“Çap mediası kağızı nağd vəsaitlə alır” Hadisə

“Çap mediası kağızı nağd vəsaitlə alır”

Sahib Məmmədov: "Azərbaycanda nağdsız hesablaşmalara keçilməlidir, amma tədricən..."

"Hazırda Qeyri-Hökumət Təşkilatlarının maliyyə vəziyyəti ağırdır". "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi" Liqasının sədri Sahib Məmmədov belə deyir.
O, problemin ilkin olaraq düzgün izah olunmamadan qaynaqlandığını bildirib:
"İlkin olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası banklara göndərdiyi məktubda prosesi düzgün izah etməmişdi. Palata sədri Rüfət Aslanlının QHT və bank rəhbərlərilə görüşündə məsələyə aydınlıq gətirildi. Və bildirdilər ki, bu həftədən etibarən vəziyyət düzələcək. Amma Beynəlxalq Bank və digər kommersiya bank rəhbərləri təntənəli surətdə vəd versələr də, bəzi təşkilatların problemi hələ də həll edilməyib.
Hazırda yalnız QHT-lər deyil, KİV-lər də ciddi problem qarşısındadırlar. Xüsusilə çap mediası kağızı nağd vəsaitlə alır. Yəni mən düşünmürəm ki, problem tamamilə həll olunub".
Sahib Məmmədov Palatanın nağdsız hesablaşmalarla bağlı siyasətini dəstəklədiyini qeyd edib:
"Palatanın siyasəti çox düzgündür, Azərbaycanda nağdsız hesablaşmalara keçilməlidir, amma tədricən. Mən də evdən çıxmadan bütün əməliyyatları internet üzərindən icra etmək istəyərəm.
Amma nəzərə almaq lazımdır ki, ölkədə ticarət və xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin çoxunun bank hesabı yoxdur. Xüsusilə rayonlarda infrastruktur sahələrində, yol kənarlarında fəaliyyət göstərən restoranlar, otellər və digər xidmət sahələrinin heç biri, o cümlədən mağazalar nağdsız ödəniş qəbul etmir. Əks təqdirdə xidmət göstərməkdən imtina edirlər.
Ona görə büdcədən aldığı vəsaitlərlə fəaliyyət göstərən yüzlərlə təşkilat pis vəziyyətdədir. Eyni zamanda ictimai vəsait olmadan, sadələşmiş vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər üçün 15 000 manatdan böyük əməliyyatlar icra etmək lazım gəlir. Onları nağdsız icra edə bilməyəndə başqa yollara əl atmalı olurlar. Hazırda vəsaiti nağdlaşdıran MMC-lər ortaya çıxıb. Hansı ki, vəsaiti yüksək faizlə nağdlaşdırırlar. Bir sözlə Palata qaş qoyduğu yerdə göz çıxarıb. İndi bunu etiraf etmək istəmirlər deyə, problem həll olunmadan qalır.
Palata sədri Rüfət Aslanlı təbliğat aparmağın üstünlüklərini vurğulayır. Amma mən hazırda dəftərxana ləvazimatı almaq istəyirəm. Hansı dəftərxananın hesabı var ki, mən oradan hesab götürüm? Bu gün İsveçrənin bu sahədə Azərbaycanla müqayisəsi çox gülüncdür. Rüfət Aslanlı çox savadlı insandır. Amma icra etmək istədikləri reallıqla uzlaşmır. Onun yanaşması siyasi baxımdan düzgündür. Ölkə başçısı da nağdsız hesablaşmalarla bağlı göstərişlər verib. Amma bunun üçün zəmin yaradılmalıdır".