“Söylə dərdin bilənlərə”... Hadisə

“Söylə dərdin bilənlərə”...

Qurbani insan qəlbini oxumaqda mahir olub


Ömrü həmişə səyahətdə keçən el şairi Qurbaninin həyatı müxtəlif təbiətli insanlar arasında keçib, kamillə nadanı, mərdlə namərdi, yaxşı ilə yamanı görüb seçmiş, onları naşı bağbanla şeyda bülbül kimi qarşılaşdırıb. Ona görə də Qurbaninin əsərlərində həyat fəlsəfəsi güclüdür, onun sözləri çox zaman ağıllı ağsaqqal məsləhəti kimi səslənir:

Söylə dərdin bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzünə gülənlərə
Etibar eləmək olmaz.
Dərd biləni dərd bilməzə
Giriftar eyləmək olmaz.

Qurbani gəncliyində dost tutduğu, ülfət qıldığı, etibar elədiyi adamların sonralar naqis və casus olduqlarını görüb öz səhvlərini başa düşür. Onun "Eylədim" rədifli şeirindən də aydın olur ki, həqiqətən də dost bildiyi adamların toruna düşmüş, onlardan böyük zərər görüb.

Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadü bidad eylədim.
Öz əlimlə yıxdım özüm evimi
Müddəilər evin abad eylədim.
...Qurbani der: bir namərdin yolunda
Cavan ömrüm heyif bərbad eylədim.

Qurbaninin feodal mühitinin adamlarını kamilliyə səsləyən şeirlərinin gücü ondadır ki, o, humanist və bəşəri fikirlərini xalq şeirinin, ozan ədəbiyyatının ölçülərində, xalqın bədii anlamalarında deməyi bacarıb. Buna görə də Qurbani şeirləri beş yüz ildən artıqdır ki, hafizələrdə yaşamaq qüdrətinə malik olub. Şairin "Bənövşə" rədifli şeiri o dövrün ən yüksək poetik nümunələrindəndir. Burada həyatı dərindən bilən insan, cəmiyyət və təbiət arasındakı üzvi bağlılığı aydın dərk edən şair onu çox şirin, duyumlu poetik nəfəslə canlandırıb. İnsanda ən yüksək mənəvi keyfiyyəti olan sadəlik, zəriflik zamanın ədalətsiz qanunları qarşısında sınır. Lakin Qurbani şeirində o, məğlubiyyət hesab olunmur. O, gözəlliyin, dözümün bir forması kimi portretləşdirilir.

Başına döndüyüm ay qəşəng pəri,
Adətdir dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər dəstə bağla
Tər buxaq altında düz bənövşəni.

Qurbani poeziyasında bədii deyim həyat həqiqətlərindən qidalandığına görə ictimai mündəricə zəngin və dolğundur. El şairi elin həmdərdi olub, elin qəminə qəmlənmiş, sevincinə sevinib. O, sevincə də, qəmə də sadəcə olaraq gərdişin vərdişi kimi yox, feodal ictimai münasibətlərinin, orta əsr əxlaq normalarının mahiyyətindən doğduğunu aydın dərk edib, bütün bu ictimai-həyati görüşlərini xalq ruhuna məxsus boyalarla təsvir etməyi bacarıb. Görkəmli el şairinin adı ilə bağlı yaradılmış çoxversiyalılığı və çoxvariantlılığı ilə seçilən "Qurbani" dastanı "Əsli-Kərəm", "Tahir-Zöhrə", "Aşıq Qərib" dastanları qədər Şərqdə geniş yayılmasa da, qonşu ölkələrdə, eləcə də Azərbaycan ədəbi mühitində özünəməxsus bədii keyfiyyəti ilə seçilmiş və aşıqların repertuarında geniş yer tutub.
"Qurbani" dastanının Gəncə, Diri və Zəncan adı ilə bağlı üç versiyası və hələlik on variantı yazıya alınıb. Gəncə və Diri versiyaları beşcildlik "Azərbaycan dastanları"nda çap olunub. Lakin Zəncan versiyası və digər variantlar bütövlükdə çap olunmadığından "Qurbani" dastanı haqqında geniş və ətraflı fikir söyləmək çətindir. Çap olunan versiyalar da hələ mükəmməl və tam nüsxələr deyil. Qurbani və "Qurbani" dastanından bəhs edən tədqiqatçıların bəzilərinin fikrincə, XVI əsrdə yaşamış el aşığı Qurbani bu dastanın ilk müəllifidir. Aşığın xələfləri sonralar dastanın yeni-yeni variantlarını yaradıblar. İkinci ehtimal ondan ibarətdir ki, bu hadisələr həqiqətən Qurbaninin həyatında baş verib. O da bu münasibətlə şeirlər söyləyib və bu şeirlərin əsasında Gəncə və Qarabağ aşıqları çoxvariantlı "Qurbani" dastanını yaradıblar. Çap olunmuş Gəncə və Diri versiyalarını, həmçinin M.H.Təhmasibin istifadə etdiyi Zəncan versiyasını tutuşdurduqda bu versiyalar arasında ana xəttin sabit qaldığını görmək olar və onların poetik tərkibi Qurbaninin şeirlərindən ibarətdir.
"Qurbani" dastanının Diri və Zəncan versiyalarına nisbətən Gəncə versiyası daha zəngindir. Aşıqlar arasında da Gəncə versiyası geniş yayılıb. Qurbaninin Diri kəndindən qədim Gəncəyə səfəri, Gəncənin mürəkkəb həyatının təsviri dastanın əsasını təşkil edir. Gəncənin ictimai mühiti, şəhərdəki ixtilaf və ziddiyyətlər, tarixi şəxsiyyətlərlə görüşlər, Qurbaninin el şairi və aşığı kimi bu hadisələr burulğanına düşməsi və öz məqsədi uğrunda mübarizə aparması dastana ictimai-siyasi məzmun verib, onu daha da zənginləşdirib.
Əlbəttə, "Qurbani" məhəbbət dastanıdır və dastanda Aşıq Qurbaninin başına gələn macəralar təsvir olunub. Bununla belə dastandakı konkret coğrafi, tarixi-ədəbi mühit, real tarixi hadisələr və şəxsiyyətlər onu müəyyən tarixi dövrlə bağlayır. Gəncədə Ziyadoğlular səltənətinin təsviri, məşhur el aşığı Dədə Yediyarla görüş və s. dastanın zaman və məkan hüdudunu müəyyənləşdirməyə imkan verir. Dastandakı hadisələr Araz sahilində Xudafərin körpüsü yaxınlığında Diri kəndində baş verir (Diri versiyatında da həmin yer təsvir olunur). Qurbani burada yoxsullaşıb, xanlıq səltənətini itirmiş bir ailədə dünyaya gəlir. Nəzir-niyazla dünyaya gələn Qurbani mollaxanada tərbiyə alır. Yoxsul atanın bu yeganə övladı qabiliyyətli, zehinli, ayıq, bacarıqlı və gözəl bir gəncdir. Atasının yoxsul və yazıq görkəmi oğlunu sıxır. O, bu vəziyyəti daxilən yaşayır və düşünür. Qurbani Diri kəndində çöldə yer şumladığı zaman mağarada yatıb buta alır. Qurbani butadan sonra daha da kamilləşir, təriqətləri, yol-ərkanı dərk edir, saz çalıb oxumağı, sinədən söz deməyi, ürəkləri fəth etməyi, fikirləri oxumaq qüdrətini əxz edir. Bütün bunlarla yanaşı, həm də eşq badəsini içirib gəncəli Ziyad xanın qızını ona buta veriblər.
Qurbaninin həyatının bu mərhələsi əslində dastanın başlanğıcı və birinci hissəsidir. Əsas əhvalatlar, Qurbaninin keşməkeşli günləri hələ Gəncəyə çatmamış Şeyx gümbəzi yanından başlayır. Burada dərvişlər hiylə qurub onu məhv etmək istəyirlər. Qurbani Gəncədə hara gedirsə, eşidir ki, Pəri adını çəkəni Qara Vəzir yox elətdirir. Gəncə vilayətinin hakimi Ziyad xanın qardaşı oğlu Mahmud bəy Qurbaniyə yol göstərsə də, ona kömək edə bilmir. Mahmud bəyin də, Pərinin də dediklərindən aydın olur ki, Ziyad xan Gəncənin hakimi olsa da, mülayim, cəsarətsiz, iradəsiz, dəyişkən təbiətli bir adamdır. Hiyləgər, tədbirli və nüfuzlu vəzir isə onun bu xasiyyətindən istifadə edir. O, olduqca qəddar, rəhmsiz və ədalətsizdir. Qurbaninin Gəncəyə gəlib aşıqları bağladığını eşidən gündən onu Gəncədən uzaqlaşdırmağa, hətta məhv etməyə çalışır. Bütün bunlara baxmayaraq, Qurbani də ağıllı, cəsarətli və qətiyyətlidir. O, düşdüyü hər hansı məclisdə Pəriyə aşiq olduğunu, Pəri üçün gəldiyini söyləyir. Hətta elçi daşının üstündə əyləşib Pərini sevdiyini Ziyad xana söyləyir. Dastanın Gəncə versiyasında mübarizə və ixtilaf əslində Qara Vəzirlə Qurbani arasında gedir. Vəzirin hiylə və gördüyü tədbirlərə qarşı Qurbani "mənəvi aləmdə özünü yenilməz hesab edən qəhrəman aşiq, Fərhad hünərli, Məcnun sədaqətli, vəfalı insandır". Vəzir isə güclüdür, əlində hakimiyyət var. "Cəllad hazır ol" - deyən kimi cəlladlar əli qılınclı müntəzir dayanırlar. Qurbaninin isə silahı sazı və sözüdür. Qurbani vəzirin ağır sınaqlarından ağlın gücü ilə çıxır.
Məlumdur ki, Qurbaninin yaşadığı XV əsrin sonu və XVI əsrin əvvəlləri Şah İsmayıl Xətayinin hakimiyyət dövrünə təsadüf edir. Bu dövr həm də şiə təriqətinin geniş yayılması ilə səciyyələnir. Təriqətin belə hakim mövqeyi Qurbaninin yaradıcılığına da ciddi təsir göstərib. Bu təsir dastanda daha aydın hiss olunur. Belə ki, buta alan Qurbani aşıqlarla qarşılaşanda, dara düşəndə şahi-mərdanı, Əlini və onun buyruqçusu Qəmbəri köməyə çağırır və beləliklə də, onun qələbəsi təmin olunur. Ancaq onu da qeyd etmək lazımdır ki, Qurbani təriqət qanunlarını sadəcə əzbərləməklə kifayətlənməyib, o, dini təfəkkürə, Şərq fəlsəfəsinə dərindən yiyələnib, zəngin dünagörüşünə malik hazırcavab bir sənətkar olub.
Dastanda yerli hakimlərin törətdiyi hərc-mərclik, qətiyyətsizlik, bundan vəzirlərin, təriqət məddahlarının öz məqsədləri üçün istifadə etmələri ifşa olunur. Bir tərəfdən də şahın qəzəbindən ehtiyat edən ziyadxanlar müstəqil hərəkət edə bilmirlər. Nəticədə adi bir işdən ötrü rəiyyət şahın hüzuruna gedib aylarla gözləməli olur. Qurbaninin də şeyx oğluna şikayətə getməsinə Qara Vəzirin hiylə və fitvası səbəb olub. Ümumiyyətlə, saray daxilindəki ixtilaf fantastik bir şəkil alır. Saray buyruqçuları bir tərəfdən Qurbaninin haqq aşığı olmasından ehtiyat edərək onu səbəbsiz və ya günahsız cəzalandıra bilmirlər. Digər tərəfdən, Qurbanini özlərindən uzaqlaşdırmaq üçün müxtəlif imtahanlardan keçirirlər. Təmiz, saf, ülvi məhəbbətə və azad duyğulara qarşı saray məddahlarının riyakar fitnə-fəsadına və cəza tədbirlərinə baxmayaraq, Qurbani ümid və inamla mübarizə aparır. O inanır ki, buta verən ağası dar gündə işıqlı yol göstərəcək. Qurbaniyə badə içirən ağası bütün qaranlıq düyünləri ona əyan edir. O, ən çətin bağlamaları belə asanlıqla açmağı bacarır. Gəncə səfəri zamanı Qurbani Bərdədə toy məclisində Aşıq Salehlə qarşılaşır. Aşıq Saleh tanımadığı gənc Qurbanini imtahana çəkib müəmmalı bağlamalar deyir. Qurbaninin Aşıq Salehə verdiyi cavab onun dərin bilik sahibi olduğunu göstərir:

Dost bizi buyurdu xidmət şərifə,
Dedi ki, baş üstə, kafü lamü kaf.
Fitnə qaşlı, cadu gözlü sevdiyim
Çoxların eyləyib həyyü lamü kaf.

Mehdi görər qoşununun sanını,
İnsan üçün qurar haqq mizanını,
Bir gün alar Qurbaninin canını,
Bir gözləri cəllad kafü lamü kaf.

Dastandakı şeirlərin mühüm qismi aşığın bədii elmi təfəkkürünün məhsulu olub bəşəri hisslərin ifadəsi kimi səslənir. Lakin dastanın sonrakı variantlarında Qurbaninin şeirləri XVIII əsr şairlərinin şeirləri ilə əvəz olunub. Bu, dastandakı şeirlərin üslubundan da aydın görünməkdədir. Belə ki, dastanın aşığın poetik üslubu ilə Qurbaninin üslubu aydın seçilir. Hətta Aşıq Salehin Qurbani ilə deyişməsində istifadə etdiyi şeir XIX əsrin şairi Nəbatinindir.

Get dolangilən, xamisən hələ,
Püxtə olmağa çox hünər gərək.
Mürği-qafilə həmzəban olub,
Dövrə qalxmağa balü-pər gərək.



Qara Namazov
professor