
Yüngül silahlar üzrə araşdırma dünyada silah ticarətinin daha təhlükəli tərəflərini ortaya çıxarıb
Cavid
Bu gün dünya silahlarla çalxalanır. Suriyadan İraqa, Sahel səhralarından Nigeriyaya qədər çox böyük ərazidə döyüşmək artıq daha asandır, belə ki, üsyançıların müharibə aparmaları üçün lazım olan silah növlərinin əldə edilməsi artıq heç də çətin deyil.
"Yüngül Silahlar üzrə Araşdırma" adlı tədqiqat layihəsinin "Silahlar və Dünya" (ing. "Small Arms Survey: Weapons and the World") başlıqlı son buraxılışında göstərilir ki, yüngül silahların qlobal səviyyədə ticarət dəyəri 2001 və 2011-ci illər arasında ikiqat artıb və o vaxtdan bəri artmağa davam edib. Belə ki, 2012-ci ildə silahlar üzrə köçürülən məbləğ beş milyard dollar olub. Yüngül silah üzrə qlobal bazarda şəffaflıq olmadığına görə, ola bilsin ki, ümumi məbləğ daha yüksəkdir.
Ümumiyyətlə, həm ixrac, həm də idxal baxımından yüngül silah bazarında üstünlük hələ də ABŞ-ın əlindədir.
Yüngül silahlar silahların hərəkətinə nəzarət etmək cəhdləri qarşısında bənzərsiz çətinliklər qoyur. Revolver və pistoletlərin, tüfəng və karabinlərin, avtomatik silahların, yüngül maşınlı silahların və hücum tüfənglərinin daxil olduğu yüngül silahların daşınması nisbətən asandır və bu gün dünyanın hər yerində üsyançı qruplar tərəfindən bu tip silahlardan istifadə olunur. Yaxşı təlim keçmiş bir qrup döyüşçü hücum tüfəngləri, bir neçə pulemyotla təchiz olunsa, çox güman ki, olduqca güclü bir qüvvə meydana gələr.
"Foreign Policy" bu məsələ ilə bağlı araşdırma aparıb. Bildirilir ki, ərəb baharından sonra Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitliyin yayılmasına kömək edən elə bu cür döyüşçülər olub və onların çoxlu sayda silah-sursat əldə edə bilmələri İraq, Suriya, Liviya və Malidə yüksəlmələrinə yol açıb. "Yüngül Silahlar üzrə Araşdırma" adlı tədqiqat layihəsinə görə, silahların başqa qruplara yönləndirilə biləcəyi və ya yaxşı məqsədlə istifadə edilməmə riskinin yüksək olmasına baxmayaraq, müxtəlif dövlətlər bu ölkələri silahla təmin etməyə davam edirlər.
Məsələn, məlumatda göstərilir ki, Misir "daxili repressiyalar" üçün istifadə edilə biləcək silahların ixracatına Aİ tərəfindən embarqo qoyulmasından sonra Çexiya istehsalçısından çoxlu sayda pistolet sifariş edib. Bu da Misirin Daxili İşlər Nazirliyinə 50 min pistolet və 10 milyon 9 mm çaplı güllə çatdırılması üzrə müqavilələrin imzalanması üçün istehsalçıya kifayət qədər vaxt qazandırıb.
Aİ tərəfindən tərəddüdlə tətbiq olunan embarqo və Vaşinqtonun müasir silahların daşınmasından imtina etməklə Qahirəyə təzyiq göstərməyə çalışması Misir kimi bir ölkənin silah tədarükçülərinin siyasi təzyiqinə qarşı özünü necə qoruya biləcəyini göstərir. Tədqiqat layihəsinin məlumatında qeyd edildiyi kimi Qərb ölkələrində göstərilən bu cəhdlər Misirin silah tədarükünə dair Rusiya ilə müqavilə ehtimalını araşdırmaq da daxil olmaqla, başqa yerlərə üz tutması ilə nəticələndi.
Ancaq beynəlxalq silah tədarükünün ərəb bahrından sonra vəziyyəti gərginləşdirməkdə oynadığı rolun araşdırılması cəhdi edilən nəqllərdə şəffaflıq olmaması nəticəsində ciddi şəkildə zəifləyir. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından bu yana bir neçə beynəlxalq qüvvə prezident Bəşər əl-Əsədə sadiq olan qüvvələr üçün nəzərdə tutulmuş silahların daşınmasının qarşısını almağa cəhd edib. Buna baxmayaraq, KİV göstərir ki, Rusiya, İran və Şimali Koreya bu rejimi silahla təmin etməyə davam edir.
Yuxarıda adı çəkilən tədqiqat layihəsi sabitliyin pozulduğu bu regionlara silah daşınmasının məhdudlaşdırılmasının tərəfdarı olsa da, bir sıra Qərb dövlətləri ekstremist qrup və repressiv rejimlərə qarşı müttəfiq hesab etdikləri üsyançı qruplara silah təmin edilməsinə davam ediblər. Məsələn, Kürd Peşmərgə qüvvələrinə Qərb tərəfindən silah göndərilməsi bu silahların yanlış əllərə gedib çıxacağı və ya yaxşı məqsədlər üçün istifadə olunmayacağı riski deməkdir. Bunun bir nümunəsi: Suriyanın Kobani şəhərində mühasirədə qalmış kürd qüvvələrinə ABŞ-a məxsus döyüş təyyarələri ilə silahlar göndəriləndə öldürücü qüvvəyə malik silahlardan bəziləri İslam dövlətinin əlinə, başqa bir vaxt isə ABŞ tərəfindən göndərilən hərbi ləvazimatlar İraq qüvvələri tərəfindən qara bazara çıxarıldıqdan sonra Suriyanın üsyançı qüvvələrinin əlinə keçmişdi.
Suriyanın üsyançı qüvvələrinin əlinə keçən digər silahların mənşəyi isə Sovet İttifaqı dağıldıqdan sonra geriyə qalan böyük silah ehtiyatlarından gəlir. Cənub-şərqi Avropada Sovet dövründən qalan silah ehtiyatları bir tərəfdən ixrac üçün imkanların olması deməkdir – məsələn, Xorvatiyada olan silahlar alınıb və ABŞ-la yaxşı əlaqələri olan üsyançılara yönləndirilib. Digər tərəfdən isə, bu ehtiyatlar yerli əhali üçün ciddi təhlükə təşkil edir. Verilən məlumatlara görə, Cənub-şərqi Avropada 1980 və 2014-cü illər arasında 51 partlayış olub və partlayışlar nəticəsində həlak olanların sayı 700-ü keçib.
Bir çox Balkan dövlətləri bu silah ehtiyatlarını tədricən aradan qaldırmağa başlayıb. Ancaq kommersiya prioritetləri bu cəhdin önünə keçib. "Yüngül silahlar üzrə Araşdırma" layihəsində bildirilənlərə əsasən bir çox dövlətlər silahları məhv etməzdən əvvəl onların "satış üçün yararlılığını" yoxlayırlar.
Yəqin ki, Soyuq müharibədən sonra qalan silahların yayılması ən çox Malidə kəskin şəkildə hiss olunub. Belə ki, burda hökumət son üç ildir Fransanın dəstəyi ilə separatçı üsyanı yatırmağa çalışır. Bu üsyan ərzində ölkəyə cihadçı döyüşçü və qruplar axın edib. Çox vaxt bildirilir ki, Mali münaqişəsi Liviyanın hakimiyyətdən devrilmiş diktatoru Müəmmar əl-Qəddafinin silah-sursat anbarından ötürülən silahlarla qızışdırılıb. Malidə üsyançı qüvvələrin münaqişədə qazandıqları döyüş təcrübəsi Qəddafinin məhvinə səbəb olsa da, aşkar edilib ki, üsyanda istifadə olunan silahlar əslində Mali hökumətinə məxsus anbarlarda saxlanılırmış. Malidə yoxlanılan sursatlar göstərir ki, bu silahların əksəriyyəti Çin və Sovet İttifaqı tərəfindən təmin edilib.
"Yüngül Silahlar üzrə Araşdırma" layihəsindəki məlumatlardan götürüləcək bir dərs varsa, o da budur: "Müttəfiq dövlətlər üçün təchiz edilən silahlar, adətən, 10, 20 və ya 30 il sonra heç gözləmədiyiniz düşmənlərin əlində yenidən ortaya çıxır."