ABŞ və Qətər oyunu dəyişdirdi - Sükutun arxasında böyük hesablaşma başladı... Siyasət

ABŞ və Qətər oyunu dəyişdirdi - Sükutun arxasında böyük hesablaşma başladı...

İsrail və “Hizbullah” arasında atəşkəsin əldə olunması ilə bağlı xəbərlər Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirib. “Reuters” agentliyinin anonim ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, tərəflər silahlı qarşıdurmanı dayandırmaq barədə razılığa gəliblər. Bildirilir ki, razılaşmanın əldə olunmasında ABŞ və Qətərin vasitəçilik səyləri mühüm rol oynayıb, İran isə prosesə dəstək verən tərəflərdən biri olub.

Uzun müddətdir bölgədə davam edən gərginliyin fonunda əldə olunduğu iddia edilən bu razılaşma regionun gələcək təhlükəsizlik sisteminə necə təsir göstərəcək?

Atəşkəs müvəqqəti xarakter daşıyacaq, yoxsa daha geniş siyasi dialoqa yol açacaq? İranın prosesdə iştirakı İsrail-İran münasibətlərində yeni dinamika yarada bilərmi? ABŞ və Qətərin vasitəçiliyi bölgədəki qüvvələr balansını dəyişəcəkmi?

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı sözlərinə görə, müsbət hadisə odur ki, artıq ABŞ-İran arasında müzakirələr var və bu davamlı xarakter alıb: "İndiki vəziyyətdə deyə bilərik ki, tərəflər müharibədən əvvəlki vəziyyətə qayıtdılar. Nə ABŞ qalib gəldi, nə də İran bütün itkilərə baxmayaraq məğlub oldu. Müharibənin başlaması uğursuzluq, sülh isə hər iki tərəfin qələbəsidir. Sülh üçün tərəflərin müəyyən güzəştlərə getməsi lazım idi. Hər iki tərəfin müdrikliyi çatdı ki, bunu etsin. Bu gün ən çox sülh ABŞ prezidenti Trampa ona görə lazımdır ki, qarşıdan-noyabr ayında aralıq seçkiləri-Konqresə seçkilər gəlir və neftin qiymətini aşağı salmaq üçün bu son dərəcə vacibdir. İrana da sülh ona görə lazım idi ki, iqtisadiyyatı neft gəlirlərindən asılı olan ölkənin neft sata bilməməsi iqtisadiyyatı çökdürürdü, əhalinin güzəranı hər keçən gün bir az da ağırlaşırdı. Nəzərə alaq ki, İran əhalisinin 70 faizdən yuxarısı yoxsulluq səviyyəsindən aşağı yaşayır. Əgər sosial vəziyyətdə olan İran üçün olduqda vacibdir, sülhün əldə olunması.

Memorandum imzalanmasına baxmayaraq yekun sülh sazişi üçün ciddi təhlükələr qalmaqdadır. Müharibənin başlanmasına səbəb olan əsas məsələlər barədə hələ razılıq əldə olunmayıb. 60 gün ərzində buna nail olunacağı da şübhələr doğurur. Ümid edək ki, tərəflər bütün məsələlər üzrə anlaşa biləcəklər. Prosesin yeni başlanğıc, qısamüddətli və ya sakitlik dövrünü əhatə edəcəyi ilə bağlı fikirlərə gəldikdə isə, bunu zaman göstərəcək. Hətta sülh razılaşmasından sonra İran daxilində ciddi çalxalanmaların olacağı ehtimal edilir. Ancaq müdriklər söyləyirlər ki, dəyişiklik rüzgarı əsəndə onun qarşısına hasar çəkmək yox, yelkənləri qaldırmaq və açmaq lazımdır. İranda böyük islahatlara gedilməsə, gələcəkdə vətəndaş qarşıdurması qaçılmaz olacaq. İran beynəlxalq sanksiyaların qaldırılması üçün cəsarətli qərarlar qəbul etməli, daxildə ciddi islahatlar həyata keçirməlidir. Bunun əvəzinə repressiyalar, edamlar davam etdirilsə, iplər daha da çəkilsə, ya iplər qırılacaq, ya da cəmiyyət boğulacaq. Bundan isə, iqtidar da daxil olmaqla, hamı əziyyət çəkəcək. Bu gün qorxu altında olan hər bir məmur iqtidara sadiqliyini sübut etmək üçün kəndirçəkmə yarışlarında olduğu kimi, ipin bir ucundan yapışıb var gücü ilə dartır, yaxud Allahdan qorxmayaraq, ədalətsizcəsinə ipi kiminsə boynuna keçirir. Amma anlamırlar ki, belə bir mühitdə bir gün "gülüşü", yaxud "pencəyinin" rəngi kiminsə xoşuna gəlməyəndə, yaxud sifətini görməkdən kimsə yorulanda həmin ipdən birini də onun boynuna keçirəcəklər.

İnsanlar mövcud problemlərdən narahatlıq ifadə edirsə, bunu narazılıq, rejimə qarşı olma kimi qəbul, yaxud təqdim edib həmin şəxsləri repressiyaya məruz qoymaq yanlış yoldur. Problemləri öz korporativ maraqları üçün ört - basdır edənlər, tənqid olunmalı şəxsləri tərifləyib himayə edənlər, tənəzzülü iqtisadi inkişaf kimi təqdim edənlər, tənqidi boğanlar özlərini düşünən karyeristlərdir ki, cəmiyyətə də, iqtidara da ən böyük ziyanı vuran elə onlardır. İran daxildə barış üçün addımlar atmalı, daxili və xarici siyasətinə yenidən baxmalıdır. Həmişə söyləyirəm ki, İran yalnız qonşumuz deyil, eyni zamanda həm də soydaşlarımızın yaşadığı bir müsəlman ölkəsidir. Biz İranın təkamül yolu ilə, qansız - qadasız yolla inkişafını istəyirik. Biz İranı həm də türk dövləti hesab edirik. Çünki İran əhalisinin 50 faizdən artığı türk kökənlidir və bizim 40 milyon soydaşımız İran vətəndaşıdır".