İranın “nüvə haqqı”… Dünya

İranın “nüvə haqqı”…

Və ya hazırda nüvə silahına malik dövlətlər dünya üçün təhlükə deyilmi?

Cavid

Ötən ay İranın nüvə məsələsiylə bağlı rəsmi Tehranla "altılıq" arasında Vyanada keçirilən danışıqlar yenidən nəticəsiz qalıb. Danışıqların vaxtının daha 6 ay uzadılması qərara alınıb. Qərb İranı bu məsələdən çəkindirmək istəyir.
Qeyd edək ki, ABŞ başda olmaqla Qərbin bir sıra dövlətləri hətta İrana sanksiyalar tətbiq etməkdən də çəkinməyiblər. İsrai isə İranı müharibə ilə hədələyib. Səbəb isə İranın nüvə silahı əldə edərsə bütün region üçün təhlükəyə çevrilə biləcəyi göstərilir. İran isə bu məsələni dinc məqsədlər üçün həyata keçirəcəyini bəyanlayıb. İran rəsmiləri bildiriblər ki, ölkənin mövqeyi dəyişməzdir. Çünki, İran xalqı dinc məqsədlər üçün nüvə fəaliyyətlərinə malik olmağı öz haqqı hesab edir.
Amma çox maraqlıdır ki, hazırda nüvə silahına malik dövlətlər dünya üçün təhlükə deyilmi və bəs niyə nüvə silahına malik olmaları haqqı onlara verilir, bu silaha malik olmaq istəyən İran kimi dövlətin qarşısı kəsilir?
Xatırladaq ki, dünyada özünü müstəqil hesab edən ölkələrdən yalnız 9-u nüvə silahına malikdir.
Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə əsasən bu ölkələrdən 5-i - ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya digər dünya dövlətlərindən fərqli olan xüsusi statusa - "nüvə ölkələri" statusuna malikdirlər.
Daha doğrusu, yalnız bu ölkələrin nüvə silahı əldə etmək "hüququ" vardır. Yalnız onlar digərləri üzərində öz hərbi üstünlüklərini saxlamaq və dünyanı idarə etmək üçün lazım olan "qadağaları" tətbiq edirlər. Lakin bu müqaviləyə qoşulmayan Hindistan, Pakistan, Şimali Koreya və İsrail də sonrakı illərdə nüvə silahını əldə etdilər. Heç şübhə yoxdur ki, İsrailin nüvə arsenalı da ABŞ-ın xüsusi dəstəyi ilə yaradıldı. Bu azmış kimi, 189 ölkənin qoşulduğu Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə məhəl qoymayan İsrail Cənubi Afrika Respublikasının nüvə silahının hazırlanmasında da yaxından iştirak edib.
Qeyri-rəsmi məlumatlara görə, İsrail 200-ə yaxın nüvə başlığına malikdir. Bu, təqribən Çinin malik olduğu nüvə başlıqları qədərdir. ABŞ-dan böyük miqdarda hərbi yardımlar alan və nüvə silahına malik olan İsrail, heç şübhəsiz ki, raketdən müdafiə sistemləri olmayan və hərbi cəhətdən zəif olan regional dövlətlər üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
İnsanlıq tarixinə qara hərflərlə yazılmış ilk nüvə faciəsi 1945-ci ilin 6 avqust tarixində baş verdi. ABŞ-ın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ölkə rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi. 1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı atom bombasının zərbəsindən tamamilə məhv oldu. Nəticədə 70 min nəfər öldü, 140 min nəfər yaralandı. 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qaldı. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir.
Bundan 3 gün sonra - avqustun 9-u saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə "Fat Man" adlı Platonium-239 tipli atom bombasını atdı. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak oldu. Naqasaki bələdiyyəsinin açıqladığı rəsmi məlumata görə, 9 avqust 1945-ci ildə və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 min 124 nəfərdir.
SSRİ "İlk şimşək" kodu adlı özünün birinci atom bombasını 29 avqust 1949-cu ildə sınadı. İlk bombanın partladığı gündən 25 oktyabr 1990-cı il tarixinə qədər keçmiş SSRİ 715 nüvə sınağı keçirdi. İngiltərə 1952-ci ildə nüvə silah sahibi ölkələr klubunun üçüncü üzvü oldu.
İngiltərə "Qasırğa" kod adlı 25 kilotonluk nüvə silahını Avstraliya sahilləri yaxınlığında sınaqdan keçirdi. Mətbuatda İngiltərənin Avstraliyanın Maralinqa şəhəri yaxınlığında 14 sentyabr 1957-ci ildə keçirdiyi başqa bir sınaqdan fotogörüntülər yayıldı. 4 May 1956-cı ildə Marşall Adaları yaxınlarındakı nüvə sınağı da jurnalistlərin gözü qarşısında baş tutdu. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nüvə sınaqları keçirdiyi Enevetakın sakinləri zorla olsa da adadan köçürüldülər. Enevetakda 1951-ci ildə ümumilikdə 11 nüvə sınağı həyata keçirildi. Fransa 1960-cı ildə müstəmləkələrindən biri olan Əlcəzairdə ilk atom bombasını sınağını keçirməklə nüvə yarışana qoşulmuş oldu. Çin 16 oktyabr 1965-ci ildə "596" kod adlı ilk nüvə silahını sınaqdan keçirdi. Bu sınaqdan üç il sonra isə ilk termonüvə sınağı baş tutdu. Çin indiyə qədər 46 nüvə sınağı reallaşdırıb. Çinin 20 uzunmənzilli qitələrarası və mənzili 13 min kilometrə çatan ballistik mərmisi olan 400 nüvə silahına sahib olduğu bildirilir. Çin həmçinin 60 orta mənzilli mərmi və 150 bombardman təyyarəsinə sahibdir. 1974-cü ildə Hindistan nüvə silahının sınağını keçirmiş ilk nüvəsiz ölkə oldu.
Belə ki, ölkənin "Poqran" poliqonunda Hindistan Xarici İşlər Nazirliyinin müəyyən etdiyi kimi yeraltı "dinc nüvə partlayışı" həyata keçirildi. 1997-ci ildə isə Hindistan nüvə proqramının o zamankı rəhbəri bu partlaşın yalnız dinc məqsədli olmadığını etiraf etdi. O zaman saziş qeyri-nüvə ölkələrinə belə testlərin keçirilməsini qadağan etmirdi. Hindistanın havadan və raket sistemləri ilə nüvə silahları 2500 kilometr uzaqlıqdakı hədəfə çata bilir. Daha uzaqmənzilli raketlər hazırlamaq üçün işlərin görüldüyü bildirilir. Hindistan ilk sınaq zamanı Kanadanın köməyi ilə qurulan nüvə reaktorunda əldə edilən plutonamı istifadə etdi. 1998-ci ildə də 3 ayrı sınaq keçirildi. Hindistan dinc məqsədli nüvə enerjisi proqramında Rusiyadan kömək alır. Bəzi ekspertlər eyni texnologiyanın nüvə silahının inkişaf etdirilməsində istifadə edilməsindən narahatlıq edir. Pakistan 1998-ci ildən bu yana beş nüvə sınağının edildiyini söyləyir. Bəzi ekspertlər raketlərlə başlıqların tam olaraq modernləşdirilmədiyini, döyüş başlıqları ilə əsas hissənin ayrı-ayrı anbarlarda saxlanıldığını iddia edir.
Son illərdə Pakistan həm hərbi, həm də dinc məqsədlərə çatmağa imkan verən texnologiyaya çatmağa xüsusi səy göstərir. Nüvə mühəndisi olan A.Khanın 2004-cü ildə verdiyi müsahibəsində Pakistanın İran, Liviya və Şimali Koreya ilə nüvə texnologiyası sahəsində əməkdaşlığı barəsindəki fikirləri ciddi narahatlıq yaratdı. Ekspertlər İsrailin 100-200 arasında nüvə silahına sahib olduğunu qeyd edir. Ayrıca, İsrail ordusunun nüvə başlıqlı döyüş təyyarələri və üç sualtı qayığa malik olduğu bildirilir. İsrailin nüvə proqramının 1950-ci illərin əvvəlində başladığı və ilk bombanı da 1967-ci ildə çıxardığı güman edilir. 1986-cı ildə Mordehay Vanunu adlı nüvə mühəndisinin izahatları nəticəsində bəlli oldu ki, İsrailin nüvə proqramı güman ediləndən daha irəlidədir.
Ekspert Asif Həsənlinin fikrincə, İranla ABŞ arasında əlaqələr kəsiləndən bəri ABŞ bu ölkənin nüvə silahına malik olmaq niyyətini gündəmə gətirdi, uzun illər sanksiyalar tətbiq etdi, hədələdi və bölgədə müharibə şəraiti yaratdı: "Deməli, ABŞ-ın öz maraqları, öz siyasəti, öz mənafeyi və öz xətti hər şeydən – BMT-dən, müqavilə bağladığı ölkələr¬dən, haqdan, ədalətdən, hətta insanlıqdan da üstündür. Heç də təəccüblü deyil ki, başqa ölkələrdən üstün olmaq ABŞ-ın başlıca prioritetlərindən biridir. Buna görə də dün¬yada öz hegemon siyasətini yürütməkdə davam edir, istənilən ölkəyə hücum edir, istənilən dövlətin rejimini dəyişdir¬məyə nail olur, istənilən dövlət başçısını diktator adı altında hücuma məruz qoyur, istənilən ölkədə inqilabi çevriliş hazırlayır. Ən paradoksal həqiqət də budur ki, bu gün əsasən ABŞ tərəfindən təhdidlərlə üzləşən İran elə həmin ABŞ-ın özü tərəfindən vaxtilə dəstəklənir¬di.
Bu, həmin ABŞ idi ki, İranın nüvə silahına sahib olmasını istəyir və bu məqsədə çatmaq üçün hər bir yardım göstərirdi. Nə üçün? Çünki İran dünyanın ən böyük dövləti olan SSRİ-nin sərhəddində yerləşirdi və ABŞ-la siyasi düşmən olan bu nəhəng dövləti "vurmaq" üçün İrandan istifadə etmək niyyətində idi. Buna görə də İranın nüvə proqramı məhz Vaşinqtonda hazırlanmışdı. SSRİ dağılandan, İranda rejim dəyişəndən və bu rejim ABŞ-ı rədd edəndən sonra ABŞ öz "ikili standart"ını işə saldı və "ədaləti axtarmağa" başladı. Bu "ədaləti" İranın nüvə silahına sahib olmaq istəyinə qarşı mübarizədə "tapdı" və dərhal əməli işə keçdi:
"İranın nüvə silahına sahib olması BMT prinsiplərinə ziddir, dünyada təhlükə yaradır, başqa xalqların təhlükəsiz ya¬şamasına mane olur, İran təhlükəli ölkədir və s." bəyanatlarla dünyanı çaşdırmaq istədi. Amma bu bəyanatların məğzi artıq hamyıa bəllidir və bu bayatıların Liviyada, İraq da və başqa müsəlman ölkələrində necə oxunmasını dünya ictimaiyyəti yaxşı bilir!.. Əgər ABŞ demokratik və sülhsevər ölkə idisə, nə üçün 12 il ər zində İrana nüvə enerjisi ixrac edirdi? Əgər həqiqətən dünyada sülhü və sabitliyi qorumaq vəzifəsini yerinə yetirirdisə, niyə İranda nüvə reaktorlarını işə salmağa cəhd göstərirdi?
Bu suala hələ o zamankı ABŞ rəhbərliyi belə cavab verirdi: "Biz dünyada balanslaşdırılmış siyasət yürüdürük və öl¬kələr arasında hərbi-siyasi tarazlığın qorunmasına çalışırıq". O zaman daha bir sual meydana çıxır: "Yaxşı, əgər ABŞ həqiqətən dünyada hərbi-siyasi tarazlığın qorunmasına səy göstərirdisə, onda nə üçün XX əsrin 90-cı illərin də İran yenidən nüvə proqramını davam etdirəndə ona qarşı çıxdı və dərhal sanksiyalar tətbiq etməyə başladı? Onda o balanslaşdırılmış siyasət hara getdi?"
Bu sualın cavabı isə birmənalı olaraq belədir: "Çünki 60-70 illərdə İran ABŞ-ın dostu idi, 80-90-cı illərdə isə Rusiyanın dostu oldu. Ağ Evin fikrin cə, ABŞ-ın dostu nüvə silahına malik ola bilər, amma Rusiyanın dostu bu silaha malik ola bilməz". Əsl paradoks, elə deyilmi? ABŞ-ın iç üzü elə buradaca göründü və aydın oldu ki, ABŞ üçün kimin nüvə silahına malik olub-olmamasının fərqi yoxdur. Bunun üçün təkcə bir və əsas şərt olmalıdır: "Nüvə silahı ABŞ-ın köməyi ilə əldə olunmalı, həmin ölkə həmişə ABŞ-dan asılı olmalı, onun diqtəsilə oturub durmalı və ABŞ-ın forpostuna çevrilməlidir!" Yalnız belə olan təqdirdə İran kimi ölkələr nüvə silahına sahib çıxa bilər. Bax, ABŞ-ın "demokratiya"sı və "huma¬nizm"i budur! Buna görə də 2002-ci ildən etibarən ABŞ İranı hədələməyə başladı və bu ölkəni "qara siyahı"ya saldı".