İrəvanda yeni etiraz aksiyasına başlanıb Dünya

İrəvanda yeni etiraz aksiyasına başlanıb

Rusiya isə erməniləri sakitləşdirmək niyyətindədir

Cavid

İrəvanın mərkəzində mitinq edənlər yeni etiraz hərəkatına başlayıblar.
"İnterfaks" xəbər verir ki, bu barədə hərəkatın informasiya məsələləri üzrə məsulu Devid Sansaryan bildirib. "Hələ ki, adımız yoxdur. Lakin bunun formal hissəsi yox, tərkibi vacibdir. Hazırki vəziyyət üçün ən əsas amil vətəndaş hərəkatının düzgün formalaşdırılmasıdır"- deyə Sansaryan bildirib.
Sansaryan eləcə də əlavə edib ki, yeni hərəkat artıq yeni komitələrini yaratmağa nail olub və bunun üçün "sonrakı mübarizə üçün əsaslar" yaradılmasında "Talana yox" təşkilatçılarına təşəkkürünü bildirib. Bundan əlavə o yeni hərəkatın digər tələblər irəli sürəcəyini qeyd edib.
Xatırladaq ki, etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gün davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə edib və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.
Bu arada Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin sonuna kimi Ermənistana qazın, neft məhsullarının və almazın vergisiz çatdırılmasını uzadan razılaşma protokolunun təsdiqi haqqında qanun imzalayıb. Federasiya Şurası bu sənədi təsdiqləyib.
Bəzi məlumatlara görə, Rusiyadan 2014-cü ildə Ermənistana 1,8 milyard kubmetr təbii qaz, 222 min ton neft məhsulu ixrac edilib. Ötən ildə təbii qaz rüsumlarının sıfırlanması vaxtı Rusiya federal büdcəsində azalma təqribən 104 milyon dollar olub ki, bunun da 48 milyon dollarını neft məhsulları təşkil edib.
Rusiya Dövlət Dumasında iyunun 19-da təsdiqlənən Rusiya və Ermənistan hökumətləri arasındakı razılaşma protokoluna əsasən daxili istehlak üçün lazım olan təbii qaz, neft məhsulları və almazın 2016-cı ilə qədər Ermənistana vergi tutulmadan ixrac olunmasının vaxtı uzadılır. Bununla bağlı hökumətlərarası razılaşma 2013-cü il dekabrın 2-də, ona əlavə protokol isə 2014-cü il dekabrın 26-da imzalanıb və bu növ məhsulların ixracına görə bu il dekabrın 31-dək gömrük rüsumları tutulmayacaq.
Ermənistanın energetika və təbii resurslar naziri Yervand Zaxaryan bildirib ki, Ermənistanda istehlakçılar üçün qaz tarifləri bahalaşmayacaq. Keçirilən uzunmüddətli danışıqlar nəticəsində Rusiya qazının qiyməti 25 dollar Ermənistan üçün azaldılıb. Belə olan halda Ermənistanda bütün istehlakçılar üçün qazın qiymətləri dəyişdirilməyəcək. Ermənistana çatdırılan Rusiya qazının qiyməti min kubmetr üçün 190 dollar yox, 165 dollara başa gələcək. Buna bu ilin aprelində "Qazprom" ASC-nin rəhbəri ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında danışıqların gedişatında nail olunub. İndi bu sənədin rəsmiləşdirməsi üçün işlər görülür.
Təbii ki, Rusiya prezidentinin bu davranışı başa düşüləndir. Çünki İrəvanda son vaxtlar baş verən hadisələr bu forpost ölkənin Rusiyanın caynağından çıxacağı ehtimalını yaradırdı. Əhali "Rusiyanın əlaltısı" olan Serj Sarkisyanın hakimiyyətindən qəti narazıdır və bu rejimin devrilməsini çox istəyir. Moskva hadisələrin sonluğa doğru istiqamət almasını görüb, bəzi məhsulların İrəvana ixracı məsələsində güzəştə getməklə vəziyyəti öz tərəfinə dəyişmək istəyir.
Qərb isə hələlik Rusiyanın İrəvanla bağlı davranışlarını sakitcə izləyir. Ermənistanda hansı dəyişikliklərin baş verəcəyi yaxın zamanlarda açıq-aydın görünəcək. Elə bunun nəticəsi idi ki, İrəvanın mərkəzi Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi 12 gün davam etdi. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirdilər. Mitinq edənlər Serj Sarkisyandan qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması barədə qərarının tam şəkildə ləğvini istəyirlər.