6 Yanvar 2021 19:17
2 492.jpg)
ABŞ Maliyyə Nazirliyi yanvarın 5-də bəyanat yayaraq, İranın polad sənayesi ilə əlaqədə olan 16 şirkətə və 1 şəxsə qarşı sanksiya qoyduğunu bildirib. Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları Donald Trampın prezidentliyinin son günlərinə təsadüf edib.
Bəyanatda bildirilir ki, İranın filiz və polad sənayesi ilə əməkdaşlıq edən şirkətlər və şəxslərin adları ABŞ Maliyyə Nazirliyinin qara siyahısına salınıb.
Sanksiyalara məruz qalan xarici şirkətlərdən biri karbon materiallarının istehsalı ilə məşğul olan Çinin Kaifeng Pingmei New Carbon Materials Technology Co. Şirkəti (KFCC) dir. Bildirilir ki, həmin şirkət 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayına qədər müxtəlif yollarla İranın polad sənayesinə minlərlə ton material satmaqda günahlandırılır.
Bəyanatda qeyd olunur ki, İran rejimi filiz sənayesindən əldə etdiyi gəlirləri dünyada sabitliyə qarşı yönələn təxribatçı fəaliyyətlərə sərf edir.
Yeni sanksiyalar siyahısına salınan İran şirkətləri arasında “Hafiz Dərya Ariya Gəmiçilik” Şirkəti və onun icraçı direktoru Məcid Səcdə, “Pasargad Çelik Kompleksi, “Əlbürzi- Qərb Polad Kompleksi”, “İranian Zərənd Polad Kompleksi”, “Gilan Polad Kompleksi”, “Xəzər Polad Dəmir Əritmə Kompleksi”, “Binab Sənaye Polad Kompleksi”, “İranian Sircan Polad Kompleksi”, və “Esfərayen Sənaye Kompleksi” şirkətlərinin adları var.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, İranın filiz sənayesi sektoru islam respublikasının fasid və korrupsioner rəhbərlərinə külli miqdarda gəlir gətirir və onlar həmin pulları şər xarakterli dağıdıcı fəaliyyətlərinə, o cümlədən də xarici terrorçu qruplaşmaları maliyyələşdirməyə, kütləvi qırğın silahlarını yaymağa, ölkə daxilində isə insan hüquqlarını pozmağa sərf edirlər.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bununla bağlı mediaya açıqlamasında Tramp administrasiyasının İranın maliyyə gəlirlərinin qarşısını almaq üçün üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasından danışıb: “Tramp hökuməti terror qruplaşmalarını maliyyələşdirdiyinə, repressiv rejimlərə dəstək verdiyinə və kütləvi qırğın silahlarını əldə etməyə cəhd göstərdiyinə, eləcə də ölkənin daxilində və xaricində insan hüquqlarını pozduğuna görə, İran rejiminə qarşı təzyiqini davam etdirəcək”, -deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.