ABŞ-la Rusiyanın bölgədə nüfuz savaşı Dünya

ABŞ-la Rusiyanın bölgədə nüfuz savaşı

Güclər Qarabağ münaqişəsinin həllində "maraqlı" olduqlarını gizlətmirlər

Cavid

Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey Markovun Bakıda keçirdiyi mətbuat konfransında "Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir" deməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Markov Rusiyanın Ermənistanla Azərbaycan arasında əldə ediləcək böyük tarixi güzəştdə oynadığı roldan danışıb və bunun ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olacağını ehtimal edib. "Bu təşkilatın fəaliyyətində Amerika maraqları boğaza qədərdir", - deyə rusiyalı politoloq vurğulayır.
Markovun dediyindən belə başa düşülür ki, Rusiya Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştlə müraciət edəcək. "Azərbaycan - Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Qarabağ münaqişəsində müvəqqəti tarixi güzəşt üçün əsas yaranıb. Hazırda durum prinsipcə fərqlidir. Azərbaycan ordusu güclüdür, ölkənin iqtisadiyyatı güclənib. Erməni cəmiyyəti Qarabağ münaqişəsinin yaratğı blokadadan yorulub. Ermənistan Qarabağ ətrafında yeddi rayonu azad etməklə blokdadan çıxır, cəbhə xəttində gərginlik aşağı düşür. Əminəm ki, artıq bu istiqamətdə danışıqlar gedir", - deyə Markov vurğulayır.
Göründüyü kimi, Rusiya Qarabağ məsələsində Azərbaycanı vədlərlə öz orbitinə çəkməyə çalışır və bu, ATƏT-in Minsk qrupunun çərçivəsində Moskvanın ən böyük rəqibi olan Ağ Evi də hərəkətə keçirib. Mübahisəsiz demək olar ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri də məhz bununla bağlıdır. Postsovet məkanının çox yaxşı tanıyan xanım siyasətçi, böyük ehtimalla, münaqişənin həlli məsələsində Rusiyanı arxa plana atmaq üçün Azərbaycana daha cəlbedici əməkdaşlıq təklif edib.
Ümumiyyətlə, Qarabağ məsələsində Minsk qrupu üzvlərindən olan ABŞ və Rusiyanın mğvqeyinin üst-üstə düşdüyünü desək yanılmarıq. Bu dövlətlərin heç biri münaqişənin həllində maraqlı görünmürlər. Amma rəqabət baxımından ABŞ məsələ ilə bağlı bir az fəallaşanda Rusiya hansısa variantlara əl atmaq məcburiyyətində qalır.
Rusiya və Avrasiya məsələləri üzrə amerikalı mütəxəssis Cim Nikolun ABŞ Konqresinin Tədqiqatlar Xidmətinin "Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik məsələləri və ABŞ-ın maraqları" adlı hesabatında qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistana təzyiq göstərmək üçün istifadə edir. O, Ermənistanı müttəfiq kimi saxlayır, digər tərəfdən də regionda nüfuzunu artırmağa çalışır.
Müəllif hesabatında bildirir ki, 2009-cu ilin iyulunda Akvildə keçirilən görüşdə ABŞ, Fransa və Rusiya liderləri Cənubi Qafqazdakı "dondurulmuş münaqışələr"i, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edib, problemin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.
Vaşinqton hesab edir ki, Rusiyanın keçmiş sovet ölkələrində "nüfuz dairəsi" ideyası 21-ci əsrə xas deyil. Prezidentlər belə bir ortaq fikrə gəliblər ki, heç kim hərbi münaqişələrin bərpasında maraqlı deyil.
Analitik xatırladır ki, Sovet İttifaqı dağıldıqdan və Yeltsin dövründəki qarışıqlıqlardan sonra Putin erasının başlaması ilə Rusiyanın qlobal nüfuzunu və keçmiş sovet məkanında nüfuzunu bərpa etməsi sahəsində konsensus yarandı.
"O vaxtkı prezident Putin və onun ən yaxın siyasi müşavirləri qarşıya bu məqsədləri qoymuşdular və əmin idilər ki, Qərb, xüsusilə də ABŞ Yeltsin dövründə Rusiyada mövcud olan siyasi hərc-mərclikdən və ölkənin zəifliyindən yararlanıb. Putin və məsləhətçiləri belə hesab edirdilər ki, dünya səhnəsində əhəmiyyətli nüfuza malik olmaq Rusiyanın haqqıdır və onu bərpa etmək lazımdır", hesabatda belə deyilir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün bu günə qədər ATƏT-in Minsk Qrupunun, beynəlxalq aktyorların səmimi səyləri olmayıb. Əgər Minsk Qrupunun üzvləri, sadəcə, ABŞ və Rusiya hər ikisi birlikdə istəsəydi, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı.
Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağ münaqişəsinin çözülməməsinin Avropa siyasətinə təsir etməsinin şahidi oluruq və artıq münaqişənin həlli üçün səmimi səylərin ortaya qoyulması lazımdır: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən qadınlar, uşaqlar qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın işğal edilmiş torpaqlarında qətliamlar, Xocalı soyqırımı baş verdi. Bu münaqişənin tezliklə çözülməsi lazımdır. Avropa Birliyi ölkələrinin təmsilçiləri zamanında münaqişənin həllində səmimi səy göstərmədi, indi bunun bəzi mənfi təsirlərini özləri də görür".
Politoloq Nahid Aslansoy isə bildirib ki, Azərbaycan strateji cəhətdən böyük güclərin marağında olan bir dövlətdir. Dağlıq Qarabağ problemi isə son zamanlar istər Rusiya, istərsə də ABŞ üçün bölgə maraqları kontekstində çarpazlaşan məqamdır. Rusiya Ukraynada Avropa ilə apardığı dialoqdan sonra yenidən öz bölgə nüfuzunu gündəmə gətirmək istəyir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla deyil, Rusiya ilə müharibə aparmaq məcburiyyətindədir. Rusiya 7 rayonun geri qaytarılmasını gündəmə gətirməklə Qafqazın onun nüfuz dairəsində olduğunu ABŞ-ın diqqətinə çatdırmaq istəyir. Rusiyanın Azərbaycanla danışıqlar masasına oturma istəyinin səbəblərindən biri isə Azərbaycanın Avropanı enerji resusları ilə təmin etməsidir.
Onun sözlərinə görə, bu məqam birbaşa Avropanı Rusiyanın təsir dairəsindən və enerji asıllığından çıxmasına təsir edir: "Əslində münaqişənin həllində istər ABŞ, istərsə də Rusiya münaqişənin həllində ikili mövqe nümayiş etdirirlər. Rusiyanın Türkiyə ilə Avropa əleyhinə koalisiya yaratmağa maraq göstərməsi və Türkiyənin Qarabağ münaqişəsinin həllində maraqlı olması yenidən Rusiyanın bu problemin həllində əsas vasitəçi rolunu önə çəkir. Bir məqamı da unutmaq olmaz ki, ABŞ bölgədə xaos yaradaraq bölgəni nəzarətdə saxlama projesi bu günə qədər izlənilən ssenaridir. ABŞ-ın bir çox layihələrdə Azərbaycanla partnyor olması xaos senarisini ölkəmiz üçün səciyyəvi deyil. Ancaq ABŞ Qafqazda gücünün nümayişi üçün Qarabağ münaqişəsinin həllində öz mövqeyini ortaya qoyacaq. Bu sadəcə nüfuz xətrinə olan bir siyasi jest olacaq. Məsələnin həlli yönümündə isə heç bir dəyişiklik gözlənilmir".
Yeri gəlmişkən, Ermənistanın "Mediamaks" nəşrinə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Yerevanda deyib ki, ABŞ və Rusiya arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, Moskva və Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində həmrəydirlər.
Amerikalı həmsədr qeyd dib: "Biz Rusiya və Minsk qrupunun rusiyalı həmsədri ilə fəal çalışırıq və sülhə aparan yolu tapmağa cəhd edirik".
Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın Azərbaycana silah satmasına dair suala cavab verən C.Uorlik bildirib ki, bu, həmsədrlər arasında müzakirə olunan məsələlərdən deyil: "Biz narahatıq və təmas xəttində gərginliyin və qurbanların sayının artması ilə bağlı narahatlığımızı ifadə etmişik. Biz yenidən tərəfləri atəşkəsə hörmət etməyə və pozuntulara son qoymağa çağırırıq".