Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir İdman

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən təşkil olunmasını istəyir”.

Bunu FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis yarışın formatını yüksək qiymətləndirib. O bildirib ki, meydandakı oyunçu sayının azaldılması komandalar arasındakı fərqi aradan qaldırmağa kömək edir:

“Eyni zamanda, hər matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi”.

Venger turnirin texniki səviyyəsindən də razı qaldığını vurğulayıb:

"Bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir. Onlar bu keyfiyyətlərini də inkişaf etdiriblər. Texniki səviyyə çox yüksək idi. Ümumilikdə, meydanın bir tərəfindən digər tərəfinə sürətli keçidləri çox gördük. Bu format 11-ə 11 oyunda lazım olan səbr müddətini azaldır. Topu ələ keçirən kimi dərhal təhlükəli hücum təşkil etmək mümkündür. Bu da azarkeşlərin diqqətini daim oyunda saxlayır və onların futboldan zövq almasına şərait yaradır".