
ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahının yaxınlığında iki ədəd “Avenger” zenit-raket kompleksi yerləşdirilib. Raket sistemləri ABŞ Məxfi Xidmətinin artan təhlükə səviyyəsi ilə bağlı xəbərdarlığından sonra dislokasiya edilib.
Bu barədə “The Telegraph” məlumat yayıb.
“ABŞ Məxfi Xidməti yüksək təhlükə şəraitində fəaliyyət göstərir və mühafizəmiz altında olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün ən müasir vasitələri, texnologiyaları və metodları tətbiq etməklə mühafizə tədbirlərimizi daim uyğunlaşdırır”, - Məxfi Xidmətin nümayəndəsi bildirib.
ABŞ Məxfi Xidmətinin tələbi ilə Tramp Mar-a-Laqoda olduğu müddətdə iqamətgahın üzərindəki hava məkanı bağlanır. Qurum həmçinin təhdidlərlə bağlı əlverişsiz kəşfiyyat məlumatları və terror təhdidləri səbəbindən ərazi üzərində uçuşların daimi qadağan edilməsinə çalışır.
İlin əvvəlində Məxfi Xidmət mühafizəsi altında olan şəxslərə qarşı təhdidlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artdığını açıqlayıb.
“Hazırkı təhlükə mühiti gərgin, real və dəyişkəndir. Mar-a-Laqo üçün hava hücumu təhlükəsi daimi və əhəmiyyətlidir. Bu iqamətgah prezidentin əsas yaşayış yerlərindən biri olduğuna və o, dövlət başçısı kimi vəzifələrini tez-tez buradan yerinə yetirdiyinə görə, prezidentin konkret vaxtda orada olub-olmamasından asılı olmayaraq, təhlükə mümkün qədər minimuma endirilməlidir”, - qurumun direktor müavini Metyu Kuinn qeyd edib.
Təhlükə səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biri kimi ABŞ-İran qarşıdurması göstərilir. Bununla yanaşı, nəşr xatırladıb ki, son illərdə Tramp ABŞ vətəndaşları tərəfindən törədilmiş bir neçə sui-qəsd cəhdindən salamat çıxıb.
Məlumata görə, Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri Vest-Palm-Biç ərazisində müvəqqəti uçuş məhdudiyyətlərini pozan onlarla təyyarənin qarşısı alınıb. Əksəriyyəti məhdudiyyətlərdən xəbərsiz olan pilotların idarə etdiyi kiçik, tək mühərrikli təyyarələr olub.
Donald Tramp həftənin əvvəlində Ayova və Kanzas ştatlarında keçirilməsi planlaşdırılan seçkiqabağı tədbirlərini ləğv edərək, onları onlayn çıxışlarla əvəz edib. Vitse-prezident Ceyms Devid Vens də Minnesotada keçirilməsi nəzərdə tutulan mətbuat konfransından gözlənilmədən imtina edib.
ABŞ Məxfi Xidməti bu qərarların artan təhlükə səviyyəsi ilə əlaqəli olub-olmadığı barədə açıqlama verməyib. Ağ Ev də məsələ ilə bağlı şərh təqdim etməyib.
Bəzi ekspertlər Trampın səfərlərini ləğv etməsini Konqresə aralıq seçkilər ərəfəsində geri çəkilmə kimi qiymətləndiriblər. Amma prezident tənqidlərdən sonra qərarını dəyişib. “The Telegraph”ın mənbəsinin məlumatına görə, Tramp bazar günü yenə də Ayova və Kanzas ştatlarına səfər edəcək.