Xaricdə çalışanlar üçün yeni qaydalar Hadisə

Xaricdə çalışanlar üçün yeni qaydalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası "Vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan vətəndaşları haqqında məlumatın verilməsi Qaydası"nı təsdiq edib.
İyulun 4-dən qüvvəyə minən bu qayda Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan vətəndaşları haqqında məlumatın verilməsi məsələlərini tənzimləyir.
Hüquqi şəxslərin vətəndaşların xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmaları ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edildikdən sonra onlar həmin müqavilələr əsasında Azərbaycan vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri vətəndaşlar haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Xarici İşlər Nazirliyinə vəDövlət Miqrasiya Xidmətinə məlumat verirlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir. Müqavilədə işləmək üçün xarici ölkəyə göndəriləcək vətəndaşlarla bağlı tibbi sığorta ilə əhatə olunması, konkret işlə təmin olunması, sosial müdafiələrinin beynəlxalq normalara uyğun təmin olunması, insan alverindən müdafiə də daxil olmaqla hüquqlarının beynəlxalq normalara uyğun qorunması, işləyəcəyi ölkənin qanunvericiliyinə uyğun olaraq viza, iş və yaşayış üçün icazə ilə təmin olunması, əmək şəraiti şərtləri (iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunmasını), müqavilə vaxtından əvvəl pozulduqda işə cəlb olunmuş vətəndaşların xarici ölkədə hüquqi vəziyyəti ilə bağlı öhdəliklər öz əksini tapmalıdır. Müqavilədə onun qüvvədə olduğu müddət və ona vaxtından əvvəl xitam verilməsi qaydası göstərilməlidir. Azərbaycan ərazisini tərk etməzdən azı 1 ay əvvəl bu tələblərə cavab verən əmək müqaviləsinin bir nüsxəsi xarici ölkədə işə cəlb olunan vətəndaşa çatdırılmalıdır.
Müqavilələrin təsdiq edilməsi üçün hüquqi şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ərizə və müqavilənin əsli təqdim etməlidirlər. Müqavilə xarici dildə olduqda, onun əsli ilə yanaşı, Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surəti də təqdim edilməlidir. Təsdiq edilmək üçün təqdim olunmuş müqavilələr nazirliyin Aparatının Məşğulluq siyasəti şöbəsi tərəfindən qəbul edilir, baxılır və 10 gün müddətində müqavilənin tələblərə uyğun olması barədə müvafiq rəy hazırlanır. Şöbə təqdim edilmiş sənədləri öz rəyi ilə birgə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il 22 iyul tarixli 11/7-155 nömrəli əmri ilə hüquqi şəxslərə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağlanılan müqavilələrin təsdiq edilməsi, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinin məqsədəuyğunluğuna dair rəy bildirilməsi məqsədi ilə yaradılmış Komissiya"ya təqdim edir. Komissiya təqdim olunan sənədlər əsasında 5 gün müddətində müqavilənin təsdiq edilməsi və ya onun təsdiq edilməsindən imtina barədə qərar qəbul edilir. Müqavilələrin təsdiqi və ya təsdiqindən imtina edilməsi ilə bağlı qərar qəbul edildikdə həmin qərar yazılı şəkildə 5 gün müddətində hüquqi şəxsə təqdim edilir. Komissiya Qaydada qeyd olunan tələblərə cavab vermədikdə, müqavilədə vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran müddəalar olduqda müqavilənin təsdiq edilməsindən imtina edir. Təsdiq edilmiş müqavilədə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə və ya müqavilə şərtlərinə əməl olunmaması müəyyən edildikdə nazirliyin Aparatının Məşğulluq siyasəti şöbəsinin rəyinə əsasən Komissiya müqavilənin təsdiq edilməsi haqqında əvvəl qəbul etdiyi qərarı ləğv edir. Hüquqi şəxslər vətəndaşlar Azərbaycan ərazisini tərk etməzdən azı 1 iş günü əvvəl onlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə elektron sənəd şəklində təqdim edirlər.
Yeni Qaydanın təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası "Vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 09 iyul 2002-ci il tarixli 9-5 nömrəli qərarını ləğv edib.