Nurçılar Türk ordusunda təşkilatlanıblar Dünya

Nurçılar Türk ordusunda təşkilatlanıblar

"Nurçular Türkiyə Silahlı Qüvvələrinin daxilində çox gizli təşkilatlanmaya sahibdirlər". Belə bir açıqlama ilə Türkiyə ordusunun hazırda həbsdə olan keçmiş polkovniki Əhməd Zəki Üçok çıxış edib. O, Türkiyə ordusunda nurçularla bağlı araşdırma aparan tək adam olduğuna görə həbsdə saxlanıldığını deyib: "Türkiyə Silahlı Qüvvələrində dövlət içində dövlətlə bağlı araşdırma aparan tək adamam. Ona görə də indi həbsdəyəm. Onlar artıq illərdir odunun içərisindədirlər. Üstəlik, hər biri müxtəlif vəzifələrdə artıq özlərinə yer ediblər. Silahlı Qüvvələr daxilində üçlü qruplar formasında tam gizli hərəkət edirlər. Ona görə onları tapmaq və yox etmək çox çətindir. Bir-birini tanımadıqlarına görə, ələ keçən adamın digərini ələ vermək şansı yaranmır. Onlar terror təşkilatları kimi kod adlarından istifadə edirlər. Bir dəfə onlardan birini yaxalayanda mənə dedi ki, böyüyümüzün kod adı Yusifdir. Amma onu tanımırıq və üzünü görməmişik".
Polkovnik Fətullah Gülən camaatına daxil olan müxtəlif biznesmenlərin bu araşdırmalara mane olmağa çalışdığını qeyd edib: "Apardığım araşdırmalardan sonra ilk dəfə onları Kayseridə üzə çıxartdıq və yasaqlaya bildik. Sonradan Hərbi Hava Qüvvələrində "İşıq evləri" təhqiqatı zamanı bir neçə dəfə müxtəlif iş adamları vasitəsiylə mənə təhdid dolu mesajlar göndərdilər. Bir dəfə iş adamlarında biri özü mənə dedi ki, sən Fətullah Gülənə çatmaq istəyirsən? Buna gücün çatmaz. Başqa biri vasitəsiylə isə, "Türkiyə Silahlı Qüvvələri içərisində yenidən təşkilatlanma olacaq. Ona görə də tərəfini doğru müəyyənləşdir" - mesajını göndərdilər. Məhkəməm olanda hakim əvvəl mənə bəraət vermişdi. Sonradan onu qadınlarla lüt şəkillərini yayımlayacaqları ilə təhdid etdilər və o da məni həbsə göndərdi".
Qeyd edək ki, Əhməd Zəki Üçok "Balyoz davası" zamanı tutulub. Ona qarşı aparılan 10 məhkəmə prosesində fətullahçılar tərəfindən cəmi 724 il həbs istənilib.
Hazırda Sincan həbsxanasındadır.