. Əslində bu islahatçılığı İranın həyata həyata keçirdiyi daxil və xarici siyasətdə də açıq şəkildə görmək olur. Həsən Ruhani prezident seçildikdən sonra İrana qarşı tətbiq edilən sanksiyaların bir çoxunun aradan qaldırılması, İran vətəndaşlarının bir qədər rahat nəfəs almasına səbəb oldu. Halbuki, əvvəlki prezidentlərin dövründə bu ölkənin həyata keçirdiyi nüvə siyasəti beynəlxalq və güclərin və dünya dövlətlərinin böyük narazılığına səbəb olurdu. Bunun nəticəsində də İran lokal müharibə qarşısında qalmışdı. Ancaq Ruhaninin dövlət başçısı seçilməsi müharibə təhlükəsinin və çoxsaylı sanksiyaların qarşısını aldı. Bu da onu dünyada yegəanə islahatpərəst İran prezidenti kimi tanıtdı. Bütün bunlara nəzər saldıqda, onun gənclərlə bağlı söylədiyi fikirləri blef yox, növbəti islahat xarakterli mesaj kimi dəyərləndirmək daha doğru olar. Məlum məsələdir ki, İranda uzun illərdir ki. gənclərə qarşı çox sərt siyasət yürüdülüb. Onların sərbəst olmalarına, fikir söyləmələrinə imkan verilməyib. Çünki, hər yerdə olduğu kimi, İranda da gənclik həmişə böyük qüvvə olub və zaman-zaman öz dövlətləri qarşısında sərt bəyanatlar verib, sərt addımlar atıblar. Həsən Ruhani artıq yaxşı başa düşür ki. gəncləri buxovlamaqla, onlara qadağalar qoymaqla, heç nəyə nail olmaq olmaz. Çünki, gənclik buxovlandıqca, daha da qəzəbli qüvvəyə çevrilə bilir".

Əli