Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) ümumi toplantısına qatılmaq üçün Nyu-Yorkdadır. Ərdoğana Nyu-Yorkda Türkiyənin xarici siyasəti barəsində bir çox suallar verilib. Bunlardan biri də İŞİD-in (İraq Şam İslam Dövləti) əsir götürdüyü 49 Türkiyə vətəndaşı azad ediləndən sonra rəsmi Ankaranın bu terror təşkilatına qarşı ABŞ-ın liderliyi ilə yaradılan koalisiyaya necə töhfə verəcəyi ilə bağlı olub. Türkiyə vətəndaşlarının İŞİD-in əsiri olduğu zaman Türkiyənin sadəcə humanitar yardım edə biləcəyi barədə açıqlamalarını xatırladan Ərdoğan yeni durumla əlaqədar belə deyib: "49 əsiri xilas edəndən sonra oturub müzakirə edəcəyimiz bir çox məsələ ola bilər. Terrora qarşı əsla tərəddüdümüz yoxdur. Çünki biz, terrora qarşı ciddi mübarizə aparan ölkəyik. Bu mübarizəni 40 min vətəndaşımzı itirərək davam etdiririk. Heç bir terror təşkilatına loyal yanaşmamız mümkün deyil...
Türkiyəni terrorla çiyin-çiyinə göstərmək istəyənlər var. Xüsusən də ABŞ-dakı bəzi mətbuat orqanları Türkiyəni hədəfə alıb. Məhz İŞİD məsələsində bəzi media orqanları tərəfindən son dərəcə haqsız xəbərlərə obyekt oluruq. Hər hansı terror təşkilatına dəstək verməyimiz qətiyyən mümkün deyil. O qnədər vicdansız, qaynağı olmayan iftiralar atırlar ki... İŞİD-lə neft ticarəti etdiyimiz deyirlər. Tamamilə yalandır, iftiradır...".
Türkiyənin "Hürriyyət" qəzeti isə yazır ki, Türkiyə Mosulda girov götürülən 49 diplomatın azadlığa buraxılması üçün İŞİD-in 50 üzvünü geri qaytarıb. Xəbərə görə İŞİD-ə təhvil verilən 50 girov arasında yanvar ayında Hələbdə öldürülən İŞİD komandirlərindən Hacı Bəkirin həyat yoldaşı və uşaqları da var. Məlumata görə, İŞİD-lə danışıqlar zamanı terror təşkilatı 49 girovun əvəzində Hacı Bəkirin ailəsinin də aralarında olduğu Təvhid Bölüyünün üzvlərinin azad edilməsini tələb edib. Türkiyə tərəfindən bu tələb qəbul edilib və türk diplomatları ilə eyni vaxtda Təvhid Bölüyünün üzvləri İŞİD-ə təslim edilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Suriyada "İslam Dövləti"nin mövqelərinin bombalanması qaçqınların yeni axınını yaradacaq. Onun sözlərinə görə, Ankara bu məsələni ABŞ rəhbərliyi ilə dəfələrlə müzakirə edib.
Ümumiyyətlə İŞİD-lə bağlı Türkiyənin ünvanına səsləndirilən ittihamlar nə dərəcədə həqiqəti əks etdirir?
Politoloq Arzu Hağıyev bildirib ki, əsas problem Türkiyə -Suriya münsibətindən və onun bu günkü durumu ilə bağlıdır: "Məlumdur ki, Suriyaya qarşı Türkiyənin münasibəti çoxdan qonşuluq müansibətindən kənara çıxıb və İŞİD vasitəsilə Suriyanın parçalanması və ya iqtidarın dəyişdirilməsi yerinə düşdü. Bundan başqa demək olar ki, İŞİD-in tərkibində döyüşmək üçün yola düşən "dindar"lar əsasən Türkiyə sərhədləri vasitəsilə Suriyaya getmişdilər. Mən iddia etmirəm ki, Türkiyə hökuməti buna bilərəkdən şərait yaradırdı. Ancaq hər halda bütün məlumatlar bunu göstərirdi. İŞİD-lə bağlı əsas fikirlərdən biri bu qruplaşmaya maliyyə dəstəyinin Türkiyə və Qətərdən gəlməsi fikri ilə bağlıdır. Türkiyə prezidenti Ərdoğanın son olaraq ABŞ səfərindən öncə Qətərə getməsi göstərdi ki, Türkiyəyə bu məsələdə siyasəti dəyişmək tövsiyə olunub. Bu da ona işarədir ki, artıq İŞİD necə deyərlər, öz dayaqlarını itirir. Eyni zamanda cənab Ərdoğanın səfərindən bir neçə gün sonra uzun müddət girovluqda saxlanan qırxdan çox diplomat azad edildi. Maraqlıdır ki, İŞİD ortaya çıxdığı gündən bu yana Fələstin-İsrail mövzusu sanki unudulub. Seçki ərəfəsində xarici siyasətlə bağlı Fələstinlə həmrəylik haqqında aparılan söhbətlər tənəzzülə uğradı. Lakin artıq hiss olunur ki, münasibətlərdə müəyyən dəyişikliklər var. Belə ki, hər gün İŞİD zülmündən qaçaıb canlarını qurtaran, milli mənsubiyyətindən asılı olmayaraq minlərlə insan sığınacaq məqsədilə Suriya - Türkiyə sərhədi vasitəsilə Türkiyəyə pənah gətirir və qəbul edilirlər. Türkiyə 3 gün ərzində Kobani kəndindən, kürdlər də daxil olmaqla, 138 min qaçqını qəbul edib. Digər tərfdən isə dəfələrlə Türkiyə tərəfindən Suriya və İraq rejiminə, daha doğrusu Əsəd və Maliki idarəçiliyinə xəbərdarlıqlar edilsə də, onlar bunu məsuliyyətini anlamaq istəmədilər. Bu gün hər iki dövlət parçalanma həddinə çatdılar. Bunun marağında olanlara isə heç də xalqın rifahı deyil, hər iki dövlətin təbii sərvətləri daha önəmlidir".
Politoloq Anar Turan dedi ki, özünü İŞİD elan edən bu terror qruplaşması ilə sıx əlaqələrə malik ölkələr arasında Türkiyənin də adı hallanır: "Məlumdur ki, bu qrupa qoşulanlar arasında türk vətəndaşları da var. Azərbaycandan, Şimali Qafqazdan gedən döyüşçülərin əksəriyyəti Türkiyə ərazisindən İraqa və Suriyaya daxil olmaqları barədə söz-söhbətlər dolaşır. İŞİD-in qarşı olduğu dövlətlərdən biri də məhz Türkiyədir. Hər halda Türkiyə böyük və güclü dövlətdir. Belə nüfuzlu dövlətlər nadir hallarda düşünülməmiş qərarlar verirlər. Türkiyə də Yaxın Şərq regionunu yaxşı tanıyır. Çünki vaxtilə bu ərazilərə 500 il hökm edib. İndi Türkiyənin prosesi nəzarətdə və diqqətdə saxlaması təbiidir".
Politoloq Fikrət Sadıxov isə vurğulayıb ki, Türkiyə bu və ya digər şəkildə İŞİD-lə mübarizəyə qoşula bilər: "Bundan əlavə rəsmi Ankara açıq şəkildə bəyan etmişdi ki, koalisiyada iştirakları haqda ona görə açıq danışmırdılar ki, təşkilatın əlində Türkiyə vətəndaşları əsir idi. Onlar bunu açıq etiraf etdilər. Ankaranın islam dünyasında balanslaşdırılmış siyasət apardığına görə, düşünmürəm ki, Türkiyə açıq şəkildə ABŞ-ın rəhbərliyi altında formalaşan koalisiyaya qoşula və radikalların İraq və Suriya ərazilərindəki mövqelərinə aviazərbələr endirə bilər. Ancaq hesab edirəm ki, Türkiyənin hər-hansı iştirak forması tapılacaq. İstənilən halda Türkiyə İŞİD-in zəifləməsi və tam məhv olmasında maraqlı olan qüvvələrə qoşulacaq".
Onun sözlərinə görə, İŞİD-in aparıcı Qərb dövlətlərinin, ABŞ-ın yaratdığını, bu ölkələr tərəfindən vaxtı ilə yaratdığı Əl-Qaidədən qopduğunu deyənlər var: "Lakin mən deməzdim ki, İŞİD dünya siyasətinin vacib oyunçuları tərəfindən maliyyələşir. Lakin rəsmi strukturları təmsil etməyən bəzi siyasi, maliyyə dairələri İŞİD-in mövcud olmasını, ayaqda dura bilməsini arzulayır. Eyni zamanda onlar "xilafət"in öz qarşısına qoyduğu tapşırıqların da yetirilməsində maraqlıdırlar. Bu qüvvələr mövcuddur. Elə belə güclər də İŞİD-i maliyyələşdirir. Digər tərəfdən isə hər şey olduqca sadədir. İŞİD İraqın şimalında neft yataqlarının bir hissəsini ələ keçirib ki, burada da neftin satışı dempinq qiymətlərlə həyata keçirilir. İŞİD bundan milyonlarla hesablanan dollar qazanır. Elə bu da radikalların maliyyələşdiyi mənbədir. Lakin xaricdən maliyyəşməyə ehtiyac həmişə var. Düşünürəm ki, bunda elə İŞİD-i maliyyələşdirən güclərin özləri də maraqlıdır. Bununla parallel olaraq İŞİD-in özünə inamı daha da artır. Təşkilat özünün qəddarlığı və kompromissizliyi ilə seçilir. Unutmamalıyıq ki, İslam dövlətinin tərəfində, bəzi məlumarlara əsasən, vaxtı ilə Səddam Hüseynin ordusunda xidmət etmiş zabitlər də döyüşür. Bu günə İŞİD-in maliyyələşməsi ciddi problem deyil".
O, həmçinin əlavə edib ki, bu gün İŞİD-in vəziyyətini ağır adlandırmaq çətindir: "Onlar, mən vurğuladım ki, sərtlikləri, qəddarlıqları və kompromissizlikləri ilə seçilirlər. İŞİD ələ keçirdiyi ərazisini genişləndirmək yolunda vəzifələrini fanatikliklə reallaşdırır. Onların planları çox ambisiyalıdır. İqtisadi infrastruktur yaradılıb, hərbi strukturlar da yaradılır. Belə vəziyyətdə mən deməzdim ki, İŞİD-in vəziyyəti həddən artıq zəifdir.
İŞİD-ə qarşı aparılacaq mübarizə qısamüddətli olmayacaq. ABŞ və onun müttəfiqləri bomba zərbələri vuracaq. İŞİD döyüşçüləri isə gizlənmək üçün yerlər axtaracaq. Bu, əlbətdə ki, müəyyən mənada onların Yaxın Şərqdə irəliləməsinin qarşısını alacaq. Lakin düşünmürəm ki, yaxın perspektivdə onları məhv etmək mümkün olacaq. Necə ki Əfqanıstanda Əl-Qaidəni və Talibanı məhv etmək mümkün olmadı. Ona görə də fanatikliyi və radikallığı ilə seçilən bu cür təşkilatları ümumiyyətcə məhv etmək çox çətindir".
Əli