“G7-dən Ukraynaya yeni dəstək mesajı” Gündəm

“G7-dən Ukraynaya yeni dəstək mesajı”

“Rusiya-Ukrayna müharibəsinə beynəlxalq münasibətdə son dövrlərdə müəyyən dəyişikliklər müşahidə olunur”.

Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında politoloq Əli Mustafa bildirib.

Onun sözlərinə görə, Xüsusilə böyük dövlətlərin Ukraynaya dəstək məsələsində mövqelərinin yenidən sərtləşməsi diqqət çəkir: “Xüsusilə “Yeddilik” (G7) ölkələrinin son sammitində Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib.
Bu görüş öncəsi Avropada ciddi müzakirələr gedirdi ki, əsas məqsəd ABŞ-ın yenidən Ukraynanın dəstəklənməsi prosesində daha fəal rol almasına nail olmaqdır. Görünən odur ki, bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub. ABŞ və Fransa da daxil olmaqla aparıcı dövlətlər Ukraynanın müdafiəsini davam etdirmək və Rusiyaya qarşı təzyiqləri artırmaq mövqeyini ortaya qoyublar”.

Ə.Mustafa bildirib ki, müzakirələr yalnız G7 ölkələri ilə məhdudlaşmayıb, digər nüfuzlu dövlətlərin iştirakı ilə də Ukraynaya hərbi, iqtisadi və müdafiə dəstəyi məsələləri müzakirə olunub: “Cənubi Koreya, Hindistan, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Afrika ölkələrinin də iştirakı ilə keçirilən görüşlərdə Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində razılıq əldə olunub. ABŞ-ın bu prosesdə razılıq verməsi mühüm amildir, lakin maliyyə yükünün böyük hissəsinin yenə də Avropanın üzərinə düşəcəyi gözlənilir. Bəzi məsələlərdə əsas məsuliyyət Avropanın üzərinə qoyulsa da, mühüm məqam ondan ibarətdir ki, böyük dövlətlərin əksəriyyəti Ukraynaya dəstək göstərmək niyyətini ortaya qoyub. Bu isə onların siyasi, hərbi və iqtisadi resurslarının Ukraynanın müdafiəsinə yönəlməsi deməkdir”.

Politoloq hesab edir ki, beynəlxalq dəstəyin bu istiqamətdə formalaşması müharibənin gedişinə və tərəflərin mövqelərinə təsir göstərə biləcək amillərdən biridir.

Günel Elxan