Repetitorluq edən müəllimlərin diqqətinə Hadisə

Repetitorluq edən müəllimlərin diqqətinə

Məktəblə aranızda müqavilə imzalanacaq


"Hər hansı bir təhsil müəssisənin özəlləşdirilməsi məsələsini aktual saymırıq. Təhsilin imkan daxilində uşaqlara əlçatan olması baxımından dövlət məktəblərinin olması daha məqsədəuyğundur".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, gələcəkdə bu məsələyə baxıla bilər.
İdarə müdiri müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə də toxunub. O qeyd edib ki, Bakı şəhərində müəllimlərin qiymətləndirilməsi keçiriləndən sonra təhlillər aparılıb və müəllimlərin fənn bilikləri müəyyənləşdirilib: "Məlum olub ki, aşağı, orta və yüksək səviyyədə müəllimlər var. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə diaqnostik qiymətləndirməsindən sonra nəticəsi orta səviyyədə olan müəllimlərin xüsusi təlimlərə cəlb edilməsi həyata keçirildi. İki il ərzində 3 minə yaxın müəllim bu müəllimlərə cəlb olunub. Bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Burada məqsəd müəllimlərin peşəyə girişdən sonra biliyinin artırılması deyil. İstərdik ki, müəllimlər məktəbdə işə başlayanda müvafiq fənn biliklərinə malik olsunlar. Kurrikulum əsasında tədris olunan fənlərdən texnologiya, fiziki tərbiyə, musiqi praktik fənlərdir. Diaqnostik qiymətləndirmə isə daha çox nəzəriyyə üzərindən aparılır. Bu səbəbdən həmin fənlər üzrə müəllimlərin biliyinin qiymətləndirilməsi daha aşağı nəticə olduğunu göstərdi. Ümumiyyətlə, bu, müxtəlif fənlərə şamil olunur".
Məhəbbət Vəliyeva onu da bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verib. Onun sözlərinə görə, qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır: "Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrin imzalanması nəzərdə tutulur".
M. Vəliyeva əlavə edib ki, yeni tədris ilindən məktəblərin fəaliyyətlərinə zidd olmayan fəaliyyətlər, müxtəlif idman, yaradıcılıq dərnəkləri təşkil edilib. Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlərin olduğunu deyən M. Vəliyevanın sözlərinə görə, müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb: "Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur".