“Rusiya-Ukrayna münaqişəsi NATO ilə Rusiya arasında qarşıdurmaya çevrilib” Gündəm

“Rusiya-Ukrayna münaqişəsi NATO ilə Rusiya arasında qarşıdurmaya çevrilib”

Politoloq Azad Məsiyev xalqcebhesi.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, prosesə yalnız Rusiya və Ukrayna arasındakı münaqişə kimi yanaşmaq doğru deyil:
“Əvvəla qeyd etmək lazımdır ki, münaqişə yalnız Rusiya-Ukrayna arasında getmir. Bu, faktiki olaraq NATO bloku ilə Rusiya arasında qarşıdurmaya çevrilib. Bu prosesdə Avropa Birliyi də daha fəal iştirak edir. Avropa ölkələri Ukraynaya maliyyə yardımı göstərir, silah-sursat verir, kəşfiyyat məlumatları təqdim edir, eyni zamanda informasiya və psixoloji müharibə istiqamətində də fəaliyyət göstərirlər”.

Politoloqun sözlərinə görə, uzun müddətdir davam edən münaqişəyə baxmayaraq, Ukrayna ərazi itkiləri ilə üzləşməkdə davam edir:
“Artıq Ukrayna ərazilərinin müəyyən hissəsinə Rusiya qüvvələri nəzarət edir və döyüşlər fonunda yeni yaşayış məntəqələrinin itirilməsi prosesi davam edir. Bu isə göstərir ki, Qərbin dəstəyi münaqişənin gedişatına baxmayaraq, Rusiyanın qarşısını almağa kifayət etməyib”.

A.Məsiyev hesab edir ki, münaqişənin başlanmasında ABŞ-ın rolu xüsusi diqqət çəkir:
“Bu prosesin başlanmasının əsas ssenarisini yazan tərəfin Amerika Birləşmiş Ştatları olduğunu düşünən yanaşmalar var. ABŞ Prezidenti Donald Tramp da müxtəlif açıqlamalarında bu münaqişəni əvvəlki administrasiyanın siyasəti ilə əlaqələndirib. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi ABŞ-ın geosiyasi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ-ın qlobal siyasətində əsas rəqabət apardığı istiqamətlər hərbi, iqtisadi və maliyyə sahələridir. ABŞ üçün əsas rəqiblər sırasında hərbi gücünə görə Rusiya, iqtisadi potensialına görə Çin, maliyyə baxımından isə Avropa valyuta sistemi mühüm faktorlar hesab olunur. Bu çərçivədə Ukrayna münaqişəsi də böyük geosiyasi qarşıdurmanın bir elementi kimi görünür”.

Onun fikrincə, Vaşinqtonun məqsədlərindən biri Avropa ilə Rusiya arasında uzunmüddətli qarşıdurmanın davam etməsi və bunun Avropa iqtisadiyyatına təsir göstərməsidir:

“Bu ssenariyə görə, uzunmüddətli müharibə Avropanın iqtisadi imkanlarını zəiflədə və qlobal maliyyə sistemində onun roluna təsir göstərə bilər”.

Günel Elxan