Azərbaycan Mətbuat Şurasında görüş Hadisə

Azərbaycan Mətbuat Şurasında görüş

Martın 14-də İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakultəsinin dekanı, professor Aysel Aziz, həmin təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülyan Karaca və Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu Azərbaycan Mətbuat Şurasında olub. Qlobal Kariyera İnstitutunun xətti ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndələr sözügedən qurumun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşacaq "İnformasiya cəmiyyətinin inkişafında medianın rolu" mövzusundakı konfrans-seminarda iştirak edəcəklər.
Qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası, həyata keçirdiyi tədbirlər və perspektiv planları barədə məlumat verib. Türkiyə və Azərbaycan mediası arasındakı münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyi vurğulayan Əflatun Amaşov jurnalistika təhsili sahəsində də qarşılıqlı əməkdaşlığın müsbət nəticələrindən söz açıb. Ötən il Şuranın, Türk İş Adamları və Koordinasiya Agentliyinin və TRT-nin Azərbaycan nümayəndəliklərinin, həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbə-müəllim kollektivinin bir qrupunun qardaş ölkədə təcrübə mübadiləsində olduqlarını vurğulayıb.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu türkiyəli mütəxəssislərin martın 18-də Bakıda "Royal hotel"in konfrans zalında keçiriləcək "İnformasiyalı cəmiyyətin inkişafında medianın rolu" mövzusundakı konfrans-seminarda məruzəçi qismində fikirlərini bölüşəcəklərini vurğulayıb. Tədbirin əhəmiyyətindən danışan Orxan Həsənoğlu eyni zamanda rəhbərlik etdiyi qurumun media ilə bağlı fəaliyyətinin davamlı olacağını bildirib.
İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakultəsinin dekanı, professor A.Aziz Türkiyədə jurnalistikanın tədrisindəki xüsusiyyətləri sadalayıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan universitet dekanı onu da əlavə edib ki, media dinamik sahədir və bu müstəvidəki proseslərin elmi istiqamətlərinin öyrənilməsi, praktik jurnalistlərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
İstanbul Yeni Yüzyıl Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri G.Karaca təmsil olunduğu ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqdakı prioritetlərini açıqlayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.