Qəbələdə referendumla bağlı ixtisaslaşdırılmış kurslar təşkil edilib Hadisə

Qəbələdə referendumla bağlı ixtisaslaşdırılmış kurslar təşkil edilib

Avqustun 22-dən başlayaraq Qəbələdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün sentyabrın 26-da keçiriləcək referendumla bağlı ixtisaslaşdırılmış kurslar təşkil edilir.
116 saylı Qəbələ DSK-nın 54 məntəqə seçki komissiyası sədrinin iştirakı ilə keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günündə Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov "Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri" mövzusunda məruzə ilə çıxış edib.
Sonra Qəbələ rayon Məhkəməsinin hakimi Feyruz Abbasovun "Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri" mövzusunda məruzəsi dinlənilib.
116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov isə kurs iştirakçılarına seçici siyahıları ilə iş qaydası barədə geniş məlumat verib. O bildirib ki, 54 seçki məntəqəsi üzrə 43 min 328 seçici qeydiyyata alınıb. R. Əsədovun sözlərinə görə, referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları tərəfindən hazırlıq işləri görülür.
Qeyd edək ki, avqustun 22-də 47 saylı Mingəçevir, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyalarında referendumla bağlı ixtisaslaşdırılmış ilk kurs keçirilib. Rayonlarda növbəti kurslar avqustun 23-24-də təşkil edəcək və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsi, rayon prokuroru və polis şöbəsinin rəisi tərəfindən məruzələr dinləniləcək.