Tərtərdə hərbi sursat qalıqları aşkarlanıb Hadisə

Tərtərdə hərbi sursat qalıqları aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 24-də üç əkin sahəsi və 1 otlaq sahəsində 8 partlayış yerinə baxış keçiriblər. Gün ərzində yoxlanılan ərazi 15 min 500 kvadratmetr olub.
Ağdam rayonunun Əhmədağalı kəndində partlamış top mərmilərinin, Tərtər rayonunun Həsənqaya kəndində partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən avqustun 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və bir çınqıl karxanasına baxış olub. Nəticədə 3473 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç "POMZ-2", bir "OZM-72" və tank əleyhinə 31 mina aşkar edilərək zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.