

Azərbaycanın enerji ambisiyaları neftdən dəniz küləyi və hidrogenə keçir, bununla da NATO və enerji təhlükəsizliyi üçün yeni imkanlar açır.
"Report" xəbər verir ki, bu barədə "The National Interest"də dərc olunan məqalədə deyilir.
Azərbaycanın yaşıl enerjisi
Bu əsrin enerji sövdələşmələri bir qayda olaraq, daha az diqqəti cəlb edir. Getdikcə onlar neft sənayesinin iştirakı olmadan hazırlanır, lakin bu, onları heç də az əhəmiyyətli etmir.
Belə enerji sazişlərindən biri ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı imzalanıb. SOCAR və Yaxın Şərqin iki ən güclü enerji şirkəti – Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda təxminən 3,5 giqavatlıq (GW) dəniz külək layihələrinin inkişafı üçün anlaşma memorandumu imzalayıblar.
SOCAR üçün bu addım Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini ekoloji cəhətdən təmiz enerjidən təmin etmək hədəfinə uyğundur ki, bunun da təxminən 4 giqavattı ixraca yönəldiləcək.
Azərbaycanın külək enerjisi potensialı Avropadakı evləri bu gün qazla təmin etdiyi kimi vacib olacaq. Bakı “Küləklər şəhəri” deməkdir və Azərbaycanın dəniz küləyi potensialı mühüm geoiqtisadi əhəmiyyətə malikdir. Külək enerjisi üzrə Qlobal Şuranın məlumatına görə, Azərbaycan dəniz küləyi potensialına görə Avstraliya, Şri-Lanka və qonşu Türkiyə ilə birlikdə dünyanın ilk dörd ölkəsi sırasındadır.
Ümumi dəniz külək gücünün 2032-ci ilə qədər 447 GVt-a çatacağı gözlənilir və bu rəqəm iddialı olsa da, təkcə Xəzər dənizinin Azərbaycan hissəsinin potensial gücü 157 GVt təşkil edir. Azərbaycan uzun müddətdir ki, Xəzər hövzəsinin külək potensialına ən çox maraq göstərən sahilyanı dövlətlərdən biri olub və bu sahədə SOCAR Green (SOCAR-ın yaşıl enerji üzrə ixtisaslaşmış törəmə şirkəti) liderlik edir.
Yaşıl və mavi hidrogen ambisiyaları
Azərbaycanın enerji sektorunun, xüsusən də külək potensialının inkişafı COP29-da imzalanmış saziş sayəsində artıq başlayıb. "Masdar" şirkəti SOCAR-la "Build Own Operate" (BOO) modeli çərçivəsində külək və iki günəş enerjisi layihəsi də daxil olmaqla 1 GVt layihələr portfelini inkişaf etdirmək üçün əməkdaşlıq edir.
SOCAR təbii qaz ehtiyatlarından “mavi hidrogen” istehsalı üçün istifadə etməyi planlaşdırır. Mavi hidrogen təbii qazın riforminqi yolu ilə istehsal olunur. Bu zaman əmələ gələn karbon tullantıları tutulur və saxlanılır. Bu üsul hidrogenin daha təmiz istehsalı variantı hesab olunur.
Eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “yaşıl hidrogen” istehsalı ilə bağlı tədqiqatları maliyyələşdirib. Su elektrolizi əsasında bərpa olunan enerji mənbələri ilə istehsal edilən yaşıl hidrogen, Avropa İttifaqının 2050-ci ilə qədər enerji tələbatının azı 10 faizinin hidrogen hesabına ödənilməsini nəzərdə tutan hədəfinə uyğun gəlir.
Rusiyadan enerji asılılığının azaldılması
Rusiya hidrogen sahəsində də, neft-qaz sektorunda olduğu kimi, üstünlük əldə etməyə çalışır. Ukraynaya müdaxilə ərəfəsində – 2021-ci ildə Rusiya hökumətinə məxsus kiçik xəritədə ölkənin 18 regionunda həyata keçirilməsi planlaşdırılan təxminən 33 hidrogen layihəsi göstərilmişdi. NATO Rusiyanın mümkün hidrogen hegemonluğuna qarşı ehtiyatlı olmalıdır.
Enerjinin daşınması üçün mövcud qaz kəməri infrastrukturunu tamamlayan “Cənub yaşıl dəhlizi” adlı yeni bir struktur hazırlanıb. 1990-2000-ci illərin əvvəllərində NATO və Aİ tərəfindən dəstəklənən “Cənub dəhlizi” XX əsrin sonuncu böyük geosiyasi boru kəməri layihəsi hesab edilir. ABŞ-nin sabiq prezidenti Bill Klinton bu layihənin irəliləməsi üçün Azərbaycanla ilkin təmaslarda birbaşa iştirak etmişdi.
Layihə Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmaq məqsədilə Xəzər və (nisbətən az dərəcədə) Yaxın Şərq qazının Türkiyə vasitəsilə Avropaya ötürülməsini nəzərdə tuturdu. Bu illər ərzində layihədə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Türkiyə, Balkan ölkələri və İtaliya da daxil olmaqla geniş tərəfdaş şəbəkəsi iştirak edib. SOCAR artıq bu ölkələrin çoxu ilə formalaşmış tərəfdaşlıq əlaqələrinə malikdir ki, bu da “yaşıl dəhliz”ə keçidi asanlaşdırır və Azərbaycanın enerji sahəsində rolunu daha da gücləndirə bilər.
NATO üçün yeni təhlükəsizlik imperativi
Yeni əsr yeni çağırışlar gətirir. Ukraynadakı müharibə Avropanın Rusiyadan enerji asılılığını kəskin şəkildə üzə çıxarıb.
Bu baxımdan, NATO dənizdə qurulan külək elektrik stansiyaları, yüksək gərginlikli sualtı kabellər və digər alternativ enerji infrastrukturunun mühafizəsində öz imkanlarını səfərbər etməyə hazır olduğunu nümayiş etdirməlidir. NATO-nun dəniz təhlükəsizliyi, təxribatlara qarşı tədbirlər və kibertəhlükəsizlik sahəsindəki təcrübəsi bu prosesdə əvəzolunmaz ola bilər.
Ukrayna müharibəsinin başlanğıcından bəri Baltik dənizində baş verən müəmmalı təxribatların kökləri əslində 2008-ci il avqustun 5-də – Rusiya-Gürcüstan müharibəsindən cəmi üç gün əvvəl – Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə qarşı həyata keçirilən diversiyaya gedib çıxır. O zaman mətbuatda hadisədə PKK-nın əli olduğu iddia edilirdi.
Rusiya-Gürcüstan müharibəsi digər baxımdan da diqqətçəkəndir. Rusiya-Ukrayna müharibəsinin konkret nəticəsindən asılı olmayaraq, bu iki ölkə arasında münaqişənin davam edəcəyi ehtimalı yüksəkdir və bu artıq Afrika qitəsində də özünü göstərməkdədir. Ukrayna və Rusiya Sudanda qarşı-qarşıya gəliblər, Kiyev Rusiyanın təsiri altına düşməməsi üçün Qana ilə münasibətlərini gücləndirib.
NATO bu tendensiyanın qarşısını almaq üçün Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etməlidir. Azərbaycan iqtisadi cəhətdən daha diversifikasiya olunmuş planda regionun təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynaya bilər.
NATO-nun enerji təhlükəsizliyi konsepsiyası Xəzər hövzəsində alternativ enerji tərəfdaşlıqları hesabına strateji üstünlük qazana bilər. Azərbaycanın “yaşıl keçid”inə və SOCAR-ın yaşıl enerji ambisiyalarına dəstək vermək Moskvanın dünya enerji bazarındakı təsirini zəiflədə və Avropanın enerji ehtiyaclarının ödənilməsinə töhfə verə bilər. Qlobal miqyasda külək və günəş enerjisi sahəsində qarşıya qoyulan məqsədlər yaxın müddətdə tam reallaşmasa da, bu dəfə imzalanan sənədlərin təkcə siyasi deyil, həm də “yaşıl” olacağına şübhə yoxdur.