II Şah Abbasın dövründə Qızılbaş-Türk əsilzadələri öz əvvəlki üstünlüklərini qoruyub saxlayırdı Hadisə

II Şah Abbasın dövründə Qızılbaş-Türk əsilzadələri öz əvvəlki üstünlüklərini qoruyub saxlayırdı

I Şah Səfinin hakimiyyətinin ilk ilində Gilanla yanaşı, imperiyanın Cənub-Qərbində Kic-Mokran əyalətində də yerli hakim separatist mövqedən çıxış etməyə başlamışdı. Bu əyalət bir tərəfdən Nimruz və cəzire-ye Hörmüz və digər tərəfdən Kirman və başqa tərəfdən isə Sistan vilayəti ilə həmsərhəd idi. Hələ I Şah Abbas dövründə Kirman hakimi Gəncəli xan qızılbaş qoşunu ilə Kic-Mokrana daxil olub, hərbi-strateji əhəmiyyət kəsb edən məntəqələri tutmuş və nəticədə vilayətin valisi Məlik Şəmsəddin Səfəvi dövlətinə tabe olmuşdu. Mokran valisi Məlik Mirzə və ondan sonra həmin nəsildən məlik İxtiyarəddin İsfahana gəlmiş itaətlərini ərz etmiş və hörmətlə qarşılanmışdılar. Vilayətin havası qızılbaşlar üçün münasib olmadığına görə oradan türk tayfalarından qoşun yerləşdirilib dayaq yaradılması baş tutmadı. Bundan vilayət hakimi istifadə etmiş, Şah Səfi hakimiyyətə keçəndə tac qoyma mərasiminə gəlməmiş və hədiyyə də göndərməmişdi. Şahın göstərişi ilə Sistan hakimi Məlik Cəlaləddin xanın oğlu Həmzə xan Sistan qoşunu ilə Mokrana daxil oldu. Məlik Mirzə hərbi qüvvəsinin azlığından ehtiyat edib Qəzvinə gəlmiş və şahdan Mokranın ona irsi hakimiyyət hüququ ilə verilməsini xahiş etmişdi. Bunun müqabilində tabe olacağını və hər il 300 Təbriz tüməni məbləğində xərac ödəyəcəyini, həm də saraya hədiyyələr göndərəcəyini vəd etmişdi. Doğrudur, Şah onun xahişini sözdə nəzərə almış, ancaq Mokran əslində ona Kirman hakimi Əmir xan Qorçubaşının zamin durması şərti əsasında həmesale hüququ ilə verilmişdi.
I Şah Səfi hakimiyyətdə olduğu 14 il ərzində Gilan, Mazandaran, Kic-Mokrandakı separatizmin qarşısını almış, vergilər, rəiyyətin borc qalıqları, ipək ticarəti, vəzifələrə təyinatlar, məvacib, tiyul və soyurqallara aid verdiyi fərmanların vaxtında icra edilməsinə nəzarət edərək mərkəzi hakimiyyəti xeyli möhkəmləndirə bilmişdi.
Ancaq xarici siyasətində uğursuzluğa da düçar olmuşdu. 1639-cu ildə Ərəb-İraqını Osmanlı dövlətinə güzəştə getməyə məcbur olmuş, Qəndəhar vilayətini isə Böyük Moğol dövləti ələ keçirmişdi. Şah Səfinin 12 səfər h.1052 (1642)-ci ildə Kaşanda vəfatından çox keçmədi ki, Sarı Tağı ayaması ilə məşhur olan baş vəzir Mirzə Tağının rəhbərliyi ilə dövlət şurasının iclası çağırıldı. O cümlədən hakimiyyətə namizəd irəli sürülməsi məsələsi ilə bağlı qızılbaş əmirlərinin də toplantısı oldu. Şah Səfinin 5 oğlu vardı ki, onlardan yaşca daha böyük olanı şahzadə Sultan Məhəmməd on yaşında idi. Ümumi razılıq əsasında onun namizədliyi dəstəklənir. Qızılbaş əmirlərinin rəyi ilə 16 may 1642-ci ildə (16 səfər 1052) Sultan Məhəmmədin ikinci Şah Abbas adı ilə Kaşanda tacqoyma mərasimi keçirildi. Molla Kamal yazır ki, II Şah Abbas hakimiyyətə keçdikdən sonra özünün ilk fərmanı ilə məmalik-i məhrusədə şərabxanaların bağlanması və şərab anbarlarının dağıdılmasını əmr edir. Bu hökmə əsasən Şirazda sərkare xassəyə aid olan şərab çəlləkləri yerə axıdılır. Həm də borc dəftərlərində illər üzrə qeyd olunmuş vergi qalıqları silinir, yəni rəiyyət və sənətkarlar 1642-ci ilə qədər Şahlıq xəzinəsinə qalan borclarından azad edilirlər. O, hakimiyyətinin ilk günlərindən sarayı fitnəkar, özbaşına adamlardan azad edib xalqın rəğbətini qazanır. Bu istiqamətdə fəaliyyətini davam etdirib bütün nahiyələr üzrə əhalinin illərlə yığılıb qalmış 500 min tümən vergi borcunu onlara bağışladı və beləliklə, bütün məmləkət əhalisinin qəlbini ələ aldı. Rəiyyəti ağır işlərdən azad etdi. Bütün vilayət və mahal hakimlərinə fərman verildi ki, bundan sonra əhali ilə ədalətlə rəftar etsinlər.
II Şah Abbasın dövründə mərkəzi mülki, hərbi-inzibati idarələrdə, hakimiyyətin əyalətlərdə həyata keçirilməsində Qızılbaş-Türk əsilzadələri öz əvvəlki üstünlüklərini qoruyub saxlayırdı. Ancaq bu zaman əyalət hakimləri arasında çox nadir hallarda qulam hərbi əsilzadələrinə də təsadüf edilir ki, onlar türkləşmək zorunda qaldıqlarına görə qızılbaşların yerli idarəçilikdə mövqelərini zəiflətmir, bəlkə də möhkəmləndirirdilər. H. 1044 (m.1634-1635)-cü ildə qulam əsilzadələrindən Rüstəm xan Azərbaycan əyalətinə bəylərbəyi təyin edilmiş ancaq o, 1643-cü ildə tutduğu vəzifədən azad edilmişdi. Azərbaycana bəylərbəyi Qızılbaş-Türk əsilzadələrindən Şahbəndə xan Türkmanın oğlu Pirbudaq xan göndərilmişdi. Onu da qeyd etmək lazımdır ki, qulamlar içərisindən çıxmış məmurların dili türkcə olub, qızılbaşların yerli idarəçilikdə nüfuzuna təsir göstərmək iqtidarında deyildilər. Dini divanda Şeyxavəndlə qohum olan seyidlər üstünlük təşkil edir, onlara nəzarət divanında da vəzifələr verilirdi. Qəti şəkildə demək olar ki, II Şah Abbasın dövründə bu dövləti yaradan hərbi-siyasi qüvvə onu qoruyub saxlayırdı.
Türk və ərəb dillərində mükəmməl təhsil almış Oruc bəy Bayatın yazdığına görə, İspaniyada olduğu kimi, Səfəvi ölkəsində də nəcabətli əyanlara – əsilzadə, yəni Avropada qraf, markiz, hersoq, Azərbaycan və İranda isə bəy, sultan, xan titulları verilirdi. Ancaq müəllif Səfəvi ölkəsində bu rütbələrin daşıyıcılarının türk-qızılbaş tayfa əyanları olduğunu göstərib. Müəllifə görə, Şahın ən yüksək və şərəfli xidmətçiləri Ustaclı, saray nazirləri Şamlı, ədliyyə nazirləri (divanbəyi) Əfşar, hərbi rəislər Türkman, hersoqlar Bayat, Təkəli, Zülqədər, Çavuşlu, qraflar Asayışlı, Baharlı kimi Qaraqoyunlu tayfa əyanlarından idilər. Eyni zamanda, vilayət və şəhərlərə də hakimlər bu türk tayfa və oymaqların nəcabətli ailələrindən çıxmış əsilzadələrdən təyin olunurdular. Müəllifin qeydlərindən məlum olur ki, I Şah Abbasın və ondan sonrakı Səfəvi şahlarının dövründə də bütün imperatorluğun əsilzadə sosial zümrəsi Türk-Qızılbaş əyanlarından ibarət olmuşdu.
V.Minorskiyə görə, Səfəviləri hakimiyyətə gətirən və onların hakimiyyətinin qoruyucusu, dayağı olan Qızılbaş tayfa əsilzadələrinin XVI əsrin 80-ci illərində siyasi nüfuzunun güclənməsi Şah hakimiyyətinin özülünü zəiflətdiyinə görə, artıq dövlət özünün bütün gücü ilə ilk tərəfdarlarına qarşı mübarizəyə başlamışdı. I Şah Abbas islamı yeni qəbul etmiş və əksəriyyəti gürcü olan qulamların köməyinə arxalanaraq, Qızılbaş tayfa əsilzadələrini zəiflətməyə müvəffəq olub, hakimiyyətinin möhkəmləndirilməsində müəyyən uğur qazanmışdı. Ancaq hadisələrin sonrakı gedişi göstərir ki, I Şah Abbas təkcə ali hakimiyyətin mərkəzi strukturlarında çalışan yaşlı Qızılbaş əsilzadələrinin hüquqlarını məhdudlaşdırmaqla dayanmamış, o. əhalisinin çoxu qeyri-türklərdən ibarət olan Gilanda, Mazandaranda, Luristanda məhəlli sülalələri ləğv etmiş və bir çox senyor mülklərində isə irsi hakimlərin hüquqlarını da tam məhdudlaşdırmışdı. Göründüyü kimi, I Şah Abbas öz daxili siyasətində dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış, əslində onun möhkəmləndirilməsi tədbirlərini həyata keçirmişdi. Onun özünün hakimiyyəti zamanı və ölümündən sonra da Türk-Qızılbaş əyanları dövlətin idarə olunmasında öz mövqelərini əsasən qoruyub saxlaya bilmişdilər. Dövrün qaynaqlarından İskəndər bəy Münşi Türkmanın "Tarix-i alamara-yi Abbasi" adlı əsərində türk və qeyri-türk tayfaları və onların mərkəzi və yerli idarələrdə qulluqda olan əmirlərinin sayı haqqında 1576, 1628-ci illər üzrə iki siyahı var. Bu siyahılar üzrə hərtərəfli müqayisəli təhlillər taixçilikdə bu günə qədər XVI əsrin sonu – XVII əsrin əvvəllərində Səfəvi dövlət quruluşunda türk soylu qızılbaşların sıxışdırılması və qeyri-türk elementlərinin rolunun artması ilə bağlı olan fikrin əksini göstərir və I Şah Abbasın kadr siyasətinin sadəcə dövlət hakimiyyətinin möhkəmləndirilməsi məqsədini güddüyünü isbat edir. I Şah Təhmasibin hakimiyyətinin son ilinə aid olan siyahıda Şamlı, Ustaclı, Türkmən, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təklə, Xunusludan ibarət türk tayfaları mərkəzi və yerli idarələrdə çalışan əmirlərinin sayına, tutduqları vəzifələrin əhəmiyyətinə görə birinci yerdə dayanırdılar. Bu doqquz tayfaya cığataylar, yəni zahirən türk-moğol qəbiləsi, yaxud əslən Mərkəzi Asiyadan olan türk ailələri də əlavə olunmalıdır. Türk tayfalarından sonra Talış, Kürd (Ruzəki, Siyah-Mənsur, Pazuki, Ərdalan, Çəkəni, Lur (Abbasi) aşirətləri gəlir. Sonuncu yerdə isə Şeyxavənd (Səfəvi sülaləsinə qohum olan şəxslər) və Seyid Kəmunə ailəsi dururdu. İsgəndər bəy Türkmanın yazdığına görə böyük əmirlər, yüksək dərəcəli xanlar, böyük və kiçik sultanlardan I Şah Təhmasibin vəfatı zamanı ali divan dəftərində 114 nəfərin adı qeyd olunub ki, onların çoxu bu zaman təbil və bayraq sahibi olub, adıçəkilən mərhum həzərət Şah tərəfindən əmir rütbəsi ilə təltif olunmuşdular. Ancaq İsgəndər bəy Türkman əsərindəki siyahıda mötəbər və yüksək rütbəli əmirlər istisna olmaqla, digərlərinin adlarını çəkmir.
İsgəndər bəy Münşi Türkmanın "Tarix-i alamara-yi Abbasi" və Məhəmməd Yusif Qəzvininin "Xolde-bərin" adlı əsərlərindəki siyahıya (1576) əsasən Qızılbaş tayfalarından ən böyüyü Şamlı eli olub, dövlətin yaranmasında və Səfəvi sülaləsinin hakimiyyətə gəldiyi ilk günlərdən qulluq təcrübəsinə, hüququna, sədaqətinə görə oymaqların birincisi olmuş, onların içərisindən yüksək rütbəli əmirlər, xanlar çıxmışdı. Şah İsmayılın hakimiyyətinin ilk günlərindən böyük əmirlər və yüksək rütbəli xanların çoxu Şamlı tayfasından idilər. Belə ki, Şah İsmayılın lələsi Hüseyn bəy, Əbdi bəy və onun Durmuş xan, Hüseyn xan adlı oğulları, Zeynal xan, Ağzıvar xan böyük mənsəb, tiyul sahibləri olub, digər tayfaların əsilzadələrindən fərqli olaraq daha geniş üstünlüklərə sahib olmuşdular. I Şah Təhmasibin ölümü əsnasında Şamlılardan siyahıda adları qeyd olunan əmirlərin beşinin də təbil və bayrağı vardı. Onlardan Vəli xəlifə Avçı müqəddəs Məşhədin hakimi olub, digər əmirlərlə müqayisədə qoşunu daha çox idi. Fulad xəlifə Həmədan vilayətinin hakimi, Astrabadda bəylərbəyi vəzifəsindən azad olunmuş Süleyman xəlifə isə sarayda idi.
I Şah İsmayıl dövründə Ustaclı eli əsilzadələrindən bir çoxu böyük əmir olub, onlardan Diyarbəkr hakimi Xan Məhəmmədə (Ustaclı elindən Mirzə bəyin oğlu Məhəmməd bəy) I Şah İsmayıl xan titulu vermişdi və o, Ustaclıoğlu Məhəmməd xan adı ilə də tanınırdı. Qaynaqlarda adı gedən Qara xan onun qardaşı, Qılıc xan isə oğludur, Ustaclılardan Qara xan, Qılıc xan, Çayan sultan, Köpək sultan, Məntəşa sultan, Sədrəddin xan, Fərrux sultan, Abdulla xan və Çuxur-Səd hakimi Şahqulu sultan vəzifə və ölkə sahibləri olmuşdular. Qorçubaşı Sarı Pirə (1514-cü ildə Çaldıran savaşında ölmüşdü), Qarınca sultan, Bədir bəy, Kürd bəy, Hadi bəy, Sofu oğlu Əhməd sultan (Kirman valisi), Həmzə sultan, Tacəddin bəy kimi əmirlər də bu eldən idilər.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor