Rusiyaya miqrant axını zəifləyib Dünya

Rusiyaya miqrant axını zəifləyib

Bu, Moskvanın sərt miqrasiya siyasəti və miqrantlara aqressiv yanaşmasının göstəricisidir

Cavid

Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib. K.Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib.
O qeyd edib ki, hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar 33%, Qırğızıstandan 28,7%, Azərbaycandan 27,6%, Tacikistandan 23,4%, Moldovadan 23,4% azalıb.
Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan gələn miqrantların sayı 82%, Cənubi Koreyadan 71,8%, ABŞ-dan 38,6%, Yaponiyadan 37%, Niderlandan 36% artıb. Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib.
MDB məkanından Rusiyaya miqrant axının azalmasının səbəbini burada miqrantlara qarşı tətbiq edilən qaydaların sərtliyi və ölkədə baş verən proseslərlə əlaqələndirmək olar.
Rusiyanın imperialist siyasəti ölkə iqtisadiyyatına da böyük zərbələr endirib. Soçi Olimpiadasına 50 milyard dollardan çox pulun xərclənməsi, Ukrayna məsələsi ilə bağlı Qərbin rəsmi Moskvaya iqtisadi sanksiyalara hazırlaşması, qonşu dövlətlərə hərbi müdaxilə üçün çəkilən xərclər Rusiya iqtisadiyyatını çökdürdüyündən miqrantlar bu məkanı özləri üçün daha əlverişli saymır. Son məlumata görə, valyuta birjalarında Rusiya rublunun məzənnəsidə aşağı düşüb. Birja əməliyyatlarının ilk dəqiqələrindən 1 dollar 36,50 rubla satılıb, avronun qiyməti isə 50 rubldan yuxarı olub. Dollar-avro valyuta səbətinin dəyəri Rusiya Mərkəzi Bankı tərəfindən rubl üçün müəyyən edilmiş valyuta "koridoru" həddini aşıb. Müşahidəçilər rublun məzənnəsinin ucuzlaşmasını Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsilə əlaqələndirirlər.
Rusiyanln RTS valyuta birjasının indeksi psixiloji cəhətdən mühüm sayılan 1200 xal səviyyəsindən aşağı düşüb.
Rublun məzənnəsinin çökməsinin qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı təcili sürətdə rubl depozitlərinin faiz stavkasını 5,5%-dən 7%-dək qaldırıb, bundan sonra Rusiya valyutasının məzənnəsi sabitləşib.
Rusiyanın Ukraynaya gözünü dikməsi Vaşinqtonun iqtisadi silahını da işə salıb. ABŞ Rusiyanı ram etmək istəyir.
Bəzi ekspertlərə görə, Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana da təsir edəcək. Bəlkə də bu təhlükəni göz önünə alan MDB məkanındakı miqrantların Rusiyaya axını zəifləyib. Digər tərəfdən isə Rusiyada miqrantlara qarşı münasibətin kəskinləşməsi də miqrant axınını zəiflədən amillərdəndir. Hər həftə ölkə ərazisində bir miqrantın öldürüldüyü və yaxud da yaralandığı barədə məlumatlar dərc edilir. Bura qəbul edilən sərt qanun və qaydaları da əlavə etmək olar.
Onu da qeyd edək ki, Rusiyanın miqrantlarla bağlı sərt qaydalarından biri də xarici vətəndaşın icazə olmadan orada 90 gündən artıq qalarsa, onun ölkəyə girişinin 3 il qadağan olunacağıdır. Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) xətti ilə miqrasiya qanunvericiliyi ilə bağlı 30-a yaxın qanun layihəsi hazırlanıb.
FMX-nin mətbuat katibi Zalina Kornilova deyib ki, miqrasiya sahəsində mövcud qanunvericiliyə ciddi dəyişiklik edilib. FMX-nin departament rəhbərinin müavini Dmitri Demidenko isə çıxışında keçən il Rusiyaya 17,5 milyon miqrantın gəldiyini söyləyib. O, 2014-cü ildən etibarən miqrasiya qanunvericiliyi sayəsində tətbiq olunan yeniliklərdən danışıb. D.Demidenkonun sözlərinə görə, yeniliklərdən biri xarici tələbələrlə bağlıdır: "Belə ki, bundan sonra xarici tələbələr icazə almadan işləyə biləcəklər. Əvvəllər onların işləməsi üçün müvafiq qurumlardan icazə tələb olunurdusa, bu ildən bu tələb aradan qaldırılıb. Yeniliyə əsasən tələbələr təhsil aldıqları müddət ərzində (yay tətilləri də daxil olmaqla), Rusiya ərazisində çalışa biləcəklər. Digər tətbiq olunan yenilik isə xarici vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması sahəsindədir. Belə ki, xarici vətəndaşlar əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə ilə yanaşı, tibbi arayış da təqdim etməlidirlər. Bundan başqa, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Onlara patent və vergi ödəyicisi kartı verilməlidir. Bütün bunları əldə etdikdən sonra xarici vətəndaş əmək fəaliyyəti ilə məşğul ola bilər".
D.Demidenko qeyd edib ki, tətbiq olunan yeniliklərdən biri Rusiya ərazisində qalma müddəti ilə bağlıdır. Belə ki, xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Bundan başqa, hazırda xarici vətəndaşa 6 ay ərzində Rusiya ərazisində 90 gün qalmağa icazə verilir, əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur. Yəni bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.
FMX-nin qeydiyyat-pasport departamentinin rəhbəri Aleksandr Aksenov isə çıxışında mirantların qeydiyyata alındığı "rezin evlər"dən danışıb. Onun sözlərinə görə, "rezin evlər"in sahibləri 3 il müddətinə qədər azadlıqdan məhrum ediləcəklər. Rusiya ərazisində hazırda 11 min "rezin evlər"in aşkarlandığını söyləyən FMX rəsmisi hər bir "rezin ev"də 600 nəfər miqrantın qeydiyyata alındığını bildirib.
Digər bir sərt qanun isə miqrantların öz ailə üzvlərini Rusiyaya gətirməsini çətinləşdirməsiylə bağlıdır. Moskva merinin müavini Leonid Peçatnikov bildirib ki, dəyişikliyə əsasən, yalnız minimum istehlak səbətinin dəyərindən iki dəfə artıq maaş alan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyə razılıq veriləcək. Hazırda Moskvada minimum istehlak səbətinin dəyəri 11913 rubl, yaxud 400 dollardır. Dəyişiklikdən sonra ayda rəsmi olaraq 800 dollardan az maaş alan miqrantlar ailə üzvlərini Moskvaya apara bilməyəcəklər. Belə miqrantların ailə üzvləri Rusiya paytaxtına yalnız qısa müddətə, turist qismində gedə biləcəklər.
Miqrasiya qanunvericiliyinə təklif olunan digər dəyişikliyə əsasən, sahibkar işə götürdüyü hər xarici vətəndaş üçün dövlətə əlavə olaraq 200-400 dollar rüsum ödəməli olacaq. Bundan başqa sahibkar MDB ölkələrindən olan vətəndaşları nə üçün işə götürdüyünü dövlət qurumlarına əsaslandırmağa məcburdur. Sahibkarlar həmçinin miqrantların xidmətindən istifadə edirsə, büdcəyə ödədiyi gəlir vergisini üç ay əvvəldən ödəməyə məcbur ediləcək. Ekspertlərin fikrincə, tətbiq olunan bu qadağalar sahibkarların miqrantları işə götürməkdən imtina etməsinə yönəlib. Dəyişikliklər qəbul olunduqdan sonra Rusiyada çalışan miqrantların vətənə dönüşü daha intensiv xarakter ala bilər.
Elə bu qayda və qanunlardan irəli gəlir ki, bu ölkədə miqrantlarla bağlı həmişə xoşagəlməz proseslər cərəyan etməkdədir. Bu nəhəng ölkədə MDB məkanından, xüsusilə də, Cənubi Qafqaz regionundan olan miqrantlara qarşı total hücum kampaniyasına çoxdan start verilib. Rusiyanın paytaxtı Moskva şəhərində baş verən olaylar isə göstərir ki, hazırda Azərbaycandan olan miqratlar əsas hədəf vəziyyətinə gətiriliblər.
Paytaxt Moskvada hər gün yüzlərlə azərbaycanlı rus iqrçilərinin - "dazbaşlar"ın qəddar hücumlarına məruz qalırlar. Ona görə də hazırda bəzi müşahidəçilər bu olayların təhlükəli istiqamətlər almaqda olduğunu düşünürlər. Onların fikrincə, vaxtında qarşısı alınmayacağı təqdirdə, miqrantlara qarşı kütləvi basqınlar son nəticədə Rusiyadan köç prosesinin start götürməsinə yol aça bilər. Xüsusilə də azərbaycanlıların kütləvi şəkildə Rusiyadan geri vətənə köçü qətiyyən istisna edilmir. Bu haldasa, Azərbaycanın yeni siyasi-iqtisadi və humanitar problemlərlə üzləşə biləcəyi ehtimal olunur.
Artıq bu prosesin nəticəsi Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovskinin gətirdiyi statistikadan da görünür.