Gömrük qaydalarına dair yeni kitab nəşr olunub Hadisə

Gömrük qaydalarına dair yeni kitab nəşr olunub

Dövlət Gömrük Komitəsi (DGK) və Komitənin Akademiyası tərəfindən "Gömrük qaydaları (prosedurları) və məsuliyyət" adlı kitab nəşr edilib.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan gömrük xidmətinin yaradılmasının 25 illiyi ərəfəsində işıq üzü görən bu nəşrə ön sözü DGK sədri Aydın Əliyev yazıb.
Ön sözdə bildirilir ki, müstəqil Azərbaycanın gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və onun layiqli davamçısı prezident İlham Əliyevtərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində inkişaf edib. Gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində rolu daha da artırılmış, ticari-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi sadələşdirilib, bütün istiqamətlərdə gömrük işi beynəlxalq standartlara uyğun aparılmış və gömrük qanunvericiliyi təkmilləşdirilərək mükəmməl hüquqi baza yaradılıb.
Milli Məclis tərəfindən 1995, 1997, 1999 və 2001-ci il tarixlərdə müvafiq olaraq "Gömrük tarifı haqqında" Qanunu, Gömrük Məcəlləsi, Azərbaycan gömrük orqanlarının bayrağı və tanınma nişanlarının təsdiqi haqqında qanunlar qəbul edilmiş, həmin qanunlar və digər qanunvericilik aktları Azərbaycanda gömrük sisteminin formalaşmasında, gömrük işinin və tarif siyasətinin həyata keçirilməsində mühüm rol oynayıb.
Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, yeni Gömrük Məcəlləsinin də qəbul edilməsini zəruri etmişdir. Bununla əlaqədar, Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatın İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycanın yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanıb, 24 iyun 2011-ci il tarixdə Milli Məclisi tərəfindən qəbul edilib. Azərbaycan prezidenti tərəfindən qeyd olunan məcəllənin tətbiqi ilə bağlı 15 sentyabr 2011-ci il tarixdə Fərman imzalanmış və həmin Fərmana müvafiq olaraq Nazirlər Kabinetinin qərarları ilə 50-dən artıq normativ-hüquqi akt - Qaydalar təsdiq edilib.
"Gömrük qaydaları (prosedurları) və məsuliyyət" adlı kitabda məhz sözügedən qaydaların (prosedurların) müddəalarının pozulmasına görə daha çox tətbiq olunan Azərbaycanın İnzibati Xətalar və Cinayət məcəllələri ilə müəyyən edilmiş inzibati və cinayət məsuliyyətini nəzərdə tutan normalar öz əksini tapıb.
Qeyd edək ki, gömrük orqanlarının əsas vəzifələrindən biri də gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan normativ-hüquqi sənədlər barədə xarici ticarət iştirakçılarını məlumatlandırmaq, eləcə də onları izah etməkdən ibarətdir.
Bu baxımdan, "Gömrük qaydaları (prosedurları) və məsuliyyət" adlı kitab bilavasitə gömrük işini həyata keçirən gömrük əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları, xarici ticarət iştirakçıları, hüquqşünaslar, iqtisadçılar, DGK-nın Akademiyasında, digər ali təhsil müəssisələrində gömrük işi ixtisası üzrə təhsil alan tələbələr və həmçinin bu sahənin tədrisi, tədqiqi ilə məşğul olan mütəxəssislər və elmi işçilər tərəfindən istifadə üçün faydalı ola bilər.