"Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır"-Qüdrət Həsənquliyev Siyasət

"Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır"-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
Xalqcəbhəsi.az açıqlamanı təqdim edir:

- Qüdrət bəy, Qazaxıstan Prezidenti Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına TDT+ formatında, yaxud müşahidəçi statusunda qoşulması ideyasını irəli sürüb. Onun bu təklifini necə qarşıladınız?

- Tokayev çıxışında bildirib ki, təşkilatımızın nüfuzunu artırmaq məqsədilə Rusiyanın niyyətinə müsbət yanaşmaq və ona TDT+ formatında təşkilata qoşulmağı, yaxud TDT-nin fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etmək düzgün və ədalətli qərar olardı. O qeyd edib ki, "böyük dövlət olan Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb. Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıblar. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi "Altay – türk sivilizasiyasının beşiyi" layihəsini irəli sürür. Rus dilində də türk mənşəli xeyli söz var. Ümumilikdə, Rusiya türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilsəydi, bu, bütün dövlətlərimizə fayda gətirərdi".
Mən Tokayevin bu təklifini tam dəstəkləyirəm. Çünki Mərkəzi Asiya respublikaları Rusiyanın aparıcı rol oynadığı MDB-nin, Avrasiya İqtisadi İttifaqının, KTMT-nin üzvləridir və Rusiyanın bu dövlətlərin daxili və xarici siyasətinə ciddi təsir imkanları var. Rusiya zamanla TDT-nin yaranmasına və inkişafına ona görə mane olmayıb ki, bu dövlətlər vasitəsilə Türkiyə ilə yaxınlaşsın. Hazırda Türkiyənin Ermənistanla və Ukrayna ilə təmasları Rusiyanı qıcıqlandırır. Əgər Tokayevin təklifinə yox deyilsə TDT-nin dağılması, yaxud "adı olub, özü olmayan" təşkilata çevrilməsi prosesi başlayacaq. Tokayevin bu təklifinə həm də ona görə diqqətlə yanaşılmalıdır ki, Rusiya Federasiyasının tərkibində 8 türk
respublikası var. Mən çox arzulayardım ki, Azərbaycan, əgər istəyərlərsə, İranın, Çinin və Moldovanın da müşahidəçi kimi bu təşkilata qoşulmasını təklif etsin. İran əhalisinin az qala yarısı türkdür, soydaşlarımızdır, Moldovada Qaqauz türk muxtariyyəti, Çində isə Uyğur türk muxtariyyəti var. Türk dövlətləri həm də bu böyük dövlətlərlə əhatə olunub. Əvvəllər təklif etmişdim ki, İran və Türkiyənin iştirakı ilə keçmiş sovet respublikaları Avropa İttifaqı modelində bir Avrasiya Birliyi yaratsın. Bu, Avropa İttifaqı ilə Çin arasında yeni bir güc mərkəzinin yaranmasına səbəb olar, sülhə, təhlükəsizliyə və inkişafa böyük töhfə verərdi. Bu halda türk dövlətləri azad bazar iqtisadiyyatına asan keçid edə, sürətli iqtisadi inkişafa nail olardı. Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır. Bunsuz, çoxsaylı görüşlər, sammitlər, beynəlxalq tədbirlər qısamüddətli müsbət emosiyalar yaratsa da, dövlətlərin inkişafına, xalqların rifahına əhəmiyyətli təsir göstərməyəcək.