Şəki üsyançıları Hadisə

Şəki üsyançıları

Adlı-sanlı qaçaqlar 30-cu illərə qədər sovet hökumətinin əleyhinə çıxır, məmurlara qarşı vuruşurdular
Şəki qalasındakı həbsxana camaatın yaddaşında qan çanağı, ölüm düşərgəsi kimi yaşayır

Bideyiz Şəki rayonunun, eləcə də Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin dörd tərəfini dağlar sıralayır, ortada ormandır. Şəkinin ayağından sola Bideyizə yol gedir. Ağacların baş-başa verdiyi alfalt yolun qurtaracağında tozlu-torpaqlı kənd yolu başlayır. Bu yol nə qədər insanları aparıb, gətirib, yola salıb. Ana nəslim Bideyizlə bağlıdır. Anam Sovqat Bideyizdə doğulub. Bideyizin sayılan-seçilən, ətraf kəndlərin əhalisinin bu günə qədər unutmadığı Hacı Nəbi oğlu Mustafa ağanın qızıdır. "Ətraf kəndlərin əhalisinin unutmadığı" ifadəsini təsadüfən işlətmədim. 1966-cı ilin yayında Orta Zəyzid kəndindəki yay düşərgəsinə gedirdim. Avtobusa iki-üç nəfər həmin kənddən olan yaşlı adamlar mindilər. Onların ən yaşlısına yerimi verdim. Qoca razılıq edə-edə kimliyimi soruşdu. Qeyri-ixtiyari olaraq "Hacı Nəbi oğlu Mustafa ağanın nəvəsiyəm" - dedim. Yaşlı adamın onun adını eşitcək ayağa durması məndə qürur hissi oyatdı. Sonralar nənəmdən, anamdan, xalalarımdan babamın sorağında oldum. Xalam Tamaradan atası haqqında xatirələrini yazmağı xahiş etdim.
Mustafa ağa 1870-ci ildə Bideyizdə anadan olub. Kəndin varlı adamlarından olan Hacı Nəbinin oğludur. Adına "Pıdır Mustafa" da deyərdilər. Ailədə iki qardaş idilər. Hələ uşaqlıq vaxtlarından öz ağlı, zəhmətsevərliyi, fərasəti ilə yaşıdlarından fərqlənirdi. Zəhmətsevərliyi, işgüzarlığı nəticəsində var-dövlət sahibi olmuşdu. Ancaq var-dövlətə həris deyildi. Deyilənə görə əliaçıq, səxavətli şəxs idi. O, insanı qiymətləndirir, öz əməyi ilə yaşamasını, başqasının əlinə baxmamağını istəyirdi. O vaxtlar kənddə Murad adlı yetim bir oğlan var imiş. Babam onun çalışqanlığını görüb karxanasında iş vermiş, kəndin mənzərəli yerində torpaq sahəsi ayırıb ona ev tikmişdi. O vaxtlar kənddə vəba xəstəliyi tüğyan eləyirdi. Murad da vəbaya yoluxur, babam nə qədər səy göstərir, Şəkidən həkim gətizdirir, dava-dərman elətdirir, onu ölümün pəncəsindən qurtara bilmir. Babam bu hadisədən çox qüssələnir. Onun tikdirdiyi evin qalıqları ələ də kənddə durur. Hacı Nəbi oğlu Mustafa ağa çox maarifpərvər adam idi. Kəndli balalarının oxuması üçün 4 sinifli məktəb tikdirmiş, burada ilk müəllimlərin dərs deməsi üçün şərait yaratmışdı. Mustafa ağa bu kəndlərin tanınan ağası idi. XVIII əsrin əvvəllərində kənd torpaqları Şəki xanına sədaqəti ilə seçilən adamlara paylanırdı. Belə güman etmək olar ki, Hacı Nəbinin də atası belə şəxslərdən olmuş, ona bağışlanan böyük torpaq payı vəfat etdikdən sonra xanın icazəsi ilə Hacı Nəbiyə keçmiş, axırda da irsən Mustafa ağaya qalmışdı. Babam qayda qoymuşdu: kim kənddə təzə ev tikdirsə, damın kirəmitini pulsuz aparacaq. Kim oğluna, qızına toy edərsə, toyun ətini pulsuz aparacaq. Toy sahibi toyun xeyir-duasını babamdan alar, babam da toy sahibinə cöngə bəxşiş verərdi. Mustafa ağa xeyirxahlığı ilə el arasında məşhur idi.
O vaxtlar Bideyizin indi unudulmaqda olan çox gözəl toy adətləri var idi. Mən bu yazıda kəndin qış toylarını təsvir edəcəyəm. Bəlkə də yaz, yay və payızda iş-güc çox olduğundan toylar da qışda olarmış. Deyilənə görə, o vaxtlar kəndə çox qar yağarmış. Kişilər səhər tezdən durub enli kürəklə qarı sovurar, müxtəlif istiqamətlərə yol açarmışlar. Toylarda gecələr böyük manqallar yanardı. Adamlar dairə şəklində oturardılar və həmin yanan manqaldan od götürüb adamların qarşısına isinmək üçün yığardılar. Toy qızışanda kəndin cavanları üst paltarlarını çıxarıb qar üstünə döşənmiş xalça-palazın dövrəsinə yığışar, bir-biri ilə qurşaq tutardılar, əsil zorxana qurardılar. Qalib gələnə toy sahibi bəxşiş verərdi. Kim belə soyuq havada bir köynəkdə güləşə çıxardısa, ən dözümlü, qorxmaz adam sayılardı. Gəlini atla aparacaq dəstədə azı iki yüz atlı iştirak edərdi. Oğlan evindən qız evinə qədər havaya güllə atılar, at çapardılar. Bəzi oğlanlar bir neçə dəfə qız evinə gedər, bir də geri qayıdıb dəstəyə qoşulardı. Kim neçə dəfə çox dəstədən dəsmal (cib yaylığı) aparıb qız evindən dəsmal gətirərdisə, bəxşiş alardı.
Xalam öz xatirələrində yazır ki, Bideyiz, Baş Küngüt, Çapağan, Aşağı Küngüt, Baş Daşağıl və başqa kəndlərdə babamın çoxlu torpaqları, tarlaları, zəmisi, bostan yerləri var idi. May-iyun aylarında babam iş-güc əlindən başını itirərdi, işlər bir-birinə qarışardı, arpa vağamlayar, darı tökülər, buğda sünbül olardı. Bütün taxıl əl ilə yığılar, xırmanda döyülər, küləyə verilər, təmizlənər, hazır məhsul alınardı. Hər kəndlinin öz işi olardı. Biçin vaxtı başqa kəndlərdən iş axtaranlar gələr, zəmini yarılığa biçməyə başlardılar. Məhsul çox olduğuna görə Mustafa ağa kəndlilərin ailəsini düşünüb yarılığa razı olardı. Deyərdi ki, xarab olub yerə tökülüncə kəndlilər aparsın.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bütün varlıların torpağı, varı, dövləti əllərindən alınır, kolxoz mülkiyyətinə verilirdi. Mustafa ağa da istisna deyildi. Torpaqlarını əlindən almış, özünü qolçomaq elan etmişdilər. Bu hadisə 30-cu illərə qədər davam etmişdi. Kəndlərdə sovetlər əleyhinə qaçaqçılıq hərəkatı baş qaldırmışdı, torpağı, varı-dövləti əlindən alınan ağalar, bəylər meşələrə çəkilir, qaçaqçılıq edirdilər. Qaçaq Abbas, Qaçaq Cəfər, Qaçaq Yunus kimi adlı-sanlı qaçaqlar sovet hökumətinin əleyhinə çıxır, məmurlara qarşı vuruşurdular. Bu hadisələr öz təbii axarını 30-cu il Şəki qiyamı ilə sona çatdırmış, qaçaqçılıq hərəkatı 1939-cu ildə Qaçaq Cəfərin, 1947-ci ildə isə Qaçaq Abbasın güllələnməsi ilə məğlubiyyətə uğramışdı.
Bu hadisələrlə əlaqədar olaraq bütün kəndlərdə erməni, rus əsgərləri əhaliyə divan tutur, varlı adamları həbs edir, sorğu-sualsız güllələyirdilər. Bu hadisələr Bideyizdən də yan keçməmişdi. Yenə gündəliyə müraciət edək: "Qara günlərimiz əmimin ölümü ilə başladı. Əmimin 90 yaşı var idi. Yaxşı dolanacağı, geniş torpaqları, evi və böyük mülkü var idi. 30-cu ildə erməni və rusların sovet quruluşunun qurulması ilə əlaqədar şəhər və kəndlər əsgərlərlə dolu idi. Onlar əmimin Əbülfət oğlunu öldürdülər, dəfn mərasimindən iki gün sonra əmim öz həyətinin qabağındakı bulağın novçasına söykənərək dəstəmaz alırdı. Bu zaman arxadan atılan güllə əmimi yerə sərir. Əmimin başmaqları novçanın üstündə qalır. Əmimi ayaqyalın palaz üstə qoyub evə aparırlar. Beləliklə, adlı-sanlı kişiləri bir-bir öldürürlər".
Qaçaq Cəfər kəndə gəlir, Mustafa ağa ilə görüşür, deyir ki, "ağa, onlar səni də öldürəcəklər, gəl bizə qoşul". Babam mahir atıcı idi. Göydə uçan quşu beşatılanı ilə gözündən vurmağı bacarırdı. Buna baxmayaraq Qaçaq Cəfərə cavab verir ki, artıq mən qocalmışam (o vaxt kişinin 60 yaşı var idi), dağda, meşədə yaşamaq mənim üçün çətin olar. Qaçaqlar Mustafa ağadan əllərini üzüb geri qayıtmışdılar. Bundan sonra Mustafa ağa darvazanın üstündə özünə pünhan yer düzəltmişdi, gündüzlər burada istirahət edər, gecələr bir yerə yığışıb tədbir tökərdilər, çıxış yolu axtarardılar. Mustafa ağanın böyük qardaşının (bu adam, yəni Rəsul, əslində Hacı Nəbinin kiçik qardaşı olub, Mustafa ağa onu qardaş gözündə görüb) birmərtəbəli evini yandırıb, ikimərtəbəli evini ştaba çevirdilər. Kəndin kişilərini ştaba toplayır, sorğu-sual edir, sonra Şəkiyə göndərirdilər. Mustafa ağa bu işləri seyr edir, dözə bilmirdi. O, qisas almaq üçün vuruşmaq istəyirdi. Uşaqları ilə görüşmək imkanı olsa da, bu, uzun çəkmir. Varlı adamlar üzə çıxsın deyə, onların arvad-uşağını ştaba, mal tövləsinə yığır, mənəvi əzab verirdilər. Tamara xanım yazır: "Biz 9 uşaq anaları ştabda saldat əlində, ataları isə çardaqda. Axşamlar tarlada sünbüllərin arasında gizlənirdik və bir gecə yaddan çıxıb beşikdə tarlada qalmışdım. Sağ-salamat idim, heç nə olmamışdı, qoyduqları yerdən tapdılar. Bizə baxacaq, dam altına yığacaq adam yox idi. Bacılarım gənc olduqlarından qorxub üzə çıxmırdılar. Belə bir vəziyyəti görən atam gizləndiyi yerdən çıxır və gedir əmimgildə düzəldilmiş ştaba, deyir axtardığınız Hacı Nəbi oğlu Mustafa ağa mənəm. Uşaqlarım başsızdır. Uşaqların anasını buraxın". Beləliklə, Mustafa ağanı həbs edirlər. Kənddə yeganə təhsilli olan Məmmədi də varlı oğlu olduğu üçün həbs edirlər. Üç gün ştabda saxladıqdan sonra Şəki qalasına aparırlar. O vaxtlar Şəkinin həbsxanası qalanın içində idi. Qalanın içindəki bu müdhiş yer Şəki camaatının yaddaşında qan çanağı, ölüm düşərgəsi kimi yaşayır.
Məhbusları burada bir neçə gün saxlayar, "üçlük" deyilən qəza inqilab məhkəməsinin qərarı ilə güllələyərdilər. Qabaqcadan onlar üçün özlərinə qəbir əvəzi çala qazdırar, hamısını çalanın üstündə güllələyib bura sərərdilər. Dayım Məmmədlə babam Mustafa bir yerdə həbsdə idilər. Bir-birilərini görsələr də, danışmaq, bir-birilərinə söz demək imkanları yox idi. Erməni və rus nəzarətçiləri onlara imkan vermir, beləliklə, onlar sakitcə oturub nəticəni gözləyirdilər. Gecənin bir vaxtı gəlib soyadları oxuyur, adamları sıraya düzürlər. Onların arasında Şəki qiyamında iştirak etmiş Göynük kəndindən olanlar da var idi. Onlar başa düşürlər ki, burada gizli bir məqsəd var. Odur ki, hay-küy qaldırır və kameradan səhər çıxacaqlarını deyirlər. Bu vaxt güllə açılır, onlardan biri yerə sərilir. Qalanlar bunu görüb sıraya düzülürlər. Mustafa ağa da sıraya düzülənlər içərisində olur. Əl hərəkətləri ilə oğluyla vidalaşır, işarə ilə nəsə demək istəyir. Məmməd tam başa düşmür, belə anlayır ki, atası nəyinsə yerini göstərir. Beləliklə, onlar bir-birindən ayrılırlar. Gecə saat 3-də 50 nəfər məhbusun üst paltarlarını soyundurub qazılmış çalanın başına yığır və güllələyirlər. Bu çala indi də durur. Qalanın həyətində, xəstəxananın yanında bir çökəklik var...

Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru