Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

13-cü yazı

Qeyd. Keçid üçün bu bir illik və hərəkət etməyən mülkiyyəti satmaq üçün beş illik müddət istisnasız olaraq İrandan Rusiyaya, əksinə deyil, keçənlərin xeyrinə qoyulmuşdu. Heç yerdə deyilməmişdi və deyilə də bilməzdi ki, biz təbəələrimizi ailələri və mülkiyyətlərilə buraxmalıyıq, zira bütün maddələr Azərbaycanın işğalına əsaslanmışdı, bizim ordumuz daxil olarkən çoxları bizə qulluq etmişdi və onları alçaltmış və qisasçı əvvəlki hökumətin qanunlarının şübhəsi altında daha qalmaq istəmirdilər.
Mənim fikrimcə, bu, traktatı şərh etməyin yeganə üsuludur: sakinlərin Rusiyadan İrana köçürülməsi haqqında isə heç yerdə deyilməyib ki, Rusiya hökuməti buna dözməlidir. Mən güman edirəm ki, əgər cənab-aliniz bu predmetə bundan sonra necə yanaşmalı olduqları haqqında bütün sərhəd rəislərinə təlimnamə göndərməyə iltifat etsə, lüzumsuz olmaz. On dördüncü maddə üzrə nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsindən çətinlik özünü tezliklə göstərdi və onun dəyişdirilməsi zərurəti ortaya çıxdı.
1842-ci il 12 noyabr. Peterburq. Çar I Nikolayın general Neydqardta reskriptindən:- ... Az əhəmiyyətli olmayan digər məsələ İranla sərhəddə sakitliyin möhkəmləndirilməsi ilə sıx bağlıdır.
Neydqardt A.İ. - general-adyutant, 1842-1844-cü illərdə Qafqazdakı rus qoşunlarının baş komandanı olmuşdu. Onun vəzifəsindən uzaqlaşdırılmasından sonra canişinlik təsis edilmişdi.
Türkmənçay traktatının XIV maddəsi ilə Rusiya və İran təbəələrinə bir dövlətdən digərinə sərbəst keçmək hüququ verilib. Bu maddəyə tez-tez olduqca geniş məna verilir və sərhəd sakinlərinə bəxş edilmiş köçmə azadlığı pislik üçün istifadə olunur. Bu narahatlıqdan yarananların qarşısını almaq üçün Tehran sarayı ilə traktatın XIV maddəsinin şərtlərinə izahedici qərar qəbul etmək məqsədilə danışıqlar başlayıb... Bu danışıqlar nəticəsində 1844-cü ildə Rusiya ilə İran arasında konvensiya bağlanmışdı. Konvensiyaya görə, hər iki dövlətin təbəələri bundan sonra, bir dövlətdən o birinə pasportsuz və rəislərinin formal icazəsi olmadan keçə bilməzdi; əgər pasportsuz keçmə halı baş versəydi, onda həmin şəxs ən yaxın sərhəd rəisliyinə və ya öz dövlətinin konsuluna qaytarılmalı idi; hər iki dövlətin təbəələrinin sərhədi keçmək üçün hökumətlərinə icazə haqqındakı bütün xahişləri yerinə yetirməli idi. XIX yüzilin 60-cı, 80-ci illərində iki dövlət arasında sərhədlərin keçilməsi xeyli dərəcədə sadələşdirildi.
On beşinci maddə ilə ermənilərin köçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) həyata keçirildi. Qriboyedov yazırdı ki, müqavilə onlara bunun üçün tam hüquq verirdi. Ermənilərin Şimali Azərbaycana, xüsusən Qarabağ, İrəvan və Naxçıvana köçürülşməsi geniş vüsət aldı. Sonuncu, on altıncı maddə müqavilə haqqında yerlərə məlumat verilməsindən, onun ratifikasiyasından bəhs edirdi.

***

Rusiya və İran arasında ticarətə dair 9 maddədən ibarət Xüsusi ticarət aktı imzalanmışdı. Müqavilə Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi. Fətəli şahın ratifikasiya fərmanı rus-türk müharibəsi zamanı (1828-1829-cu illər) Axalkalaki qalasını mühasirə edən rus ordusunun düşərgəsində Paskeviçə təqdim edildi. Bu barədə iyulun 29-da tərtib edilmiş protokolu Paskeviç, Qriboyedov, İran tərəfindən Mirzə Cəfər imzalamışdı.

* * *

1917-ci il fevralın 27-də Rusiyada Türkmənçay müqaviləsini bağlamış Romanovlar sülaləsi devrildi, Müvəqqəti hökumət (1917, mart-oktyabr) quruldu. Yeni hökumət çar Rusiyasının xarici siyasət xəttinə sadiq qaldığını bildirdi. Əsas dəyişikliklər bolşeviklərin hakimiyyəti ələ alması ilə baş verdi. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra elan olunmuş dövlət sənədlərində (1917-ci il 26 oktyabr (8 noyabr) - Sülh haqqında dekret; 20 noyabr (3 dekabr) - Rusiya və Şərqin zəhmətkeş müsəlmanlarına müraciəti və s.) xarici siyasətinin ümumi istiqamətləri, о cümlədən Şərq ölkələrinə münasibət əksini tapmışdı. Rusiyanın elan etdiyi xətlə konkret siyasəti arasında mahiyyət etibarı ilə bəzən kəskin fərqlərin olması belə diqqəti cəlb etmişdi. Sovet Rusiyası çar hökumətinin 1828-ci il Türkmənçay müqaviləsi ilə Azəbaycan torpaqlarını parçalamasına etinasız yanaşmışdı.

***

1918-ci il 14 yanvar. Petroqrad. Sovet dövlətinin İrana bəyanatından:
- Petroqraddakı İran səfirinə. Vətəndaş Səfir! Mən İran xalqı daxilində 1907-ci il ingilis-rus müqaviləsinin sonrakı taleyinə münasibətdə şübhə mövcud olduğunu əsas götürərək Rusiya Respublikası Sovet Hökuməti adından aşağıdakıları nəzərinizə çatdırmaq şərəfinə nailəm:
Xalq Komissarları Soveti İkinci Ümumrusiya Sovetlər qurultayı tərəfindən 1917-ci il oktyabrın 26-da təsdiq olunmuş beynəlxalq siyasət prinsiplərinə tam uyğun olaraq, 1907-ci il ingilis-rus müqaviləsini İran xalqının azadlıq və müstəqilliyinə qarşı yönəldiyinə görə həmişəlik ləğv olunduğunu elan edir. Xalq Komissarları Soveti tərəfindən, eyni zamanda, İran xalqının azad və müstəqil mövcud olmaq hüququnu hər hansı münasibətdə məhdudlaşdıran və ya əl-qolunu bağlayan, göstəriləndən həm əvvəl, həm də sonrakı bütün müqavilələri etibarsız və hər cür qüvvəsini itirmiş elan edir..."
...İran hökuməti cəmi bir ay sonra - 1918-ci il 14 (27) fevralda (Türkmənçay müqaviləsinin bağlanmasından 90 il sonra - K.Ş.) Rusiya Xalq Komissarları Sovetinin bəyanatına təşəkkürlə cavab verdi və İran hökumətinin xalqların azad razılaşma və qarşılıqlı hörmət prinsipi əsasında yeni müqavilələr, konsul konvensiyaları və digər aktlar bağlamaq üçün danışıqlar apaımağa tam hazır olduğunu bildirdi.
1917-ci ilin oktyabr - 1918-ci ilin may ayı dövründə baş verən hadisələr keçmiş Rusiya imperiyasının cənub ucqarında üç respublikanın yaranması ilə başa çatdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlaliyyət bəyannaməsi elan edildi.
1918-ci il 28 may. Tiflis. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlaliyyət bəyannaməsindən: - Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus ordulan tərəfindən tərkinə mövcud bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlanınn idarəsini bizzad kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü... Buna binaən arai-imümiyyə ilə intixab olunan Azərbaycan Şurayi millileyyi - islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kibi Cənub və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir... Azərbaycan Xalq Cümhuriyyəti Türkmənçay müqaviləsinə rəsmən münasibət bildirməsə də, respublikanın ərazisinə dair bəyanatda İranla mövcud sərhədlərə toxunulmadığı aydın olur.
1919-cu il iyul. Bakı. Y.V.Çəmənzəminlinin yazdıqlarından: - Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Çəmənzəminli Yusif Vəzir (1887-1943) - yazıçı, publisist və dövət xadimi. 1897-1909-cu illərdə Şuşa və Bakı realnı məktəblərində ibtidai təhsil almış, 1910-1915-ci illərdə Kiyev universitetinin hüquq fakültəsində oxuyub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatik işdə çalışıb. 1943-cü ildd repressiyaya məruz qalmışdı.
"Rus yıxıldı. Rus ilə İran arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı... Hansı nöqteyi-nəzərdən baxsaq, İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin "Azərbaycan" adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur..."

***

Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, İran ilk vaxtlar onu tanımaqdan imtina etmiş, Sovet Rusiyasının İranla qeyri-bərabər müqavilələri, о cümlədən Türkmənçayı ləğv etməsindən çıxış edərək 1919-cu ilin əvvəllərində Paris sülh konfransında keçmiş Azərbaycan xanlıqlarının ərazisinə iddia ilə çıxış etmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin səyi nəticəsində İranın mövqeyində dəyişikliklər əmələ gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında yaxınlaşma 1919-cu il dekabr - 1920-ci il mart arasında Bakıda Azərbaycan-İran danışıqlarının keçirilməsi, 1920-ci il mart ayının 20-də iki dövlət arasında dostluq, teleqraf, ticarət-gömrük və b. sahələrdə müqavilələr bağlanması ilə başa çatdı.
Bütün bunlarla birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin Cənubi Azərbaycana bütövlükdə Azərbaycanın tarixi tərkib hissəsi kimi baxması, orada baş verən hadisələri diqqət mərkəzində saxlaması, Azərbaycanın birliyinin təmin edilməsi fikri olmuşdu. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də onun devrilməsilə (1920-ci il 28 aprel) qurulmuş Sovet hakimiyyəti ilə eyni dövrdə olmuş, Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli hökumət (1920-ci il aprel-sentyabr) zamanı Azərbaycanın birləşdirilməsi üçün müəyyən şərait meydana gəlmişdi.
Xiyabani Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu (1879-1920) - 1905-1911-ci illər İran inqilabının iştirakçısı olmuş, Məclisə deputat seçilmişdir (1909-1911). 1920-ci il Təbriz üsyanının rəhbəri olmuş, Milli hökumət təşkil etmişdi. Şah qoşunlarının Təbrizə hücumu zamanı öldürülmüşdü. Görkəmli natiq və publisist kimi də məşhurdur.
Xiyabaninin nitqindən. 1920-ci il, 3 iyul:
- Biz ölkəmizdə milli hökumət qurmaq istəyirik. Azərbaycan çox zərərlər çəkib, zərbələrə düçar olub. O, özgələrdən və özününkülərdən xəsarət görüb. O, indi təmir və bərpaya möhtacdır. ... Azərbaycan SSR də İranla rəsmi münasibətlərdə mövcud olan sərhədlərdən çıxış edirdi.
Türkmənçay müqaviləsi əvvəlki kimi Rusiya və İran arasındakı münasibətlərin predmeti olaraq qalırdı. Lakin hər iki tərəf buna ehtiyac görmədiyindən onu rəsmən ləğv etmək və yeni münasibətlər qurmaq fikrində idi. Bununla əlaqədar olaraq tərəflər arasında 1921-ci il fevralın 26-da (Türkmənçay müqaviləsindən 93 il sonra - K.Ş.) Moskva müqaviləsi imzalandı.

Kərim Şükürov
tarix üzrə elmlər doktoru, professor