18:39
644
“İran mediasında səslənən sərt bəyanatları yalnız hərbi hədənin ifadəsi kimi qiymətləndirmək doğru deyil”.
Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu bildirib.
Onun sözlərinə görə, Bu mesajlar daha çox Tehranın regiona yönəltdiyi çoxqatlı siyasi siqnallar kimi dəyərləndirilməlidir. İran-Ermənistan münasibətlərində artan gərgin ritorika ilk baxışda geosiyasi balansın köklü dəyişməsi təsiri yaratsa da, proses daha mürəkkəb xarakter daşıyır.
Bu bəyanatlar birbaşa müharibə anonsundan daha çox, strateji xəbərdarlıq doktrinasının tərkib hissəsidir. İran anlayır ki, Cənubi Qafqaz artıq yalnız regional aktorların təsir dairəsində olan məkan deyil. Burada ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və İsrail kimi müxtəlif güc mərkəzlərinin maraqları eyni vaxtda toqquşur”.
E.Telmanoğlu vurğulayıb ki, Ermənistanın Qərbə yaxınlaşması Tehran tərəfindən sadəcə diplomatik seçim kimi deyil, onun sərhədləri yaxınlığında yeni təhlükəsizlik arxitekturasının formalaşması kimi qəbul edilir:
“İranın əsas mesajı yalnız İrəvana deyil, üçüncü tərəflərə də ünvanlana bilər.
Tehran Ermənistan üzərindən Qərbə göstərmək istəyir ki, regionda baş verən proseslərə cavab yalnız bir coğrafiya ilə məhdudlaşmayacaq. Ermənistan burada birbaşa hədəfdən daha çox, siyasi mesajların çatdırıldığı platformaya çevrilir.
İranın sərt ritorikası müəyyən mənada zəiflik əlaməti kimi də qiymətləndirilə bilər.
Güclü aktorlar bəzən təsirlərini daha səssiz şəkildə nümayiş etdirirlər. Narahat olan tərəflər isə daha sərt ritorikaya üstünlük verirlər. Tehran regionda təsir imkanlarının nisbi şəkildə azaldığını hiss etdikcə, ritorikasını sərtləşdirir. Bu baxımdan həmin bəyanatlar daha çox təsir zonasını qoruma refleksi kimi oxuna bilər”.
Politoloqun sözlərinə görə, rəsmi İrəvan qarşısında əsas sual Qərbə inteqrasiyanın təhlükəsizlik təminatı yaradıb-yaratmayacağı və ya Ermənistanı böyük güclərin rəqabət xəttinə daha da yaxınlaşdırıb-yaxınlaşdırmayacağı ilə bağlıdır:
“İran məhz bu dilemma üzərindən psixoloji təzyiq qurmağa çalışır. Baş verənlər geosiyasi tarazlığın tam dəyişməsi deyil, həmin tarazlığın dəyişməkdə olduğunu göstərir. Region hazırda post-status-kvo mərhələsindədir. Köhnə qırmızı xətlər qalır, amma onları müəyyən edən güclər dəyişir. İran isə yeni formalaşan xəritədə öz təsir imkanlarının və veto rolunun hələ də qüvvədə olduğunu göstərməyə çalışır”.
Günel Elxan