KXDR milli nüvə qüvvələrinin yaradılmasını yekunlaşdırıb Dünya

KXDR milli nüvə qüvvələrinin yaradılmasını yekunlaşdırıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Koreyanın Əmək Partiyasının VIII qurultayında partiyanın baş katibi seçilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Yanvarın 10-da Koreya Əmək Partiyasının VIII qurultayında iştirak edənlərin nizamnaməsindəki dəyişiklikləri təsdiqlədikləri və bundan sonrakı qurultayların hər beş ildən bir çağırılacağı bildirilir.

KXDR lideri həmçinin ölkənin milli nüvə qüvvələrinin yaradılmasının başa çatdığını vurğulayıb.

Çen In daha əvvəl yanvarın 5-də açılan Koreya Əmək Partiyasının VIII qurultayında ölkə səlahiyyətlilərinin nüvə silahı daşıyan raketlərinin təsir radiusunu 15 min km-ə qədər artırmaq niyyətində olduqlarını bildirib. O raketlərin təsir radiusunun genişləndirilməsinin eyni zamanda düşmən hədəflərinə dəqiq zərbə endirmə imkanı ilə birləşdiriləcəyini qeyd edib.

Ötən ilin dekabr ayının sonunda "Yonhap" xəbər agentliyi Cənubi Koreya Siyasi Tədqiqatlar İnstitutunun hesabatına istinad edərək, ABŞ-Şimali Koreya nüvə danışıqları çıxılmaz vəziyyətdən çıxmazsa, KXDR-in yeni seçilmiş prezident Cozef Baydenin rəhbərliyinin ilk aylarında qitələrarası ballistik raket sınaya biləcəyini iddia edib. Oktyabr ayında isə hərbi paradda ABŞ-ın materik hissəsinin hər yerinə çata biləcək, təxmini təsir məsafəsi 12,874 km olan təkmilləşdirilmiş "Xvason-15" də daxil olmaqla, yeni ballistik raketlər nümayiş olundu.