ABŞ-ın yaratdığı boşluq Ermənistanla Azərbaycan arasında zorakılığın genişlənməsi riskini artırır Dünya

ABŞ-ın yaratdığı boşluq Ermənistanla Azərbaycan arasında zorakılığın genişlənməsi riskini artırır

1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi 20 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinin qarşısını alırdı. Bu, Avropada ən uzunmüddətli münaqişədir. Nəhayət, bu günlərdə atəşkəs pozuldu...
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda hərbi qarşıdurmalar sentyabrın 27-də başlayıb. Bu, tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanmasından bu yana ən miqyaslı hərbi əməliyyatlardır.
Döyüşlərin getdiyi Dağlıq Qarabağ regionu tamamilə ermənilərin nəzarətindədir. Halbuki, bölgə rəsmən Azərbaycan ərazisi kimi tanınır.
WorldMedia xəbər verir ki, britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas De Vaal “Politiko”da yazıb ki, döyüşlər hələ təzə başlayır. İki amil vəziyyəti daha da gərginləşdirə, dağıntıların miqyası arta bilər.
Birincisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı açıq-aşkar dəstəkləyir, Ermənistanın regionda sülh və təhlükəsizliyə ən böyük əngəl olduğunu söyləyir. Bu fövqəldövlət münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvüdür.
Ankara hər zaman qardaş dövlət hesab etdiyi Azərbaycana siyasi dəstək verib. Lakin indiyədək o, münaqişənin sülh yolu ilə həllinə çağırış edirdi. Bu üzdən bəzliləri hesab edirdi ki, Bakını səbirli davranmağa sövq edən qüvvə məhz Türkiyədir.
Görünən odur ki, artıq həmin günlər arxada qalıb, münaqişə ilə bağlı geosiyasi tarazlıq pozulub.
İkinci amil isə ABŞ-ın baş verənlərdən qeyri-adi tərzdə uzaq durmasıdır. Yeri gəlmişkən, Vaşinqton 1997-ci ildən Moskva və Parislə bərabər ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Hələ 2001-ci ildə, münaqişə ilə bağlı gərgin dövrdə ABŞ Azərbayan və Ermənistan prezidentlərini Floridada yerləşən Ki-Uestə dəvət etmişdi. Bu, Vaşinqtonun vasitəçiliyilə təşkil edilən ən böyük görüş idi. Həmin vaxt ABŞ münaqişənin həlli üçün konkret təkliflər belə, irəli sürmüşdü.
İndisə Birləşmiş Ştatlar Qarabağda baş verənlərlə bağlı ən sonda bəyanat yaymış fövqəldövlətdir. Bu, onun regiondakı maraqlarının azaldığını göstərir. Bu cür yanaşmanı prezident Donald Trampın Ermənistanla Azərbaycana yalnız biznes nöqteyi-nəzərdən baxması ilə izah etmək olar.
İstənilən halda, fakt ondan ibarətdir ki, ABŞ regional münaqişlərdən uzaq durur. Onu da unutmayaq ki, Dağlıq Qarabağ Suriya və Liviyadan sonra Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəldiyi üçüncü münaqişə bölgəsidir.
Gələk Avropa İttifaqına (Aİ). O, Balkanlardan fərqli olaraq, heç vaxt bu münaqişədə iştirak etməyib. Regionda müharibənin başladığı 1990-cı illərin əvvəllərində Aİ-nin bu bölgədə geosiyasi rolla bağlı iddiaları da yox idi. Bu, indi də belədir. 1997-ci ildən ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa isə bəzən münaqişəyə müdaxilə edib. Amma Fransa prezidentləri də heç zaman Qarabağ propleminin həlli istiqamətində qətiyyətli mövqe sərgiləməyiblər.
Məhz bütün bunların nətcisəsidir ki, Dağlıq Qarabağ münaqişənin həlli üçün beynəlxalq potensialdan istifadə edilməyib. Başqa sözlə, ötən illər ərzində bu istiqamətdə göstərilmiş sistemsiz diplomatik fəaliyyət hədər gedib. Müzakirələr yalnız tarixi 2006-cı ilə uzanan təməl sənədin formalaşdırılması, yaxid regiona ATƏT-in müşahidə missiyasının yerləşdirilməsi ətrafında gedib. Qərb daha ciddi məsələlərin həllinə girişməyib. Söhbət siyasi statusla bağlı problemin həllindən, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsindən, bu missiyanın tərkibinin müəyyən edilməsindən və s. gedir.
Hər halda, avropalılarla amerikalılar Qafqaz regionundakı, adını çətinliklə çəkdikləri bu münaqişə haqda boş-boş danışmaqla kifayətlənməməlidirlər. Onların problemin həlli üçün daha ciddi çalışmaqdan başqa yolları yoxdur. Hər kəs anlamalıdır ki, Cənubi Qafqazdakı bu münaqişənin alovlanması Türkiyənin iştirakı, İranın yaxınlığı, Rusiyanın sirli mövqeyi və buradan beynəlxalq neft-qaz kəmərlərinin keçməsi üzündən asanlıqla beynəxalq “başağrısı”na çevrilə bilər.
Əlbəttə, humanitar vəziyyəti də unutmaq olmaz. Bu bölgədə son genişmiqyaslı müharibə nəticəsində ən azı 20 min nəfər həyatını itirib, 1 milyon insan məcburi köçkünə çevrilib. Həmin savaşın bitməsindən bu yana hər iki tərəf ağır artelleriya, qırıcı, dron və uzaqmənzilli raketlər alıb. Bu dövrdə onlar ən hərbiləşmiş ölkələr sırasına daxil olublar. Odur ki, bu iki Avropa ölkəsində böyük dağıntılara imkan verilməməlidir.
ATƏT hələ 1992-ci ildə münaqişənin həllilə bağlı beynəlxalq konfransın keçirilməsinə çağırış etmişdi. Lakin o, hələ də baş tutmayıb. Beynəlxalq konfransın çağırılmasının zamanıdır.