“Fövqəladə hallar və təhlükəsiz həyat” Hadisə

“Fövqəladə hallar və təhlükəsiz həyat”

Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyi münasibətilə bu gün "Fövqəladə hallar və təhlükəsiz həyat" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Xəzər dənizində baş verən faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Konfransda Rusiya, Belarus, Ukrayna və Qazaxıstan Fövqəladə Hallar nazirlikləri və akademiyalarının nümayəndələri iştirak ediblər.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, FHN-nin yaradılmasında əsas məqsəd Heydər Əliyevin də dediyi kimi fövqəladə halların qarşısını öncədən almaq, nəticələri aradan qaldırmaq olub.
Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov deyib ki, FHN uğurlu fəaliyyət göstərir: "Son qəza zamanı neftçilərin xilas edilməsi, platformanın hələ də istismara yararlı qalmasında da FHN-nin rolunu qeyd etmək lazımdır".
"Neft dağılmaları və onların modelləşdirilməsi" mövzusunda çıxış edən AMEA Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov bildirib ki, dənizə düşən neftin 40 faizi buxarlanır. Onun sözlərinə görə, Xəzərdə küləklərlə bağlı çirklənmə ilə əlaqədar Azərbaycan akvatoriyası, sahillər təhlükəli ərazidir.
O bildirib ki, sonuncu qəza baş verən platformanın ətrafında da neft ləkələri olub: "Bu bir siqnal idi ki, tədbir görmək lazımdır".
Ramiz Məmmədov bildirib ki, hadisə yerinə xilasetmə gəmiləri ilə yanaşı, neft dağılmaları ilə bağlı gəmilər də cəlb olunmalıdır.
Akademik qeyd edib ki, heç kim qəzadan sığortalanmayıb, ona görə də əsas məsələlərdən biri neft dağılmalarının modelləşdirilməsidir.
Konfransda "Azərbaycan ərazisində 2004-2015-ci illərdə baş verən güclüzəlzələlər" mövzusunda çıxış edən AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib ki, Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. O, Mərkəzlə FHN-nin səmərəli əməkdaşlıq etdiyini bildirib: "Bakıda Bayıl sürüşməsi, Zaqatala və Balakəndə baş vermiş zəlzələlər, bu yaxınlarda - sentyabrın 4-də Şəkidə baş verənzəlzələdə Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq etmişik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının zəlzələ baş verən zamanlarda operativliyi, insanları qəzalı vəziyyətdə olan evlərdən təxliyə etmələri mənim yaxşı yadımdadır və əməkdaşların peşəkarlığının göstəricisidir".
Qurban Yetirmişli bildirib ki, Azərbaycanın su hövzələrində daim monitorinq aparmaq lazımdır: "Azərbaycanda zəlzələ təhlükəsi Xəzərdən gəlir. Nə qədər neft-qaz varsa, o qədər təhlükə var. Söhbət güclü zəlzələnin olmasından getmir. Zəlzələ baş verən dövrə qədər borulara da, platformalara da təsir göstərir. Dənizin dibinin seysmikliyini dəqiq öyrənməli, müvafiq qurğular quraşdırmalıyıq. Bəzən qazma işi aparırlar, amma bilmirlər ki, orada gərginlik toplanır. Ona görə də sıx əlaqədə işləməliyik".
Zəlzələnin qısa müddətə proqnozlaşdırılmasının mümkün olmadığını nəzərə çatdıran Qurban Yetirmişli əhalinin belə hallarda davranışla bağlı maarifləndirilməsini zəruri sayıb.
Konfransda maarifləndirmə işinin təşkili ilə bağlı sualları cavablandıran fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib ki, "Günəşli"dəki platformalarda və digər platformalarda da mütəmadi təlimlərin keçirilməsinə ehtiyac olub: "Gərək bu cür yerlərin hamısında mütəmadi təlimlər keçirilsin ki, neftçilər belə hal baş verəndə təlaşa düşməsinlər. Digər tərəfdən, ümumilikdə götürdükdə, ARDNŞ-də, yerlərdə rəhbərlik məcbur etsin ki, təlimlər keçirilsin. Yəni insanlarda refleks olsun ki, belə hadisələrdə nələr edilməli, nələrsə edilməməlidir. Platformada baş verən hadisə zamanı da neftçilər edilməməli olan hərəkəti ediblər, nəticədə belə hadisə baş verib".
Konfrans çıxışlarla davam edib.