Müəllimin və çağımızın təhsil qayğıları Hadisə

Müəllimin və çağımızın təhsil qayğıları

Təhsil insanı ardıcıl olaraq Vətənə sevgi üstə kökləməlidir

Uşaqlıqdan arzum müəllim olmaq idi. Ona görə ki, ata babam, ana babam, atam da müəllim olublar. Orta və ali təhsilim sovet dövrünə düşdü. ADPU-nun filologiya fakültəsində təhsil almışam, ixtisasım Ana dili və ədəbiyyatı müəllimidir. Müəllimliyin psixologiyasını iliyimə kimi anlamışam, duymuşam. Gərək müəllimin metodikası özündən, ruhundan yaransın, standartlıqdan uzaq olsun. Öyrətmək duyğusu öyrənmək eşqiylə sıx bağlıdır. Zorla öyrənmək olmadığı kimi, zorla öyrətmək də olmur. Bu mənada ixtisas etibariylə istəyimə çatmışam. Hazırda müəllim kimi orta və ya ali məktəbdə dərs deməsəm də, müəyyən dövrdən sonra yenə də dərs deyəcəyimə əminəm, bu, aqibətdəndir. Ancaq hər şeydən əvvəl daxilən özümü illərdir ki, müəllim sanıram. Bu, mənəvi-insanlıq aqibətimlə bağlıdır. Özünə inanan, təmənnasızlıq, fədakarlıq, vicdançılıq ölçüsüylə yaşayanların mənasız təvazökarlıqdan uzaq, bu sarıdan müəllimlik iddiasına doğma yanaşıram.
Müəllimlik - əslində insanlar üçün candan yaşamaqdır. Əslində mənim müəllimliyim artıq əsl məqamındadır: insanlıq, ulusallıq tələbi üstə insanlara gerçəkdən ürəyini vermək, onları yaşamağa, yaratmağa ruhlandırmaq, həmişə ümidləndirmək. Müəllimliyin əlifbası saydığım: gərək özün ümidli, yəni ümidin qaynağı olasan ki, başqalarını da ümidləndirəsən. Sanıram, çağımızda bu kimi hal hava-su kimi gərəkli və qaçılmazdır.
İstəyimə çatmışam, insanlıq aqibəti üstə ömrümü yaşayıram, cəmiyyətə ən çox verib, ən az alıram, yəni umacağım yoxdur, insanlıq qayğım və borcum isə çoxdur. Düzgün, doğruçu təhsil insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır. O təhsil ki, gənc nəslin təlim-tərbiyəsində nəfəs kimi gərəklidir. İndi sovet dönəmindəki kimi öz işinin fanatı olan müəllimlər azdır. Başqa yandan indi yüksək istedadlı müəllimlər zamanın tələbinə uyğun biliyi şagirdə rulla satırlar. Bu isə fədakarlığın yoxa çıxmasıdır. Axı təhsilin özülü – fədakarlıqdır, vicdandır, umacaqsızlıqdır.
Məktəb bilik verdiyi dərəcədə də insan yetişdirməyi bacarmalıdır. İnsan ömründə, yaşamında yaradıcı şəkildə gerçəkliyini tapmayan təhsil – sadəcə, mexaniki bir prosesdir. Demək, bilik insanı daha çox zahirən dəyişdirir, onun insanı içəridən tam dəyişdirməyə gücü çatmır. İnsanı içəridən dəyişdirmək üçün bilikdən artıq olan gərəkdir, bu, insanlaşmaqdır. Bunsuz ona hansı biliyi verirsən-ver, o, yetişməyəcək, bilikli mütəxəssis olacaq, insan yox.
Bu gün yurdumuzda şəxs uşaq bağçasından tutmuş ali məktəb də daxil olmaqla az qala 20 illik təhsil görür, ancaq demək olar, çox zaman insan kimi yetişə və tərbiyələnə bilmir və əksinə, torlum üçün əngələ, bəlaya çevrilir. Bunun bircə adı var: itirilmiş ömürlər. Toplumda yüngülməcaz, danışığını və davranışını bilməyən istənilən yaşda o qədər təhsilli, oxumuşlar var ki. Bu yaşdan sonra onları kim tərbiyə etməlidir?
Dünyada bilik əlindən tərrənmək olmur, ancaq insan və insanlıq yoxa çıxıb. Bu anlamda mövcud təhsil insana yetmir, çatmır. Azərbaycanın indiki çağında gerçək olduğu dərəcədə romantik, xəlqi psixologiyanı dərindən bilən, xalq ruhunu təəssübkeşliklə təmsil edən müəllimlər gərəkdir. Təhsil sahəsində indi qıtlaşan müəllim şəxsiyyətinin, varlığının yaradılması yönündə ciddi axtarışlar getməlidir. Yoxsa dünyanın bütün təhsil yeniliklərini Azərbaycana tətbiq etməklə insanlıq yönündə uğur qazanılmayacaq.
İnsanın mənəvi dünyasının orta və ali məktəblərdə öyrənilməsi ənənələşməlidir. Burada ayrıca olaraq dini təhsili nəzərdə tutmuram. Sözügedən mövzuda Azərbaycanımızın yetərincə mənəvi-ruhani (insani) imkanları var. Azərbaycanın milli (ulusal) - mənəvi dəyərlərinin sistemli şəkildə öyrənilməsi bu problemin həllində əsaslı rol oynaya bilər. Təhsilin özülündə ilk növbədə İnam durur. Ümumiyyətlə, inam olmasa, insan addım ata bilməz. İnanırsan ki, oxuyursan, oxuduğuna inanırsan. Bilik insana yalnız insanilik, özünü əvəzsiz, müstəqil varlıq olaraq təsdiq etmək üçün gərəkdir. İnsanilik tələbi insanı Vətənə sevgi üstə kökləyir.
Bu gün kürəsəlləşmənin (qloballaşmanın) təsirləri maneəsiz şəkildə evimizə, ruhumuza daxil olur, dərində, kökdə milli olan nə varsa, onu sarsıdır. Bunun qarşısını kim almalıdır? Təhsilin özəlliklə uşaqların, gənclərin həyatında rolu təkcə sistemli bilik verməkdənmi ibarətdir? Nədən bu gün məktəbə münasibət qabaqlarda olduğu kimi inamlı, ehtiraslı, səcdəli deyil? Təhsil adamlara mənəvi qurtuluş üçün çıxış yolu göstərə bilmir. Mənimsənilmiş biliklər insanın yenilməz dünyabaxışının formalaşmasına gərək olmur, dəyişkən əhval biliyə ardıcıl yiyə dura bilmir...
Çox şeyi bilən əslində özünü bilmir. Çağdaş təhsil insanı anatomik cəhətdən öyrənir, ancaq onun mənəviyyatını öyrənməyə gərək duymur. Çağdaş Azərbaycan təhsili insanın bilik öyrənmə yönünü nə dərəcədə yarada bilir? Aydın olur ki, verilən biliklər çox hallarda özümləşmir, şəxsin, xalqın gerçək yaşamında ifadəsini tarmır. Əgər insan özünə, qeyri-adi imkanlarını aşkarlayacağına inanmasa, oxuduğu kitabı zümləşdirməyəcək, ona görə təhsilin təsiri az olacaq. Nədən camaat həmişə yaxşı müəllim obrazını daha çox ötənlərdə axtarır? Azərbaycan məktəbi niyə məbəd səviyyəsində şagirdə, müəllimə, lar elə valideynlərə doğmalaşmır? Lap min dəfə təhsildə yeni texnologiyalar tətbiq olunsun, dərsliklərin cildi qızıldan olsun, yenə də effekt olmayacaq.
Çağımızda bütün dünyada insan əzilir, sayılmır, dəyərdən düşür... Ona görə də bundan sonra təbii olaraq yalnız insani qayğılar daha çox gündəmə gələcək. Milli təhsilimizin daha ciddi yaranması ilk növbədə insan amili, onun dəyərləndirilməsi ilə bağlıdır. İnsan məktəblərdə yetişməli, tərbiyələnməli və xalq olmalıdır. Xalqın mənəvi, idraki, iradi səviyyəsi – əslində birbaşa təhsilin göstəricisidir. Təhsil xalq qarşısında bu sorumluluğunu unutmamalıdır.
Təbii ki, maddi təminatını tam ödəyə bilməyən müəllimin istənilən səviyyədə dərs keçəcəyi ağlabatan görünmür. Müəllimin həmişə təmənnasız, vicdanlı olması təbii sayılıb. Bu deyilənləri ömründə yaşayan pedaqoqlarımız az olmayıb. Ancaq şübhəsiz, bütün hallarda insanın normal minimal şəraitlə təmin olunması vacibdir. Xüsusən orta məktəb müəllimlərinin bu sarıdan problemləri mövcuddur. İnsanın şəraitdən, zamandan üstün olmasına inanıram. Pis şəraiti yaradan pis insanlardır. İnsanın özünü tanımasında isə təhsilin əvəzsizliyi ortadadır. Əsl təhsil - insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır.
Heç bir insan anadan bilikli, kamil doğulmur. Ona görə də hər bir insan məktəb keçir, müəllimlərdən təhsil alır, onda həyat, insani münasibətlər, təbiət, dünya haqqında təsəvvürlər yaranır, möhkəmlənir. Zaman-zaman dünya filosofları elm, təhsilin əhəmiyyəti, öyrənilməsi qaydaları haqqında fikirlər söyləyiblər. Yenə də əzbərçilik təhsilimizdə davam edir. Bilik çoxluğu səhrada qumun çoxluğundan fərqlənmir. Məhz milli təhsilimizin intişar tapması ilk növbədə insan amili, onun dəyərləndirilməsi ilə bağlıdır.

Uğur