Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur Hadisə

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

Baş Prokurorluq: "Jurnalist Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək Azərbaycana qarşı fəaliyyət göstərib"

Ötən şənbə jurnalist Rauf Mirqədirov Türkiyədən deportasiya edilərək Bakıya gətirilib. Ayna-Zerkalo" qəzetinin əməkdaşı ilə bağlı həbs qətimkan tədbiri seçilib və hazırda o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.
Jurnalistin barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açılıb. R.Mirqədirov ermənilərlə iş birliyində günahlandırılıb və onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.
Dünən günün sonunda Baş Prokurorluq "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilir ki, R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
R.Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub.
Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.